Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2014

Azərbaycanda tələbə hərəkatı vüsət alır?

Əhəd Məmmədli: “Onların sosial tələbləri siyasi tələbə çevriləcək”; 
Pünhan İmamlı: “Aksiyalar ölkəyə qığılcım kimi yayılacaq”
Məmməd Süleymanov: “Bunun işartıları da görünmür”


Tələbə hərəkatının ilk qığılcımı 2009-cu ilin 30 aprelində görünmüşdü... Dövlət Neft Akademiyasındakı silahlı basqına etiraz olaraq minlərlə tələbə spontan ADNA qarşısında toplaşdı. Ardınca 2011-ci ilin 11 martında, sonra 2012-ci ilin 17 martında aksiyalar oldu, 2013-cü ilin yanvarında isə əsgər qətllərinə iki mitinqlə cavab verildi. Sonuncu - Bakı Dövlət Universitetində (BDU) tələbələrin aksiyası ölkədə tələbə hərəkatının formalaşma mərhələsində olduğuna işarədirmi? Bu suala cavab tapmağa çalışdıq.



Müsavat başqanının müşaviri Əhəd Məmmədli deyir ki, hərəkatın bünövrəsi illər əvvəl qoyulub. “ADNA-dakı aksiyalarla tələbə-gənclik birliyinin əsası qoyuldu. Əsgər ölümləri, qazinin özünü yandırmasına etirazlar oldu. Hər birində sosial bəlalar qabarıq şəkildə görünür. Tələbələrin sosial tələbləri siyasi tələbə çevriləcək.

Necə ki, XX əsrin 80-ci illərində oxşar ssenari idi. Sovet bayraqları, Leninin şəkilləri ilə başlanan etirazlar sonda müqavimət hərəkatına döndü. Bu gün də eyni proseslər bir başqa formada cərəyan edir. Müsavat Partiyası da tələbələrə dəstəyini ifadə edir," - deyə Ə.Məmmədli qeyd edir.



VHP gənclər təşkilatının sədri Pünhan İmamlı BDU tələbələrinin, ondan öncə də ADPU tələbələrinin etiraz aksiyasını hərəkatın başlanğıcı sayır: “Tələbələrin aksiyaları Azərbaycanda tələbə hərəkatının əlamətləridir. Ölkədə hər kəsin hüquqları tapdalanır, o cümlədən də tələbələrin. Tələbə isə gəncdir, etirazçıdır. Amma polis və mülki geyimlilər vəhşi kimi aksiyaları dağıdırlar”.

P.İmamlının sözlərinə görə, universitetlərin tələbə həmkarlar təşkilatları polis kimi davranırlar: “Az qalırlar ki, tələbənin aksiyada qolunu qandallasınlar. Həmkarlar Təşkilatları dünyanın hər yerində əziləni, haqqı tapdananı müdafiə edir.

Azərbaycanda isə polis vəzifəsini yerinə yetirirlər. Məmurların elementar savadı yetərli deyil ki, dövlətin onun dədəsinin yox, millətin olduğunu qavrasın. Əgər tələbələr, evləri sökülənlər, işdən qovulanlar belə aksiyaları qrup halında edirlərsə, bir gün bu aksiyalar ölkəyə qığılcım kimi yayılacaq. Gözlərinin önünə Ukrayna, Gürcüstan, Moldovanı gətirsinlər".



Publisist Məmməd Süleymanovun fikrincə, sinfi cəmiyyətlərdə təhsil də “vətəndaş cəmiyyəti”nin bir institutu kimi hakim sinfin mənafeyinə xidmət edir: “Yəni keyfiyyətli təhsil almaq imkanı yalnız ”seçilmişlər" üçün yaradılır. Böyük əksəriyyətə isə təhsilin surroqatı, imitasiyası təklif olunur.

Ali təhsil müəssisələri də öz mahiyyətin itirərək supermarketə transformasiya olunur. Bu affektə nail olmaq üçün “Bolonya sistemi” tətbiq olunanda hakimiyyət də, ənənə müxalifəti də bunu “hurrey”lə qarşıladı. Halbuki, savadsız mütəxəssis “yaratmaq”, gənci robota çevirmək, obskurantizmi adiləşdirmək üçün bu sistem göydəndüşməydi".
Yazarın sözlərinə görə, hazırda tələbələr onun “bəhrəsi”ni dadır: “BDU-da da etirazçılar imtahan kəsirinə görə pul ödəmək istəməyəndə rektorat onlara bu qaydanın tam qanuni olduğunu, ”Bolonya sistemi"nə uyğunluğunu söyləyir - və haqlı çıxır. Qanun qəbul olunanda etiraz etmək lazımdı, o etirazları isə siyasi partiyalar, vicdanını itirməmiş təhsil mütəxəssisləri, “ictimai sektor” fəalları, mətbuat təşkil etməliydi. İndi isə artıq gecdir".
M.Süleymanov tələbə hərəkatının belə yetişə biləcəyini güman edir: “Tələbələr heç olmasa dərnəklərdə birləşməyə, ideya və ideologiya ilə silahlanmağa, kitablar oxumağa, avanqardı formalaşdırmağa çalışmalıdır. Onların tələbləri də satıcı ilə alıcının arasındakı qiymət davasından çıxıb siyasi və sosial tələblərlə dirənişə çevrilməlidir. Bu ssenarinin isə işartıları da görünmür”./musavat/
1555 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber