Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2014

Hökumətin qərarı tələbələri ayağa qaldırdı

Kəsirə görə əlavə pul ödənilməsinə etiraz edən universitet gəncləri izdihamlı aksiya keçirdi; bu gün BDU-da etirazçılarla görüş olacaq

Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının təsdiq edilməsi haqqında” qərarına qarşı çıxan Bakı Dövlət Universitetinin (BDU) tələbələri fevralın 20-də “Kəsir üçün pul verməyək!” şüarı ilə aksiya keçiriblər.

Fevralın 15-də qüvvəyə minən qərara əsasən, hər hansı bir fəndən kəsiri olan tələbə əvvəlki illərdən fərqli olaraq, oturduğu alt qrupda həmin kəsiri bağlamaq üçün müəyyən məbləğ ödəməlidir. Qərarla razılaşmayan tələbələr də bu əlavə ödənişə etiraz edirlər. Hələ əvvəlcədən tələbələr facebook sosial şəbəkəsində “Kəsir üçün pul verməyək!” adlı dəvət yaradaraq çağırış mesajı yaymışdılar. Aksiya fevralın 20-si saat 13:30-da Bakı Dövlət Universitetinin əsas korpusunun qarşısına təyin edilmişdi. 

Dövlət rəsmiləri və universitet rəhbərliyi çox çalışıb ki, aksiyanın qarşısını alsın. 
Əvvəlcə fevralın 11-də BDU-da bu məsələ ilə bağlı görüş keçirilib. Görüşü BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) təşkil edib. Tədbirin əsas təşkilatçılarından olan THİK sədr müavini Fərahim Barat “Yeni Müsavat”a deyib ki, tələbələri görüşə çağırmaqda əsas məqsəd onları bir daha dinləmək və tələbələrlə müvafiq izahat işi aparmaq olub: “Məlum qərarın normal bir qərar olduğunu, oxşar qərarların Avropa məkanında çoxdan icra olunduğunu onlara izah etmək istədik. Əlavə olaraq onu da qeyd etdik ki, alt qrupdan kredit götürən tələbələrin təhsil haqqının ödənilməsində müəyyən güzəştlər olunacaq”.
Amma bütün səylərə baxmayaraq, dünən tələbələr öz etirazlarını bildirdilər. Aksiya başlamamışdan öncə polis qüvvələri universitetin həyətində öz yerlərini almışdılar. Öncə universitetə gələn bütün jurnalistlərə heç bir aksiyanın olmayacağı deyildi və korpusu tərk etmələri tələb olundu.

“Yeni Müsavat”a açıqlama verən BDU-nun  Mətbuat və İnformasiya Şöbəsinin rəhbəri Pərvanə İbrahimova bunları bildirdi: “Tələbələr elə başa düşüblər ki, bütün alt qruplar pul ödəməlidir. Bu tamamilə yanlış fikirdir. Əgər tələbənin krediti 30-a qədərdirsə o, alt qrupda pulsuz oturacaq, tələbənin krediti 30-dan çoxdursa, o zaman pul ödəməli olacaq. Bu sistem sadəcə BDU-də tətbiq edilmir, bu bütün universitetlərdə belədir. Tələbə əgər normal təhsil alaraq, vaxtı-vaxtında dərslərində oturursa, onun üçün bu heç bir problem yaratmayacaq. Amma bu tələbələr nədən narazı qalıblar və aksiyanı niyə BDU-nun qarşısında keçiriblər aydın deyil. Bu məsələni BDU-nun ayağına yazmaq doğru deyil. Biz bütün ali təhsil ocaqları kimi icraçıyıq”. 

Aksiya deyilən yerdə və saatda başladı. Aksiyada BDU-nun qonşuluğunda yerləşən Texniki Universitetin və Memarlıq Universitetinin tələbələri də iştirak edirdilər. Tələbələrin etirazı başlar-başlamaz onlardan ikisi saxlanıldı. Onları BDU-nun xüsusi mühafizəçiləri saxlayaraq universitet binasının içərisinə apardılar. Bu hadisə tələbələrin etirazını daha da artırdı. Onlar “Qanunları pozmayın, saxta qanun yazmayın!” şüarları səsləndirməyə başladılar. Getdikcə etiraza qoşulan tələbələrin sayı artdı. Aksiya iştirakçıları yerdə əyləşərək şüarlar səsləndirməyə davam etdilər.

Etirazçı tələbələrdən birinin dediklərinə görə, onların bu pulu ödəmək imkanları yoxdur: “Bizim səsimizə qulaq asan yoxdur. Əgər bu təhsil sistemində dəyişiklik edilirsə, bu birbaşa bizə təsir göstərir. Ona görə də bizim fikrimiz onlar üçün ən önəmlisi olmalıdır. Alt qruplarda oturmaq üçün bizdən pul tələb edirlər. Bu tamamilə qanunsuzdur. Biz milyonçular ölkəsinin kasıb tələbələriyik”. 

Digər şikayətçi tələbənin dediklərinə görə, tələbləri yerinə yetirilməsə, etiraz aksiyalarını davam etdirəcəklər: “Bu vaxta qədər alt qrupda oturmağa görə pul ödəmirdik və bundan sonra da ödəməməliyik. Bu qərar tələbələri soymağın bir üsuludur. Maddi durumları ağır olan tələbələrin vəziyyəti daha da ağırlaşacaq. Bir tələbə olaraq bu qərara etiraz edirik. Bizim addımımız heç bir siyasi məqsəd güdmür. Sadəcə, alt qrupda pul alınması haqda qərarın ləğv olunmasını tələb edirik”. 

Aksiya başlar-başlamaz BDU-nun rektoru Abel Məhərrəmov dərhal aksiya yerinə gəldi.  Rektor tələbələrə dedi ki, kəsirə görə tələbələrin pul ödəməsi haqda çıxarılan qərarın müəllifi universitet deyil: “Bu, Təhsil Nazirliyinin qərarıdır, biz buna qarışa bilmərik. Mən üç gündür tələbələrlə görüşürəm. Sadəcə bu gün görüşə bilməmişəm. Tələbələrin kredit ödənilməsinə olan etirazları haqda məlumatım var. Amma onlar anlamalıdırlar ki, biz tələbədən artıq və ya əskik pul ala bilmərik. Bunun hər ikisinə görə biz cəza ala bilərik. Mən söz verirəm ki, fevralın 21-də saat 12:00-da yenidən tələbələrlə görüşəcəm”. 
Daha sonra  aksiya iştirakçılarından dağılışmaq tələb olundu. Lakin tələbələr aksiyanı davam etdirməkdə israrlı olduqlarını söyləyiblər. Bundan sonra Yasamal Rayon Polis İdarəsinin əməkdaşları və BDU-nun mühafizə xidmətinin işçiləri aksiyanı dağıtmağa başladılar. Əraziyə Çevik Polis Alayı cəlb edildi. Aksiya iştirakçıları universitet həyətindən uzaqlaşdırılmağa başladı. Bundan sonra 500-ə yaxın tələbə “Girməyin cibimizə, tamah güc gəlib sizə!”, “Kəsir üçün pul verməyək!”, “Qanunları pozmayın, saxta qanun yazmayın!” şüarları səsləndirərək BDU-nun qarşısından metronun “Elmlər Akademiyası” stansiyasına doğru yürüş etdilər. Yürüş zamanı daha bir neçə aksiya iştirakçısı saxlanıldı. Metronun “Elmlər Akademiyası” stansiyasının qarşısına toplaşan tələbələri polislər və mülki geyimli şəxslər ərazidən uzaqlaşdırmağa başladı. 10-a yaxın tələbə saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparıldı. Son məlumatlara görə həmin tələbələr sərbəst buraxılıblar.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, tələbələrin aksiyasına səbəb olan yaranmış vəziyyət heç də Nazirlər Kabinetinin təsdiq etdiyi “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda əks olunan məsələlərlə bağlı deyil: “Əsas məsələ həmin qaydaların düzgün tətbiq olunmaması ilə bağlıdır. Bunu nəzərə alaraq Təhsil Nazirliyinin nümayəndələri sabah Bakı Dövlət Universitetinin akt zalında bu qaydaların bir daha düzgün anlaşılması ilə bağlı tələbələrlə görüş keçirəcəklər. Bu görüşdə Bakı Dövlət Universitetinin tələbələri iştirak edə bilərlər”. /musavat/   

 

 
























  



1323 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:30
23 yaşl