Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

Azərbaycan Braziliya yığma komandası

Azərbaycan yığması, yoxsa legionerlər komandası?

Azərbaycan idmanında inkişafın olmadığını desək, ədalətsizlik edərik. Çünki ölkə rəhbərliyi səviyyəsində gənclərin idmanla məşğul olması üçün kifayət qədər şərait yaradılıb. Lakin Azərbaycanı beynəlxalq arenada təmsil edən komanda şəklindəki idman növlərində müəyyən problemlər acınacaqlı vəziyyəti ortaya qoyur.

Söhbət Azərbaycanın futzal üzrə yığma komandasından gedir. Məlum olduğu kimi ötən gün yığmamız (belə demək olarsa) Avropa Çempionatında fiaskoya uğradı. Əslində hansısa idman turnirində istənilən iştirakçının məğlubiyyəti faciə olmasa da, Azərbaycan millisi üçün bunu deyə bilmərik. Çünki əksəriyyəti braziliyalı futzalçılardan ibarət yığmamız iki oyuna 13 qol buraxaraq, Avropa Çempionatında iştirakını dayandırdı.

Maraqlıdır ki, Azərbaycanın futzal üzrə yığma komandasının heyətinə baxdıqda izləyiciləri sözün əsl mənasında gülmək tutur. Çünki başa düşmək olmur ki, bu Braziliya yığmasıdır, yoxsa Azərbaycan. Buranello, Felipe, Edu, Amadeu, Rafael, Auqusto və Biro Jade kimi futzalçıların çıxış etdiyi yığmada əsas heyətdə sadəcə, Rizvan Fərzəliyev və Rəcəb Fərəczadəni gördükdə ürəyimiz qismən açılır.

Hər hansı bir komandada legionerin çıxış etməsi problem sayılmır, yığmanın məhz milliləşdirilmiş xarici vətəndaşlardan ibarət olması heç də yaxşı bir şey deyil. Bu, ən azından Azərbaycanda futzalın inkişafının qarşısını alır və yerlilərin sənətlə vidalaşmasına səbəb olur.

Ümid edirik ki, nə zamansa Azərbaycan Futzal Fedarasiyası yığma komandanı braziliyalılardan deyil, məhz azərbaycanlı oyunçulardan ibarət mübariz heyətlə təmin edəcək. Hər halda bu işi görmək qurum üçün ən vacib amillərdən biri olmalıdır./faktxəbər/
1399 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber