Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

Azərbaycan reallığının iyrənc rəzaləti

Avstriya prokuroru kimin ianə, kimin vicdan alqı-satqısı ilə məşğul olduğunu yerli-yataqlı qoydu ortaya

Cəmil Həsənli, Milli Şuranın sədri

Bu ilin yanvar və fevral aylarında keçirilən iki dövlət tədbirində dövlət başçısı İlham Əliyev rüşvətxorluq və korrupsiyaya qarşı mübarizədən ağız dolusu danışdı. O, çıxşlarında korrupsiya və rüşvətxorluğu “böyük sosial bəla”, “böyük yara” adlandırdı və əlavə etdi ki, Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır.
Bu sözlərin səsləndirildiyi iki dövlət tədbirindən heç iki həftə keçməmiş Vyanada Azərbaycan dövlətinin və dövlət məmurlarının, bəli, bəli, məhz dövlətinin və dövlət məmurlarının rüşvət və korrupsiya əməlində vasitəçilik etmiş Avstriyanın bank işçilərinin mühakiməsi başladı.

Prokurorun oxuduğu ittiham aktından belə məlum oldu ki, o vaxtkı Milli, indiki Mərkəzi Bankımız xalqı əskinazlarla təmin etmək üçün Avstriyada pul kəsdirib və pulla yanaşı 14 milyon avronun da qulağını kəsib. Yəni dövlətimizin xəzinəsindən və millətimizin cibindən 14 milyon oğurlayıb. Əgər bu 1400, 14 min, həttə 140 min olsayda belə buna rüşvət demək və bir sıra mətbuat orqanlarımızın yazdığı kimi "Pullar Mərkəzi Bankda kimlərin cibinə gedib?" sualını qoymaq olardı. Əgər söhbət 14 milyon avrodan gedirsə, bu iri həcmli korrupsiya faktıdır və hər manatın hesabı aparılan Azərbaycanın nə Milli, nə də Mərkəzi Bankı özbaşına bunu edə bilməzdi. Axı, Hacıbala müəllimin dediyi kimi, "Azərbaycanda bir kişi var, o, da cənab prezidentimiz İlham Əliyevdir".
Görün, prokuror Volkert Sakmann öz ittihamında nə deyir: “Rüşvət kimi ödənilən bu pullar Azərbaycan xalqına məxsus idi. Lakin rüşvət azərbaycanlıların pullarının hesabına ödənilsə də, Avstriyanın banknot çap edən şirkəti rüşvətxorluq və mənimsəməyə vasitəçilik ittihamından yaxasını kənara çəkə bilməz”. Sual olunur “rüşvət kimi ödənilən bu pullar Azərbaycan xalqına məxsus”dursa, bu xalqın Baş Prokurorluğu niyə səsini çıxarmır? Axı bu çirkin korrupsiya əməlini araşdırmaq Volkert Sakmanndan daha çox, Zakir Qaralova, bizim “şanlı” korrupsiyaya qarşı mübarizə komissiyasına aiddir. Fakt axtarırlar. Buyurun, bu da fakt.

Panamaya köçürülən milyonlar, 73 yaşlı Rumın qarısına peşkəş edilən Azərbaycan əlilinin-zəlilinin pulları, natəmiz əməliyyatlara görə cinayət ortağı olan Avstriyalı vəkillərə ödənilən 100 min “xidmət haqqı”, plastik kisələrdə şəxsi ünvanlara daşınan milyonlar və ünvanlı sosial yardım ala bilmədiyindən od vurub özünü yandıran Qarabağ qazisi. Budur Azərbaycan reallığının ağır mənzərəsi, iyrənc rəzaləti. Biz deyəndə ki, Azərbaycanda Misirdən, Liviyadan, Suriyadan daha harın bir diktatorluq hökm sürür, sözümüzü qəribçiliyə salırdılar. Görün təcrübəli prokuror Sakmann nə deyir: "OeBS" şirkəti Suriyanın Mərkəzi Bankı ilə də eyni sxemlə işləyib. Suriyalılar azərbaycanlılara baxanda daha təvazökar olublar. Onlar müqavilənin nominal dəyərinin cəmi 14 faizini geri tələb ediblər".

Azərbaycan isə 20 faizini. Əslində, Avstriya prokurorluğu bir az da dəqiqləşdirmə aparsa bu 21 faiz olmalıdır. Bank işçilərinin bu müamilədə qazancları, məhz, o 1 faizdir. Qalan məbləğ keçmiş Milli, indiki Mərkəzi Banklıq deyil, bilavasitə ölkənin siyasi rəhbərliyinə aid məsələdir. Artıq oturuşmuş büdcə talançılığının ilkin mənimsəmələri məhz bu “müqəddəs” rəqəmdən başlanır.

Hə, elə sonuncu müşavirədə İlham Əliyev bəyan etdi ki, “bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir... Ona görə, xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur”. Avstriya prokuroru kimin ianə, kimin vicdan alqı-satqısı ilə məşğul olduğunu yerli-yataqlı qoydu ortaya. Əhalisi ianəyə möhtac bir məmləkətin hakim elitasının vicdanı “plastik kisələrdən” xüruc edir. Necə bilirsiniz diplomatik poçt ilə Qarabağ sənədlərini deyil, millətdən oğurlanmış əskinasları daşıyan bir hakimiyyətin Azərbaycan siyasətində yeri olmalıdırmı?

Yazı Cəmil Həsənlinin Facebook səhifəsindən götürülüb/azadlıq/
1559 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:45