Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2014

Ölüm aclığına başlayan Qarabağ əlili sabah ağzını tikəcək

II qrup Qarabağ əlili Namiq Əli oğlu Ağayev fevralın 24-dən ölüm aclığına başlayıb. Bunu Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudun Məmmədov deyib.

F.Məmmədov bildirdi ki, Namiq Ağayev sabahdan ağzını tikəcək: "Namiq sabah saat 12-dən ağzını tikəcəyini bəyan edib. Onu bu fikirdən çəkindirməyə çalışırıq. Amma fikrindən dönmür. Çünki vəziyyəti həddindən artıq acınacaqlıdır".

Virtualaz.org saytı aclığa başlayan Qarabağ əlili ilə əlaqə saxlayıb. N.Ağayev dedi ki, bədənində 130 qəlpə daşıyır: "Qarabağ Əlilləri, Müharibə Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevin himayəsi ilə saxta sənədlərlə Qarabağ əlili adı alanlar növbədə dayanıblar, maşın, ev alıblar. Amma mən 21 ildir yataqxananın birotaqlı zirzəmisində qalıram. Uşaqlarım vərəm xəstəliyinə yoluxub. Qolumu dirsəkdən birləşdirən metal millər də nəmişlikdən çürüyüb".

Namiq Ağayevin bacısının həyat yoldaşı şəhid olub: "Nizami rayonunda pərakəndə ticarətlə uşaqlarımı, bacımın iki yetim balasını dolandırırdım. Amma Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Qarabağ əlillərinin qənimi Tahir Budaqovun tapşırığı ilə son dolanışıq yerimi əlimdən aldılar. Mənə dedilər ki, müasir standartlara uyğun balaca köşk hazırladıb ticarətlə məşğul olarsan. Mən də 700 manat borc götürərək köşk hazırlatdırdım. Lakin bəlli oldu ku, Tahiq Budaqov alqı-satqı yerimi əlimdən almaq üçün yalan danışıb. Bütün təşkilatlara müraciət edərək haqsızlığa son qoyulmasını istəmişəm. Amma Mehdi Mehdiyevin rəhbərlik etdiyi təşkilatın Nizami rayon şöbəsi mənim kimi döyüş yolu keçib əlil olanları deyil, saxta vəsiqə düzəldənləri himayə edir".

Sabahdan ağzını tikəcəyini deyən Qarabağ döyüşçüsü mübarizə aparmaq üçün dözümünün qalmadığını vurğuladı: "Özümü öldürməkdən başqa əlacım qalmayıb".

Nizami Rayon İcra Hakimiyyətindən isə Namiq Ağayev adlı Qarabağ əlilini tanımadıqlarını bildirdilər.


1330 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber