Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

Aşağı Güzdək sakinləri özlərini yandıra bilər - Foto

"Belə yaşamaqdansa, özünü yandırıb intihar etmək daha yaxşıdır"

Aşağı Güzdək sakinlərinin qaldırdığı problemlər hələ də həllini tapmayıb. Ötən gün redaksiyamıza müraciət edən sakinlər bildirib ki, ölkə başçısı İlham Əliyevə sonuncu müraciətdən sonra qəsəbə rəhbərliyində bir qədər tərpəniş olsa da, bu sadəcə gözdən pərdə salmaq üçündür.

Aşağı Güzdək sakinlərinin şikayəti kommunal problemlərlə bağlıdır. Sakinlər bildirir ki, qəsəbənin yolları bərbad vəziyyətdədir, işıq və su ya verilmir, ya da fasilələrlə verilir: "Ən acınacaqlı vəziyyət qəsəbənin aşağı hissəsindədir. Burada yaşamaq üçün ümumiyyətlə şərait yoxdur. Yol yoxdur, qışda bura maşınla gəlmək mümkün deyil. Elə ona görə də bu hissədən torpaq sahəsi alanlar illərdir ki, evlərini tikə bilmirlər. Su problemi var, demək olar ki, su üzü görmürük. İşığı isə özümüz güc-bəla ilə çəkmişik. Dirəklər basdırmışıq, lakin külək olan kimi dirəklər aşır, naqillər qırılır və biz işıqsız qalırıq. Qəsəbədə kanalizasiya sistemi ümumiyyətlə yoxdur. Qəsəbənin aşağı hissəsində dəmir yol stansiyasında göl var. Həmin göl kanalizasiya sularından yaranıb. Təsəvvür edin, yaydı burada üfunət iyindən baş çatlayır".

Qəsəb sakini Əli İbişov deyir ki, dəfələrlə Aşağı Güzdək bələdiyyəsinə müraciət edilib, lakin nəticə yoxdur: "Sanki bələdiyyənin bizimlə qərəzi var. Əllərini ağdan qaraya vurmurlar. Ona görə də biz prezident İlham Əliyevə müraciət etmişik ki, bəlkə bir çarə qılınar".

Qəsəbə sakini, 2-ci qrup Elşad Şeydayevin sözlərinə görə, ölkə başçısına sonuncu müraciətdən sonra bələdiyyə sədri onu qəbul edib: "Bələdiyyə sədri məni qəbul edərək dedi ki, narahatlığa ehtiyac yoxdur. Problemlər yoluna qoyulacaq. O, vəd verdi ki, fevralın 15-dən işlər başlanacaq. Lakin artıq neçə gün keçib, heç bir irəliləyiş yoxdur. Burada yaşamaq həm də çox təhlükəlidir. İşıq üçün yarımstansiyalar var. Hamısında naqillər açıqdır. Sakinlərin çoxu işığı yerlə çəkib. Sabah birinin uşağına bir şey olacaq, buna görə kim cavab verəcək?"

Sakinlər növbəti dəfə qəzetimiz vasitəsilə ölkə başçısına müraciət ediblər. "Biz prezidentdən xahiş edirik ki, bu məsələyə ciddi diqqət etsin. Məsələni şəxsən özü nəzarətdə saxlasın. Biz qısa müddətdə problemlərin həllini istəyirik. Ötən müraciətdə qeyd etmişdik ki, bəlkə biz də özümüzü yandıraq ki, problemlərimizə diqqət ayrılsın? Belə getsə, deyəsən bu barədə qərar verməli olacağıq. Belə yaşamaqdansa, özünü yandırıb intihar etmək daha yaxşıdır".

1539 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:35