Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

“Sovetski”dən sonra Bayıl söküləcək

Sürüşməyə meylli ərazilərdə yaşayanlara şifahi xəbərdarlıq edilib; sakinləri isə kompensasiya maraqlandırır...

Hazırda Bakının qədim məhəllələrindən biri olan “Sovetski” sökülür. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunan plana görə, sökülən evlərin yerində hansısa bir yaşayış binası və ya obyekt tikilməyəcək. Evlər ərazidə salınacaq parka görə sökülür. Həm də evlərin bir çoxu köhnə və yöndəmsiz olmaqla yanaşı qəzalı vəziyyətdədir.

Bakıdakı söküntü bumu “Sovetski” ilə yekunlaşmır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi paytaxtda söküləcək ərazilərin adlarını aylar öncəsindən açıqlayıb. “Sovetski”, “Kubinka”, “Papanin”də söküntü işləri həyata keçirilir. Bakının mərkəzi hissəsində yaşıllıq normadan xeyli azdır. Dövlət komitəsi hesab edir ki, paytaxtda yaşıllığın artırılması ilə bağlı ayrı-ayrı tikililər, heç bir tarixi əhəmiyyəti olmayan, texniki cəhətdən dayanıqlığını itirmiş və insan həyatı üçün təhlükəli olan binalar sökülməlidir.

Növbəti söküntü dalğasının isə Bayıl yamacında olan evləri əhatə edəcəyi deyilir. Çünki hazırda Səbayel rayonunda Bayıl yamacı kimi tanınan ərazidəki evlərin bir çoxu qəzalı və yaşayış üçün təhlükəli vəziyyətdədir. Sakinlərdən “Yeni Müsavat”a verilən məlumata görə, ötən il baş verən ard-arda sürüşmə hadisələrindən sonra aidiyyəti orqanlar evlərə baxış keçirərək onlara şifahi şəkildə bildiriblər ki, evləriniz sökülməlidir. İndi sakinləri təkcə evlərinin sökülməsi deyil, həm də onlara veriləcək kompensasiya maraqlandırır. Çünki Bayıl yamacında tikilən evlərin çoxu sahəsinə görə elə də böyük deyil. Ərazidə yaşayanlar deyirlər ki, həyətyanı sahələri böyük olsa da, o vaxt bu ərazidə iki mərtəbəli, böyük ev tikməyə icazə verməyiblər. Ərazi sürüşməyə meyllidir və torpaq yetərincə ağırlıq daşıya bilmir.

Hazırda sürüşmə təhlükəsinin daha da intensivləşdiyi Bayıl yamacında ən ağır vəziyyətdə olan evlər Xanlar küçəsində yerləşir. Küçədəki evlərin çoxu ölkəmizdə keçirilən “Eurovision” yarışması ərəfəsində sökülüb. Digərləri isə qəzalı vəziyyətdədir. Dərin çatlar meydana gələn evlərə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları baxış keçirərək rəy veriblər. FHN əməkdaşlarının yazdığı rəydə isə qeyd olunur ki, təkcə Xanlar küçəsində 40-dan çox ev qəzalı vəziyyətdədir və yaşayış üçün çox təhlükəlidir.

Sakinlərin sözlərinə görə, əslində normal qiymətləndirmə aparılsa problemsiz evlərindən köçərlər. Xanlar küçəsində yaşayan Bəsti Məmmədova deyir ki, evinin təmirinə 10 min manat xərcləyib, iki gün sonra sürüşmə olub və hazırda evi yararsız vəziyyətdədir: “Dövlət vətəndaşını başa düşsün. Heç kəs istəməz ki, burda iç-içə evlərdə yaşasın. Köçürülmə ədalətli olmalıdır. Evimin ümumi sahəsi 60 kvadrat metrdir. 10 sot da həyətim var. Evə pul verirlər, həyətə yox. Niyə? Axı torpağın mənə aid olması ilə bağlı sənəd var”.

Sonuncu dəfə ötən ilin fevralında bu ərazidə qaya parçalarından qopan daşlar evlərin üzərinə yuvarlanıb. Bəzi sakinlər isə mənzillərinin heç bir sənədi olmadığı üçün məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edə bilmədiklərini söylədilər. Hazırda paytaxtın Əhmədli, Zığ şossesi, Masazır gölü, Qaraçuxur, Bayıl yamacı ərazisindəki sürüşmə zonalarında aktivləşmə var. Bayılda sonuncu uçqun hadisəsindən dərhal sonra əraziyə mütəxəssislər baxış keçirib və oradakı sakinlərin evakuasiyası məqsədəuyğun hesab olunub.

Bu barədə təkliflər planı hazırlanaraq, Nazirlər Kabinetinə təqdim edilib. Nazirlər Kabineti isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təkliflərinə baxıldıqdan sonra yekun qərarı açıqlayacaq. Amma buna baxmayaraq, sürüşmə zonası hesab edilən Şəhidlər Xiyabanına yaxın ərazilərdə tikinti işləri həyata keçirilir. Ekoloqlar isə hesab edir ki, qrunt sularını və ərazinin sürüşməyə nə qədər meylli olduğunu öyrənmədən bu ərazidə tikinti aparmaq olduqca təhlükəlidir./musavat/
1489 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber