Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2014

“Sovetski” söküntüsü mənzil bazarında qiymətləri qaldırıb

«Sovetski» sakinlərinin evlərini sözün bütün mənalarında yıxırlar

Mikrorayonlarda 1 otaqlı mənzilin qiyməti 65 min dollara qalxıb

Hökumət Bakının “Sovetski” adlanan ərazisində söküntü işlərinə başlayır. Artıq camaata məlumat verilib, yaşayış sahəsinin hər kvadratmetrinə görə sakinlərə 1500 manat ödəniləcək. Narazılıq yaranıb. Daha çox ona görə ki, hökumətin təklif elədiyi şərtlərlə şəhərin mərkəzə yaxın ərazilərində mənzil almaq mümkün deyil. Hələ “Sovetski” camaatının xəbəri yoxdur ki, söküntü məsələsi müzakirəyə başlayandan mənzillərin qiyməti bir az da artıb.

Mənzillər niyə bahalaşır?

Azərbaycanda mənzil bazarında baş verən prosesləri normal iqtisadi məntiqlə izah etmək çətindir. Ölkədə dövriyyədəki pulun böyük hissəsi bir qrup adamın, daha dəqiqi, məmur-oliqarxların əlində cəmləşib. Yalnız bir neçə faktor mənzil bazarında fəallıq yaradır. Təbii, ən əsas amil bazarda nəzərəçarpan ciddi pul kütləsinin peyda olmasıdır. Məhz indi qiymətlərin yerindən oynaması da bu faktorla bağlıdır. Hökumət mənzilləri sökərək, sakinlərə pul verəcək. Şübhəsiz, hamı ev almalıdır. Beləcə, mənzil bazarında böyük pul kütləsi peyda olur. Məsələn, keçmiş Basin küçəsində söküntülər zamanı da mənzillərin qiyməti yüksəlmişdi.

Ölkədə mənzil bazarı üçün daha bir spesifik canlanma əlaməti Rusiyadan, Ukraynadan gələn pullardır. Adətən, dekabr-yanvar və mart aylarında keçmiş SSRI ölkələrində işləyən azərbaycanlılar vətənə məlum bayramları keçirmək üçün gəlirlər. Onların mülkiyyət əldə eləmək meyli heç kimə sirr deyil. Bəlkə də, bu, psixoloji amildir. Rusiyada, Ukraynada çox ağır şərtlərlə kirayə yaşayan azərbaycanlılar bir növ natamamlıq kompleksindən qurtulmaq üçün vətəndə mənzil almağa çalışırlar.

Ipoteka kreditlərinin verilməsi də mənzillərin qiymətini yüksəldən amildir. Elə benzinin bahalaşması haqda da belə demək olar. Məsələn, keçən ilin dekabrında benzinin qiymətində 30 faiz artım mənzillərin dəyərini də təxminən 5 faiz artırdı.

Seçkilərin mənzil bazarına təsiri

Sizə qəribə görünəcək, amma prezident seçkiləri də mənzil bazarına xüsusi təsir göstərir. Son 10-15 ildəki prosesləri nəzərdən keçirəndə məhz 2003-cü və 2013-cü illərdə mənzillərin qiymətində sıçrayış olduğunu görürük. 2008-ci il müxalifətin boykot qərarına görə istisna oldu. Bunun sadə izahı var: bu illərdə az da olsa, hakimiyyətin dəyişmək ehtimalı yaranıb və məmurlar kütləvi şəkildə mənzil almağa girişiblər. Ona görə də hətta kiçikçaplı məmurların da Bakıda onlarla mənzili var. Məmurlar bu yolla bir növ var-dövlətlərini qorumağa çalışırlar.

Tələb haqlıdırmı?

“Sovetski” kontekstindən uzaqlaşmayaq. Oranın sakinlərinə yaşayış sahəsinin hər kvadratmetrinə görə 1500 manat təklif olunur. Onlar daha yüksək məbləğ tələb eləyir. Tələb haqlıdımı? Bəli!

Daha çox sosial şəbəkələrdə “Sovetski” camaatını qınayan fikirlər yazılır. Məsələn, belə fikir səslənir ki, orada onsuz da evlərin vəziyyəti acınacaqlı idi, narkomaniya, antisanitariya baş alıb gedirdi, 1500 manatla razılaşmaq lazımdır. Bunun məsələyə nə dəxli var?! Insanların mülkiyyət hüququ var. Heç bir halda onu pozmaq olmaz. Uzağa niyə gedirik, siz “Sovetski”də inşa olunan yeni binalarda bir kvadrat metrinin qiyməti 3000 manatdan az olan mənzil tapa bilərsinizmi? Həmin binalar kimə məxsusdur? Elə bu məmur-oliqarxlara. 1500 manat gerçək bazar qiymətidirsə, onda öz binalarındakı mənzilləri daha bahasına satmasınlar. Hökumət hesab eləyirsə ki, o ərazidə evlərin bir kvadratmetrinin qiyməti 1500 manatdır, onda qoy elə bu qiymətə camaata yaşayış yeri təklif eləsin. Insanlar on illərlə 20-30 kvadrat metrlik evlərdə geniş ailə tərkibi ilə yaşayıb. Təkcə yeni binaların birotaqlı mənzillərinin yaşayış sahəsi isə 47 kvadrat metrdən az deyil. Hər bir məmur özünü sıravi sakinin yerinə qoymalıdır. Hesab eləyin ki, hökumət evinizi sökür, hər kvadratmetrinə 1500 manat təklif eləyir. Bu pula harada ev alacaqsız? Harada yaşayacaqsız? Bax, “Sovetski” camaatı da bunun davasını eləyir.

“Sovetski” camaatı harada ev ala bilər?

Qəsəbə sakinlərinin böyük əksəriyyəti şəhərin, necə deyərlər, babat yerlərində mənzil ala bilməyəcək. Məsələn, 4-cü və ya 9-cu mikrorayonlarda mənzil xəyalları qurmaq mənasızdır. Hərçənd, o yerlər də “Sovetski” adamı üçün şəhərdən kənar sayılır. Hətta belə arzuları olsa da, metronun “20 Yanvar” və “Memar Əcəmi” stansiyalarına yaxın ərazilər əlçatmaz görünür. Bəzi qiymətləri yazaq, hamının xəbəri olsun. Adını çəkdiyimiz ərazilərdə “fransız” layihəli binalarda 62 min dollardan (təxminən 48 min 700 manat) ucuz mənzil tapmağa ümid eləməyin. Bunu da o halda tapacaqsız ki, mənzil birinci və ya beşinci mərtəbədə yerləşəcək. Yəni, mənzilinizin rütubətli olması və ya damması mümkündür. Ikiotaqlı mənzillərin qiyməti 76-80 min dollar (təxminən 60-63 min manat) arasında dəyişir. Biz hələ daha qənaətbəxş layihələrdən danışmırıq. “Leninqrad” və ya “Kiyev” layihəli binalarda ikiotaqlı mənzillər 80 min manatdan bahadır. Belə binalarda üçotlaqlı mənzili heç 100 min manata tapmayacaqsız. Yeni binalarda xüsusi mülkiyyət sənədi olan (“kupça”lı) mənzillərin bir kvadrat metri 1200 manatdan ucuz satılmır. “Kupça”sız mənzillər “Sovetski” sakinlərinə məsləhət deyil. Gələcəkdə oxşar aqibəti yaşaya bilərlər. “Sovetski” sakinlərindən bir çoxu 1500 manat təklifinə həm də ona görə “yox” deyə bilmir ki, evinin sənədləri qaydasında deyil. Yağışdan çıxıb yağmura düşməyi ağıllı adam istəməz.

Qısası, Bakının mərkəzdən çox uzaq olmayan yaşayış massivlərində 48 min manatdan ucuz mənzil tapmaq mümkün deyil. Belə çıxır ki, “Sovetski”də evinin sahəsi 32 kvadrat metrdən az olanları küçədə qalmaq təhlükəsi gözləyir. Ifadəni gurultulu səslənmək üçün yazmırıq, reallıq belədir. Siz hələ martın 1-dən sonra camaatın əlində pul mənzil bazarına üz tutmasından sonra həngaməyə baxarsız. Mənzillərin qiyməti ciddi yüksələcək və onda məlum olacaq ki, “Sovetski” sakinləri çox uzağa getməlidir. Onların sözün bütün mənalarında evlərini yıxırlar./azadlıq/
1247 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber