Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2014

Ziya Məmmədov “Razin” bazarını alıb?

Sabunçunun icra başçısı Adil Vəliyev: “Məqsəd səliqə-səhman, nizam-intizam yaratmaqdır”; bazar işçiləri : “Yola görə yüzlərlə insanın evinə çörək apardığı bazarı sökməzlər”
“Neçə illərdir burda işləyirik. İndi istəyirlər ki, biz hansısa məmurun yeni açdığı obyekti dolduraq. Əllərində bəhanələri də var. Guya bazar yaxınlıqdakı yolda tıxaca səbəb olur. Nədənsə bunu indi başa düşüblər”. Bu sözləri “Razin” bazarında çalışan Səmayə Abdullayeva əməkdaşımızla söhbətində deyib.

Səmayə xanım deyir ki, bazarın “Hövsan” ticarət mərkəzinə köçürülməsi ilə bağlı şayiələr yayılıb: “Mətbuatın yazdığına görə, həmin ticarət mərkəzi nəqliyyat naziri Ziya Məmmədovundur. Nazirin bazarın rəhbəri Hacı Fərhad Mirzəyevə bir neçə dəfə xəbərdarlıq etdiyini bilirik. Nazir çalışdı ki, bu bazarı ələ keçirsin. Gördü alınmır, bazarın yolda nəqliyyatın hərəkətinə mane olması ilə bağlı rəy formalaşdırdı. Yola görə yüzlərlə insanın çalışdığı, evinə çörək apardığı bazarı sökməzlər”.

“Bir nəfər çıxıb demir ki, ay bala, nə istəyirsiniz?”
Bazarda işləyənlərin sözlərinə görə, köçürüləcəkləri yeni ticarət mərkəzi böyük bir ərazini əhatə edən beşmərtəbəli tikilidir. Satıcı Qabil Hüseynovun sözlərinə görə, yeni obyekt xalq arasında “Razin talkuçkası” kimi tanınan Bakıxanov ticarət mərkəzindən xeyli aralıda yerləşir: “ Kimin obyektidir bilmirik. Hələ bünövrəsi qoyulanda mətbuat yazdı ki, ”Razin” bazarı ora köçürüləcək. Ticarət mərkəzi bir-birinə bitişik bir neçə binanı əhatə edir. Bazarın köçürülməsi isə məmurların ciblərinin doldurulmasına xidmət edir. Yəni camaatımız elə bilməsin ki, bazarı yola görə sökürlər. Dünən bazarın sökülməsi ilə bağlı etirazımızı bildirdik. Polislər bazarda işləyənlərə qarşı zor tətbiq etdi. Bir nəfər çıxıb demir ki, ay bala, nə istəyirsiniz? Dərdiniz nədir?”
Qeyd edək ki, bazarın köçürüləcəyi ehtimal olunan yerlədən biri də “Hövsan” ticarət mərkəzidir. Ticarət mərkəzinin nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu ilə bağlı “Yeni Müsavat”ın ötən saylarında məlumat vermişik. Nazir Ziya Məmmədov təzə avtovağzaldakı ticarət mərkəzinin fəaliyyətini gücləndirmək və müştəri toplamaq üçün artıq bir neçə köhnə bazara qarmaq atıb. Bakıxanov bazarının bağlanmasına səbəb kimi bu ticarət mərkəzinin ərazidə tıxac yaratdığı bildirilir. Məlumatlara görə, bazarın rəhbəri Hacı Fərhad Mirzəyə xəbərdarlıq da edilib. Hacı Fərhad isə heç kəsdən qorxmadığını və bazarı boşaltmayacağını deyib.
Məlumat üçün qeyd edək ki, Hacı Fərhad siyasi cəhətdən də fəal insandır. Din adamı olan Hacı Fərhad 2000-ci ildə deputatlığa namizədliyini də irəli sürmüşdü.
İcra başçısı: “Onlar ölkədəki quruculuq işlərinə dəstək olduqlarını dedilər”
“Razin” bazarının sökülməsi ilə bağlı yaranmış gərginliyə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev münasibət bildirib. İcra başçısı “Qafqazinfo”ya açıqlamasında problemin elə yerindəcə həll edildiyini diqqətə çatdırıb. Adil Vəliyev bildirib ki, yaranmış vəziyyət, yəni bazarın yol hissəsinin sökülməsi ilə bağlı verilən qərar səliqə-səhmanın, nizam-intizamın yaradılması məqsədi ilə həyata keçirilib: “Dünən icra hakimiyyətinin qarşısına yığışan satıcılara da deyilib və satıcılar qurumun bu mövqeyini razılıqla qarşılayıblar. Bazarın rəhbərliyi tələb olunan şərtlərin tezliklə həyata keçiriləcəyini bildirib. Məqsəd sadəcə olaraq həmin bazarın qarşısındakı küçədə tıxacın aradan qaldırılmasını və ticarət mərkəzinin təhlükəsizlik sistemi ilə təmin edilməsini təşkil etməkdir. Bundan başqa bazarda müasir tələblərə cavab verən şəraitin yaradılmasın həyata keçirtmək olub. Yol tərəfdən sökülən ticarət obyektlərinin yerinə bazarın arxa tərəfində bir neçə mərtəbəli müasir standartlara cavab verən obyekt tikiləcək. İndiki satıcılar orada yerləşdiriləcəklər. Məsələni bazar əməkdaşlarının diqqətinə çatdırıb izah etdikdən sonra onlar razılığını bildirərək geri qayıtdılar və ölkədə dövlət başçısının həyata keçirdiyi böyük quruculuq işlərinə dəstək olduqlarını qeyd etdilər”.
Xatırladaq ki, fevralın 23-də “Razin talkuçkası” adı ilə tanınan bazarın qanunsuz şəkildə sökülməsi eyni zamanda obyekt sahiblərinə son 2 ayda edilən təzyiqlərlə bağlı işçilər etiraz aksiyası keçiriblər. Sabunçu rayon İcra Hakimiyyəti qarşısında keçirilən aksiya zamanı etirazçılar polis əməkdaşları tərəfindən döyülüb.
1791 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber