Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

Hökumət “Sovetski”də dalana dirəndi...

Baş nazirin müavini Abid Şərifovun “Sovetski” ərazisindəki söküntü planları ilə bağlı ans-ə müsahibəsi məmurların dövlət adından necə sui-istifadə hallarına, özfəaliyyətə yol verdiklərini bir daha ortaya qoydu.

Neçə aydır ki, Bakının icra başçısı Hacıbala Abutalıbov və onun yerli nümayəndələri köhnə məhəllələrin dövlət ehtiyacları üçün qeyd-şərtsiz ləğv ediləcəyini deyir, faktiki olaraq sakinlərin malını-mülkünü, təhlükəsiz həyatını təhdid edir, ancaq baş nazirin müavini isə qəflətən bu evlərin dövlət sifarişilə sökülmədiyini açıqlayır.

Üstəlik, ardınca da izah edir: “Dövlət sifarişi nədir? Dövlət sifarişi odur ki, dövlətin təhlükəsizliyini təmin edən obyektləri tikməkdən ötrü torpaqların alınması. Dövlət sifarişi odur ki, dövlət əhəmiyyətli kommunikasiyaların, magistral kommunikasiyaların, istər yol olsun, istər su xətti olsun, istər elektrik şəbəkəsi, istər qaz. Ancaq abadlaşmaq üçün, yaxud şəhərdaxili yolları çəkmək üçün və yaxud da adi bir qeyri-dövlət əhəmiyyətli tikili tikmək üçün torpaqların alınması, ümumiyyətlə, mülkün alınması dövlət sifarişi sayılmır...”

Maraqlıdır, bəs, “Sovetski”nin yerində tikintisi nəzərdə tutulan park dövlət sifarişi deyilsə, onda bu “obyektin” sifarişçisi kimdir?! Adı açıqlansın! Məmurdur, yoxsa sahibkar? Dövlət müəssisəsidir, ya özəl şirkət?

Yaxud, bu torpaqlar dövlət ehtiyacları üçün alınmırsa, onda niyə sakinlərdən satın alınacaq mülklərə qiyməti hökumət diktə edir?! Niyə Yasamal rayon içra başçısı mülklərini dəyər-dəyməzinə satmaq istəməyən və buna etiraz edən sakinlərə hədə-qorxu gəlir?!

Bir sözlə, Abid Şərifov çox ziddiyyətli suallar meydana çıxardı. Halbuki Yasamal Rayon Icra Hakimiyyətində söküntü ilə əlaqədar yaradılmış işçi qrupunun üzvü Imaməli Mahmudov mətbuata bildirmişdi ki, bu söküntü kommersiya məqsədi daşımır, bu, dövlət tədbiridir. Indi isə baş nazirin müavini açıqlayır ki, bu iş dövlət sifarişi deyil...

Deməli, bu işdə kommersiya marağı güdən tərəf və ya tərəflər var.

Elə isə daha bir sual: əgər, “Sovetski”nin sökülməsi dövlət sifarişi deyilsə, onda alğı-satqı prosesində nə üçün dövlət nümayəndələri iştirak edir? Qoy meydana alıcı çıxsın. Daha məmurlar ortada makler kimi canfəşanlıq etməsinlər.

Abid Şərifov müsahibəsində onu da iddia edir ki, sakinlərə təklif olunan hər kvadratmetr üçün 1500 manata şəhərin mərkəzində ev almaq olar. Biz heç məmurların şəhər mərkəzindəki evlərinin dəyərini soruşmuruq, sadəcə, deyirik, bu qiymətə mərkəzdə ev almaq mümkündürsə, onda hökumət özü alıb camaata paylasın. Ya da zəhmət çəkib, bu qiymətə şəhərin mərkəzində ev tikdirsin.

Yeri gəlmişkən, baş nazirin müavininin sözlərindən belə çıxır ki, bir-iki il öncə “Qış bulvarı”na görə zorla köçürülən vətəndaşlar da aldadılıb. Əgər, abadlaşdırmaq - park salmaq dövlət sifarişi deyisə, onda “Qış bulvarı”nda tikilən yeraltı avtoparkın məsələsinə də aydınlıq gətirilməlidir. Çünki bu avtopark gəlir gətirən obyekt kimi fəaliyyət göstərir. Bu, ciddi məsələdir. Əslində bütün bunlar vətəndaşlara alğı-satqı müqavilələrinin ehtibarsız sayılması və əlavə təzminat tələb edilməsi üçün məhkəməyə müraciət etmələrinə əsas yaradır.

Vətəndaşlara bir daha xatırlatma: “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun 3-cü maddəsinə görə, torpağın alına biləcəyi dövlət ehtiyacları bunlardır: dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi.

Üstəlik, sözügedən maddənin 3.2-ci bəndində göstərilir ki, torpaqlar dövlət ehtiyacları üçün yalnız bu hallarda alına bilər.

Sonda, Abid Şərifovun “Sovetski”dən 240-dan çox vətəndaşın artıq köçməyə razılıq verməsi barədə dediklərinə gəlincə isə, bu da mübahisəlidir. Çünki sakinlərin yaratdığı komissiyanın sədri Namiq Quliyev lap bu günlərdə mətbuata bildirmişdi ki, bir nəfər də olsun sakin evinin sökülməsi qarşılığında kvadratmetrə görə 1500 manata razılıq verməyib. Sakinlərin sözlərinə görə, bu cür məlumatların dövriyyəyə buraxılmasında məqsəd narazı kütlənin sözdə və əməldəki birliyini, həmrəyliyini zəiflətmək, çaşqınlıq yaratmaqdır.

Ancaq görünən budur ki, “Sovetski” məsələsində çaşqın vəziyyətə düşən elə hökumətin özüdür. Hər halda fakt ortadadır: baş nazirin müavininin şəxsində hökumət bu məsələdə qərarsız və plansız olduğunu nümayiş etdirdi. Əsl niyyətin nə olduğu, onun arxasında kimin durduğu izah edilmədi, ya da gizlin saxlanıldı...
1385 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...