Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

Güc strukturları Astaradakı hadisəni nəzarətə götürüb

Rayona kompüter mütəxəssisləri göndərilib, ərçivanlıları təhqir edən tutulsa da, boynuna almır; camaat icra başçısına üç gün möhlət verib
Astaranı qarışdırmaq istəyirlər. Rayonun Ərçivan kəndində söyüşə görə mitinq keçirilib və məsələ getdikcə böyüyür. Ərçivan kənd sakinləri sosial şəbəkədə təhqir olunublar. Fevralın 17-də günorta saatlarında buna etiraz olaraq polis şöbəsinə gedərək, məsələnin araşdırılmasını istəyiblər. Polis şöbəsində sözügedən məsələ ilə bağlı araşdırma aparacaqlarına söz verilib.

Lakin bu, gəncləri qane etməyib. Günün ikinci yarısında saat 3 radələrində təqribən 200 nəfər sakin kəndin ortasından keçən Bakı-Astara yolunu kəsib. Bundan sonra kəndin digər sakinləri də yola axışıblar. Hadisə yerinə polis qüvvələri gətirilsə də, sakinləri yoldan kənarlaşdıra bilməyiblər. Sakinlər rayon icra hakimiyyəti başçısını tələb ediblər.
Rayon icra hakimiyyəti başçısı Qəzənfər Ağayev, rayon prokuroru və polis rəisi etirazçılarla görüşüblər. Etirazçılara bu məsələni araşdıracaqlarına, günahkarın cəzalandırılacağına söz veriblər. Kənd sakinləri məsələnin araşdırılmasına üç gün vaxt veriblər.

Ərçivanda olan “Azadlıq” radiosunun əməkdaşı yazıb ki, kəndin 10 min əhalisi var. Onların 100-150 nəfərinin iş yeri var. Qalanı işsizdir. Buna görə də əhali qəzəblidir. Belə vəziyyətdə təhqir olunmaları kənd sakinlərini ayağa qaldırıb.

Aksiya 18-ci əsrin yadigarı - Məhəmməd Hənəfiyə məscidinin yaxınlığında baş verib. Məsciddə günorta saatlarında namaz qılanların da aksiya iştirakçılarına qoşulduğunu deyirlər. Məsciddə həmişə qələbəlik olur. Qəsəbənin 3 saylı məktəbinin müəllimi Əli Axundov deyib ki, sosial şəbəkədə təhqir olunmalarına pis baxır. Onun sözlərinə görə, əsas etirazçılar gənclər olub: “İcra başçısı gəldi, Qəzənfər Ağayev. Çıxış etdi. Söz verdi ki, 3 gün müddətində bu məsələ həll olunacaq”.

Ə.Axundovun dediyinə görə kənd sakinlərini təhqir edən aşkarlanaraq polisə aparılıb: “Artıq o adam tapılıb, polisdədir. Boynuna almır. Etiraf edir ki, mənim kompüterimdir, amma məlumatı mən verməmişəm. Biz ziyalılar görüşdük. Orda icra başçısı, polis rəisi və prokuror var idi. Bu adamlarla görüşdük.

Prokuror dedi ki, artıq bu işi Respublika Prokurorluğu bilir. Milli Təhlükəsizlik Nazirliyi nəzarətə götürüb. Kompüter mütəxəssisləri nazirlikdədirlər və onlar Astaraya gəlirlər. Bu işə görə gəlirlər. Bizə məlumat verməlidirlər. Əks halda yeni aksiyalar gözlənilir”.
Ə.Axundovun sözlərinə görə, insanların hislərinə toxunmaqla rayonda qarşıdurma yaratmaq istəyirlər. O, radikal dini qrupların da bu işdə əlinin olmalarını istisna etmir.
Məktəbin digər müəllimi Malik Həsənov da təhqiramiz ifadələrin şəkilini çəkərək qısa vaxt ərzində kənd sakinlərin arasında yayılmasını təsadüf hesab etmir. Onun fikrincə hər şey kənddə yaşayan narazı elektorata hesablanıb.

Astara rayon icra hakimiyyəti aparatının məsul işçisi Xanverdi Şirinov deyib ki, rayonun Pensər kənd sakinini polis saxlayıb. Həmin şəxs bildirib ki, onun profilini yaradaraq burada təhqiramiz ifadələr yerləşdiriblər. Özü də bundan sonra xəbər tutub. Astarada aksiya keçirilən saatlarda ərçivanlıların işlədiyi mərkəzi bazarın müəmmalı şəkildə yanması emosiyaları daha da qızışdırıb./musavat/
1369 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 08:16