Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2014

Başına daş salınan gənclik

Hökumətin məsuliyyətsiz davranışına görə həyatını itirən iki gəncin acı tarixçəsi

Ümidvaram, yanvarın 25-də Nərimanov rayonunda binanın uçaraq iki gəncin həyatına son qoyması kimi ağır faciəni unutmamısınız. Hadisənin qısa və şərhsiz icmalı beləydi: ərazidəki sökülməkdə olan beşmərtəbəli bina uçub avtomobilin üzərinə tökülmüşdü və bununla da iki gənc Cavid Ədalət oğlu Bayramlı və Asiman Salman oğlu Ələkbərov yerindəcə ölmüşdü.

Bu günə qədər ortada olan rəsmi açıqlamaya görə, söküntü işlərini həyata keçirən “Araz-2011A” MMC-nin direktoru Araz Həsənov və həmin işləri icra edən ekskavatorçu Qamət Məmmədovun “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydaları” və “Tikintidə təhlükəsizlik texnikası” norma və qaydalarının tələblərini pozmalarında əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində haqlarında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

***

Bəs açılan bu cinayət işi və həbslər gənc övladlarını faciəli şəkildə itirən valideynlərin ürəyini nə qədər toxdada bilib? Biz bu sualın izi ilə onları axtardıq.

***

Cavidlə Asimin çox yaxın qohum olduğunu, çoxlarınız kimi mən də reportaj zamanı öyrəndim. Bu iki gəncin anaları xalaqızı olsa da, onlar qardaş qədər yaxın olub. Cavidin anası Türkiyədə çalışdığından o elə Asimgildə qalıb. Otaqları da bir olub bu iki gəncin. Elə uşaqlıqdan da birgə böyüyüblər. Bir yerdə böyüyən iki dost, qohum gəncin bədbəxtlikdən ölümləri də bir yerdə oldu və indi onlar birgə Biləcəri qəbiristanlığında uyuyurlar.

***

Asimanın atası Salman kişi əslən Masallı rayonundandı. 1981-ci ildə Bakıya köçüb. Indi o ağır dərd altında Biləcəridəki kasıbyana evində yas içindədir. Hadisəni belə danışır: “Həmin gün axşam səkkizə işləmiş mənə zəng edib Cavidin 5 nömrəli xəstəxanada olduğunu dedilər. Hələ heç Asimandan xəbərim yox idi, bilmirdim qəzada o da var. Nə məsələdir, dedilər ”avariya". Təəccübləndim. Ona görə ki, Cavidin çox gözəl maşın sürməyi vardı. Sürücülük vəsiqəsini də özü inadla oxuyub aldı, bir imtahana bacardı bunu. Mən 30 ilin sürücüsüyəm, Cavidə demişdim ki, sənin sürməyinə “beş” verirəm. Xəstəxanaya biz çatanda artıq iş-işdən keçmişdi. Orda nələr yaşadım, heç nə yadımda qalmayıb. Dəhşət idi, belimiz o qırılan qırıldı".

***

Faciə baş verəndə sükan arxasında Asiman olub. Daha dəqiq desək, avtomobil elə Asimanın özünün imiş. Gənclərin hər ikisinin avtomobili olsa da, həmin gün Asiman gəlib Cavidi Rəssamlıq Akademiyasının önündən götürür və yolda, hərəkətdə olarkən sözün həm məcazı, həm həqiqi mənasında başlarına daş düşür. Dəhşət həm də burasındadır ki, Asimanın avtomobil aldığı heç bir həftə olmayıbmış...

***

Istəyirəm, məqalənin bu yerində həyatını itirən o gənclərin qısa tanıtımını edim. Amma bilmirəm, cinayətkarcasına məsuliyyətsizliyin qurbanı olan və əldən çıxan bu insan sərvətinin indi tanıdılması bir məna daşıyırmı?

Hər iki gənc yaradıcı insanlar imiş.

1988-ci il avqustun 23-də anadan olan Asiman ailənin ikinci uşağı idi. O, hələ kiçik yaşlarından çalışqanlığı ilə seçilib. Gözəl əl qabiliyyəti və bacarığı Asimanın zərgərlik sahəsində ön sıralarda olmasına gətirib çıxarıb. Onun zərgərlik işlərinə diqqət yetirəndə incəliklər göz oxşayır. Asiman həm də həvəskar fotoqraf idi. Valideynlərinin deməsinə görə, hər iki gəncin birgə çoxlu arzuları, planları olub. Ən çox istədikləri isə birgə sərgi keçirmək imiş. Axı Cavid də peşəkar rəssam idi. O bu sənəti atasından öyrənib. Hələ beş yaşındaykən atası ilə birgə çəkdiklərinin sərgisi də keçirilib.

Yeri gəlmişkən, gənclərin nakam arzusunu Azərbaycan Rəssamlıq Akademiyası reallaşdırmaq niyyətindədir. Martın 3-ü gənclərin əl işlərindən ibarət sərgi anım məqsədi ilə Rəssamlıq Akademiyasında təşkil ediləcək.

***

Cavid Bayramlı ilə bağlı məlumatlar da çox ağırdır. 1992-ci il təvəllüdlü Cavid 6 il idi atasını itirmişdi. Kiçik yaşlarından rəssamların əhatəsində böyüyən Cavidə bu sevgi atasından keçib. Atası Ədalət Bayramoğlu əsasən Türkiyədə fəaliyyət göstərən və yaşayan miniatürist, keramist idi.

***

Baş verən ağır faciənin yükü hələ də hər iki ailənin qəddini bükməkdədir. Təsadüfü deyil ki, hadisədən sarsılan Asimanın nənəsi elə həmin həftə dünyasını dəyişib. Hər iki ananın da vəziyyəti gözlə görüləcək qədər fənadır. Onların sağlamlığında problem (şəkər, mədə) əvvəlcədən varmış, amma dərd onları daha da ağır edib.

Faciədən sonra ailənin başqa problemləri də yaranıb: məsələn, Asimanın qardaşı Türkiyədəki işini itirib Bakıya qayıtmalı olub, eləcə də Cavidin anası. Ailənin yeganə işləyən sahibi Salman kişi də işə çıxmır. O sürücüdür, deyir fikrimi heç cürə cəm edə bilmirəm, hər şeydən əlim soyuyub. Belə bir şəratidə onların dərdinin üstünə bir dərdi unudulmaqları, diqqətdən kənarda saxlanılmaları gətirir.

Faciə yaşayan ailələr bildirir ki, onların ürəklərini parçalayan bu işlə bağlı əsas simaların məsuliyyətdən uzaq saxlanılmasıdır.

- Bir traktorçunu, bir də hansısa bir yetimi tutub salıblar türməyə. Biz mərdimazar deyilik, o adamların əsassız əzab çəkməsini də istəmirik. Istədiyimiz odur ki, Bakının mərkəzində bu cür məsuliyyətsizliyə, faciəyə səbəb olan adamların tapılması, üzə çıxarılıb cəzalandırılmasıdır. Ancaq hiss etdiyimiz odur ki, uşaqlarımızın qanı gözgörəti batırılır. Bu haqsızlıqdır, ədalətsizlikdir. Bunu yer də götürsə, göy götürməyəcək" deyir, analar.

Mən xəbər alıram, “dövlət orqanlarından kimsə sizin müsibətinizə şərik olubmu?”.

***

Bəlli olur ki, Nərimanovun icra başçısı bir dəfə yasda iştirak edib. Bir də dəfndə müəyyən köməklik olub. Vəssalam. Bunları icmal etsək, belə demək olar: dövlət öz vətəndaşını öldürməyi və basdırmağı yaxşı bacarır, gerisi onun marağında deyil.

Çox ehtiyatla “bəs kompensasiya verilibmı”- soruşuram.

Biz uşaqlarımızın qanını satmırıq, bizə insan kimi diqqət ayırsınlar, başımıza gələn müsibəti anlasınlar, dərdimizə şərik çıxsınlar da demirik, heç olmaya özlərini belə göstərsinlər, cavabını alıram.

Natiq Güləhmədoğlu/azadlıq/
1464 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...