Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

Xədicə İsmayıla ölkədən çıxmaq yasaq edildi

“Azadlıq” radiosunun prezidenti ittihamları “cəfəng və təhlükəli” adlandırdı; jurnalistin özü isə yeni araşdırmaların anonsunu verdi 

“Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı-jurnalist Xədicə Ismayıl yenidən Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində şahid qismində ifadə verib. Dindirmədə onun vəkili Elton Quliyev də iştirak edib. Xədicə Ismayıl ifadə verdiyi müddətdə prokurorluğun qarşasına çoxsaylı jurnalistlər, ictimai-siyasi fəallar da toplaşmışdı.

“Müstəntiqə dedim ki, mən sirr saxla ya bilmirəm”

Təxminən 3 saat çəkən dindirmədən sonra Xədicə Ismayıl jurnalistlərə açıqlama verərək bildirib ki, o, fevralın 20-də axşam saat 17.00-da yenidən ifadə vermək üçün prokurorluqda olmalıdır.
Xədicə Ismayılın sözlərinə görə, fevralın 18-dəki dindirmədə olduğu kimi, bu dəfə də ondan təkidlə bir neçə gün öncə “facebook”da yaydığı materialın mənbəyini açıqlamağı tələb ediblər: “Eyni sualı 20 dəfə təkrar edərək, mənə bu yolla təzyiq etmək cəhdi oldu. Ancaq mən də KIV haqqında qanunu xatırladaraq, mənbənin məxfi saxlanılması hüququmun olduğunu dedim. Söhbət əsasən bu barədə gedirdi”.
Dindirmənin sonunda jurnalistə ölkədən xaricə gedərkən bu barədə istintaqa məlumat verməli olduğu haqda xəbərdarlıq edilib: “Eyni zamanda, xəbərdarlıq etdilər ki, istintaq sirrini yaymayım. Mən də onlara dedim ki, mənə heç bir sirr verməsinlər. Çünki mən sirr saxlaya bilmirəm”.

Jurnalist onu da qeyd edib ki, o və vəkili cinayət işinin başlanmasına səbəb olan məlumatın həqiqi sənəd olub-olmadığı barədə müstəntiqə sual veriblər. Ancaq müstəntiq sualı cavablandırmayıb.

“Araşdırmalarım hazırdır, hətta başıma bir iş gəlsə də, dərc olunacaq”

Jurnalistlər Xədicə Ismayıldan gələcəkdə dərc etdirməyə hazırlaşdığı araşdırmaları ilə əlaqədar hansısa təzyiqlərlə üzləşib-üzləşmədiyini soruşublar. Xədicə Ismayıl bildirib ki, araşdırmalarını artıq yekunlaşdırıb: “Hazırda məlumatların redaktorlar və hüquqşünaslar tərəfindən yoxlanılması prosesi gedir. Istənilən halda, yəni, hətta başıma hər hansı bir iş gəlsə də, həmin araşdırmalarım dərc olunacaq. Çünki mən araşdırmanın materiallarını redaktorlara təqdim etmişəm”.

"O sənəd dövlət sirri sayılsa belə, sirrini 3 il qabaq itirib"

Xədicə Ismayılın vəkili Elton Quliyev “Azadlıq” radiosuna açıqlamasında bu işlə bağlı hüquq müstəvisində araşdırma predmeti görmədiyini bildirib: “Hər halda, bu proses başlanıb. Hansı dayanacağa qədər gedəcəyiksə, birgə gedəcəyik”.
Vəkil sözlərinə bunu da əlavə edib ki, cinayət işi Xədicə Ismayılla bağlı deyil, sənədin ictimailəşdirilməsi faktı üzrə başlanıb: “Bu məlumat artıq bir dəfə - 3 il əvvəl yayılıb. Ona görə də dövlət sirri sayılsa belə, 3 il öncə yayıldığından, sirrini elə o vaxt itirib. Bu səbəbdən məlumatın 2-ci dəfə yayılmasını cinayət yurikdiksiyasında araşdırmağa ehtiyac yoxdur”.

"Xədicə İsmayılın yaydığı material dövlət sirri sayıla bilməz"

Hüquqşünas Ələsgər Məmmədli “Turan” informasiya agentliyinə açıqlamasında bildirib ki, Xədicə Ismayılın yaydığı material məzmununa görə dövlət sirrinə aid edilə bilməz. Onun sözlərinə görə, dövlət sirri haqqında qanunda 4 kateqoriya məlumat müəyyən edilib: hərbi sirrə aid edilən məlumatlar, iqtisadi sahədə dövlət sirri, xarici siyasətdə dövlət sirri və kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətinə dair məlumatlar.
Ələsgər Məmmədli bildirib ki, hansısa müxalifətçinin fəaliyyətinə dair bilgi əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyəti baxımından dövlət sirri sayıla bilməz. Onun fikrincə, bu cür fəaliyyət növlərindən daxili siyasi məqsədlər, əsasən də müxalifətin gözdən salınması üçün istifadə oluna bilməz.
Ələsgər Məmmədli belə fəaliyyətin qanunsuzluğuna presedent kimi, Türkiyədə hay-küylü “Ergenekon” işini göstərib. Həmin işlə əlaqədar xeyli general və məmur həbs olunmuşdu.
Hüquqşünas qeyd edib ki, dövlət sirrinə aid edilən sənədlərin rekviziti, məxfilik qrifi (“məxfidir”, “tamamilə məxfidir”, “xüsusi dövlət əhəmiyyətlidir”) olmalıdır. Ələsgər Məmmədli vurğulayıb ki, Xədicə Ismayılın yaydığı mətndə belə rekvizitlər yoxdur.
Ələsgər Məmmədli hesab edir ki, istənilən halda, Xədicə Ismayıl dövlət sirrinin yayılmasına görə məsuliyyət daşıya bilməz: “Vətəndaşlar dövlət sirrinə çatımlı olsaydılar və onun yayılmaması üçün öhdəlik götürsəydilər, o zaman dövlət sirrinin yayılmasına görə məsuliyyət daşıyardılar”.
“Xədicə Ismayıl xidməti sirrin yayılmasına görə məsuliyyət daşıya bilərmi?” sualının cavabında ekspert deyib ki, xidməti sirrin yayılmasına görə məsuliyyəti onun saxlanmasına cavabdeh olan şəxslər daşıyırlar.

"İttihamlar siyasi motiv daşıyır"

Xədicə Ismayıla qarşı hakimiyyətin təzyiqilə əlaqədar Azad Avropa/Azadlıq Radiosu şirkətlər qurpunun prezidenti Kevin Klos da bəyanat verib: “Hökumətpərəst media tərəfindən dissidentlərin və müstəqil söz sahiblərinin şpionajda ittiham olunması Sovet dövründə geniş yayılmış bir hadisə idi. Təəssüf ki, keçmiş Sovet ölkələrində biz hələ də belə halları görürük. Xədicə Ismayıla qarşı sonuncu ittihamlar cəfəng olmaqla yanaşı, həm də təhlükəlidir”.
Kevin Klos əmindir ki, bu ittihamlar siyasi motiv daşıyır və jurnalistin təqib olunması məqsədilə uydurulub.

Qeyd edək ki, Xədicə Ismayıl 2 il bundan əvvəl sosial şəbəkələrdə Mustafa Kozlu adlı istifadəçi tərəfindən yayılmış sənədin foto-surətini ciddi redaktələrlə yayıb. Həmin sənədin dövlət sirrini əhatə etdiyi iddia olunur və bu əsasda fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 284.2-ci (Dövlət sirrinin yayılması, ağır nəticələrə gətirdikdə) maddəsilə cinayət işi qaldırılıb.
Jurnalist fevralın 18-də də Baş Prokurorluğun Ağır Cinayətlərə dair Işlər üzrə Istintaq Idarəsində şahid qismində dindirilib. Jurnalisti idarənin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən Sənan Paşayev dindirir./azadlıq/

1391 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP