Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

"Sovetski" sakinləri mitinqə hazırlaşır

Hökumətin göndərdiyi nümayəndə heyəti ilə yerli əhalinin razılaşması baş tutmayıb
«Bizə dedilər kvadratı 1500 manatdır, razı deyilsən, «xoş getdin»»

Evlərinin kvadratmetrinə verilən vəsaitlə razı olmayan "Sovetski" sakinləri fevralın 16-da etiraz aksiyası keçirdilər. 173 saylı məktəbin qarşısına toplaşıb, sözlərini dedilər. Yasamal rayon icra hakimiyyəti başçısının müavini Səməd İslamov aksiya keçirilən əraziyə gələrək, "Sovetski" sakinləri qarşısında çıxış edib. O, heç kimin evinin razılığı olmadan sökülməyəcəyi vədini verib. Bildirib ki, 50-100 nəfərlik qrup şəklində rayon İH və Maliyyə Nazirliyi təmsilçiləri ilə görüş olacaq. Xüsusi proqram hazırlanacaq, sakinlərin hamısı razı salınacaq. Səməd İslamov camaatı etiraz aksiyasını dayandırmağa çağırıb. Aksiya iştirakçıları tərkibi 5-10 nəfərdən ibarət Təşkilat Komitəsi yaradıldığını və tələbləri yerinə yetrilməsə, aksiyalara davam edəcəklərini bildirdilər. Xalqa söz verən hakimiyyət təmsilçisinə isə 3 gün vaxt verildi.

Həmin 3 gündə nə baş verdi?

Sakinlərdən Rəhilə Zöhrabova deyir ki, onlara verilən sözün elə səhərisi günü insanlar arasında parçalanma yaratmağa başladılar. Birinci üz tutduqları insanlar isə məhəllə ağsaqqalları oldu: "Biri özünü ağsaqqal seçib. İndi də ANS-dən gələnləri salıb evinə. Yarım saatdır içəridə nə isə danışırlar. Əgər yaxşı junalistdirlərsə niyə gəlib bizim problemimizlə maraqlanmırlar? Niyə konkret hansısa ünvana üz tuturlar? Yavaş-yavaş məhəllədəki ağsaqqaları da ələ alırlar. Əslində isə jurnalistin ünvanı olmamalıdır ".
Politoloq Azər Qasımlı da cumhuriyyet.info-ya açıqlamasında deyib ki, aksiya iştirakçılarını sakitləşdirmək üçün verilən vədlər hamısı zaman qazanmaq üçündür. Bu zaman ərzində isə onlar boş dayanmayacaqlar, aksiya iştirakçılarını, ayrı-ayrı "Sovetski" sakinlərini ələ almağa çalışacaqlar: "Sovetski"də bu aksiyanı həyata keçirən təşkilatçıları tapıb müxtəlif şəkildə onlara təzyiq göstərmək, ağsaqqallarla danışıb, onları maddi cəhətdən yola gətirmək istəyəcəklər. İnsanlar bu yolu gedəcəklərmi? Sual altındadır. Yoxsa geri çəkiləcəklər? "Sovetski" ağsaqqalları, bu aksiyanı həyata keçirən şəxslər əgər sona qədər özləri bunun üzrərində dursalar hesab edirəm ki, hakimiyyət geri çəkilmək məcburiyyətində qalacaq. Amma bir daha qeyd etmək istəyirəm ki, hakimiyyət hazırda vaxt udmaq istəyir, geri çəkilməyi düşünmür".

Nəhayət, Abid Şərifov "Sovetski" sakinləri ilə görüşdü...

Fevralın 19-da baş nazirin müavini Abid Şərifov sakinlərlə görüşdü. Görüşdə həm də Bakı meri Hacıbala Abutalıbov, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev və Yasamal rayonunu təmsil edən millət vəkili Ülvi Quliyev də iştirak edib. Sakinlər evlərin sökülməsi üçün bütün ev sahiblərinin razılığının alınmasını istəyiblər. Əsasən də sahəsi az olan evlərə görə veriləcək kompensasiya ilə bağlı narazılıq edib, mənzillərinin əvəzində onlara ev verilməsini tələb ediblər. Hazırladıqları müraciəti oxuyublar. Baş nazirin müavini Abid Şərifov sakinlərə müraciətlərinin nəzərə alınacağını, onlara bir həftə ərzində cavab veriləcəyini söyləyib: "Söküləcək evlərin yerində nə tikiləcəyi barədə sizə icra hakimiyyəti tərəfindən ətraflı məlumat veriləcək. Heç kəs buradan zorla köçürülməyəcək".
Yasamal rayon icra başçısı İbrahim Mehdiyev sakinlərin fevralın 16-da keçirilən aksiyadan sonra məsələnin ölkə rəhbərliyinə çatdırıldığını və bütün lazımi tədbirlərin görüləcəyini deyib. İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə yekun qərarın martın 3-də elan olunacağını deyib. Bakı meri Abid Şərifovun sədrliyi ilə yaradılan komissiya tərtəfindən lazım olan bütün işlərin görüləcəyini, bütün sakinlərə fərdi şəkildə yanaşılacağını və hər kəsin razılığının alınacağını deyib.

Sakinlər bu görüşdən razı qalıblarmı?

Adilə Məhərrəmova "Sovetski"də anadan olub, burada böyüyüb, indiyə qədər də başqa heç bir yerdə yaşamayıb. Deyir nə qaçqınam, nə də köçkün, bakılıyam, dərd də odur ki, başqa hardasa yaşaya bilmərəm: "Gərək şəhər mərkəzindən ev alım. Qiymətlər isə bahadır. Verdikləri kompensasiya isə nəinki şəhər mərkəzindən ev almağa, heç kəndə də yetmir. Hara gedə bilərəm? Dünənki görüşdə bizə dedilər ki, bir həftə vaxt verin, fikirləşək. Ancaq, biz razı olmadıq. Ağsaqallar Şurası dedi ki, bir günə cavab verirsinizsə, verin. Yoxsa, razı deyilik. Ona görə də biz mitinqə çıxacağıq. Görüşdə millət vəkili Ülvi Quliyevi də gördük. Ancaq heç nə danışmırdı. Sakitcə oturmuşdu kənarda. Düzü, onu birinci dəfə idi görürdüm. Şəxsən mən ona səs verməmişəm".
Fikrət Zeynalov da bu görüşdən razı qalmayıb. Deyir gəlib evini ölçüblər, ancaq kvadratmetrini çox az yazıblar. Görüşdə oğlu buna etiraz edib, ancaq fikir verən olmayıb: "Dünənki görüşə mən gedə bilmədim. Oğlum getmişdi. Razılığa gələməyiblər. Deyiblər ki, ayın 3-də yenidən görüş olacaq. İndi razılığa gəlməyən 5 gündən sonra niyə gəlsin ki? Anlamıram. Mən bilirəm biz də Basinin taleyini yaşayacağıq".
Leyla Hüseynova isə evinin söküləcəyi ilə bağlı xəbəri eşidəndə çox sevinib. Ancaq bu sevinci uzun sürməyib: "Elə ki gəlib evimin kvadratını hesabladılar. Elə həmin günü təbəssümümüz üzümüzdə qaldı. Verilən pula heç nə eləmir. Dünənki görüşdə dərdimi dedim. Mənim problemimə bir kəlmə ilə cavab verildi: "xoş getdin...". 1500 manat verirlər. Buna da pul deyirlər. O pula mən heç nə ala bilmərəm. 3 qızım və nəvəmlə yaşayıram. Gərək azı 2 otaqlı ev alam. Onu da ki, ancaq yuxuda görərəm. Bu insanlar özlərindən o qədər razıdılar ki, cənab prezidenti də saymırlar. Onun sözünə əməl etmirlər. Halbuki prezident televiziyada çıxışı zamanı demişdi ki, insanları incitməyin. Ancaq onu saya salan yoxdur".
Sevda Bədəlova da dünənki görüşdən razı qalmayıb. Deyir ilk öncə onları kabinete çağırtdırıblar. Bu zaman evlərinin kvadratını olduğundan çox-çox aşağı hesablayıblar. O buna etiraz edəndə isə "xoşundu razılaş, deyil çıx bayıra", - deyiblər. Bir sözlə də rədd ol! Bizə göstərilən münasibət insanlıqdan çox-çox uzaqdır. Biri deyir 33 kvadratmetrdir, o biri deyir yox, 31-dir. Sonda dedilər ki, 32 kvadratmetrdir. Bizə bilirsiniz nə dedilər? Sözümüzü deməyə belə imkan vermədilər. " razı deyilsiniz? Onda xoş getdiniz". Bircə kəlimə. Sizcə bütün bunlar bizi nə gözlədiyini demir?"./bizimyol/
1417 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 18:54