Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

Astarada yenə gərginlik yaşanır

Astaranın Ərçivan kəndində əhali ilə yerli hökumət arasında yenə də gərginlik yaşanır. Səbəb kəndin “Odnoklasniki” sosial şəbəkəsində təhqir edilməsi, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının isə bu təhqirə yol verənin tapılması ilə bağlı sakinlərin tələblərinə məhəl qoymamasıdır.

Xəbər verdiyimiz kimi, kənd sakinləri bir neçə gün qabaq bununla bağlı etiraz aksiyası keçirib, Astara-Bakı yolunu bağlamışdılar. Sakinlər yerli hakimiyyətə tələblərinin yerinə yetirilməsi üçün 3 gün vaxt vermişdilər.

Bu gün isə kənddə həbslər olub. Virtualaz.org bildirir ki, bu barədə azadliq.info-ya yerli mənbələrdən bəlli olub. Məlumatda deyilir ki, bir neçə nəfər saxlanaraq, polisə aparılıb. Həbslər kənd sakinlərinin bir neçə gün qabaq keçirdiyi aksiya ilə bağlıdır. Həbs edilənlərdən yalnız birinin adını dəqiqləşdirmək olub – Famil Şükürov.

Bundan başqa, kənddə qara maskalı əməliyyatçıların da peyda olduğu deyilir. Bu isə kənd camaatında hansısa əməliyyatın həyata keçiriləcəyi haqda təşviş yaradıb.

Hazırda sakinlər kəndin mərkəzində toplaşaraq polsiə aparılanların aqibətindən xəbər gözləyirlər. Saxlanılanların buraxılmayacağı təqdirdə kənddə böyük etiraz aksiyasının keçiriləcəyi gözlənilir.

Kənd sakinlərindən Vaqif Əhmədoğlu deyib ki, baş verənlərə görə icra başçısı Qəzənfər Ağayev məsuliyyət daşıyır. Çünki o, kənd sakinlərinin tələbinə qulaq asmaqdansa, özünə yaxın şəxsləri ağsaqqallar adı altında yığaraq iclas keçirib, vəziyyətdən çıxmağa çalışır.
1620 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:09