Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

"Ya Hacıbala rədd olmalıdır, ya biz millət olaraq buna layiqik”

Hacıbala Abutalıbovun səsləndirdiyi fikir YAP-a şamil olunub

Uzun illərdi hakimiyyət təmsilçiləri bu ölkənin insanlarını müxtəlif formalarda təhqir edirlər. Hətta ölkə başçısı müxalif düşüncəli insanları ünsür, element, antimilli adlandırmaqdan da çəkinmədi. Son olaraq isə Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azərbaycan kişisinə “qiymət” verdi və “Azərbaycanda bir kişi var, o da cənab prezidentdir” söylədi. Bu fikirlər sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrildi və insanların haqlı narazılığına səbəb oldu.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə AzNews.az-a açıqlamasında bildirib ki, iqtidar nümayəndələrinin səsləndirdiyi fikirləri pis yerə yozmaq, müxalifətin köhnə adətidir: “Bunu niyə başqa istiqamətə yönəldirlər? Bu gün Azərbaycan adından danışmaq, ölkəni təmsil etmək hüququnu xalqımız prezident Ilham Əliyevə həvalə edib. Hacıbala müəllim səsləndirdiyi fikirdə bunu demək istəyir. Hər bir fikri başqa istiqamətə yönəltmək, onsuz da müxalifətin peşəsidir”- deyə Siyavuş Novruzov bildirib. Deməli, Hacıbala Abutalıbovun “tarixi” sözlərinin günahkarı da müxalifət imiş.

Hacıbala Abutalıbovun səsləndirdiyi fikirlərə Milli Şuranın sədri Cəmil Həsənli qısa olaraq belə şərh verdi: “Hacıbala Abutalıbov YAP Siyasi Şurasının üzvüdür, onun fikirlərinə münasibət bildirən Siyavuş Novruzov da icra katibinin müavinidir. Hesab edirəm ki, Abutalıbovun səsləndirdiyi ”kişi" sözü YAP-a şamil edilib və ümumi Azərbaycan kişisinə aidiyyəti yoxdur".

Tanınmış ziyalı Kamil Vəli bildirdi ki, belə ifadə işlətmək normal düşüncənin məhsulu deyil: “Bu elə bir ifadədir ki, evdə də işlətmirlər. Evdə ata da bunu təkrarlamağa ehtiyac görmür. Elə həqiqətlər var ki, onu hamı bilir. ”Prezident ölkənin yeganə kişisidir" ifadəsi hansı psixologiyadan irəli gəlir, niyə səsləndirilir, bilmirəm. Bu, normal düşüncənin məhsulu deyil. Əgər bu ifadəni ciddiyə alsaq, belə çıxır ki, yerdə qalan adamlar nakişidir və çox arzuolunmaz nəticələr ortaya çıxır. Digər tərəfdən, belə çıxır ki, bu ölkə elə bir vəziyyətə düşüb ki, cəmi bir kişisi var. Rəhbərlikdə təmsil olunan bir şəxsin belə ifadə işlətməsi yaraşmaz haldır. Bu həm acı gülüş, həm təəssüf doğurur, həm də ölkənin qeyri-ciddi atmosferdə olduğunu göstərir. Görünür, ölkədə elə vəziyyət yaranıb ki, “kişi” məfhumunun dəyəri dəyişib. Siyavuş Novruzov elə imic formalaşdırıb ki, ondan belə sözlər eşitmək olar. Ancaq Hacıbala Abutalıbovun ağsaqqal yaşında belə fikirlər səsləndirməsi təəssüf doğurur".

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov hesab edir ki, belə bir ifadənin səsləndirilməsi ilk növbədə prezidenti aşağılamaqdır: “Hacıbala Abutalıbovu çoxdan tanıyıram və onun əcaib sözləri Azərbaycanda məhşurdur. Bu hakimiyyətin dövründə belə adamların altına qalın döşək saldılar. Normal ölkədə bu səviyyədə adamı nəinki şəhər meri, beşinci dərəcəli vəzifəyə də təyin etməzlər. Bütün mətbuat onun oğlunun ”dini" fəaliyyətindən yazır. Digər tərəfdən, bu adamın proyektləri dünyanın hər yerində Azərbaycanla bağlı qeyri-ciddi fikir formalaşdırıb. Kimin kişi olub, kimin kişi olmadığını Hacıbala müəyyənləşdirə bilməz. Həm də hesab edirəm ki, belə ifadə işlətmək prezidentin özünü də aşağılamaqdır. Ancaq Hacıbaladan belə fikirlər gözləmək olar və onu ciddi qəbul etmək düzgün deyil".

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli öz “facebook” səhifəsində Abutalıbovun fikirlərinə belə münasibət bildirib: “Bu nə biabırçılıqdır! Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov rəsmən bu milləti təhqir edib! Bunu da yedizdirəcəklər bizə? Budur xalqın xidmətçiləri? Insanlar mütiləşdikcə, məmurlar azğınlaşırlar! Biz özümüzə hörmət qoymayınca, heç kim bizə hörmət qoymayacaq! Mən qadın ola-ola bu təhqiri həzm edə bilmirəm. Ya hacıbala rədd olmalıdır, ya biz millət olaraq buna layiqik”./azadlıq/
1470 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi