Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2013

Saakaşvili Azərbaycana qaçmağa hazırlaşır

Gürcüstanın həbslə hədələnən prezidenti səlahiyyət müddəti başa çatan kimi sərhədi keçəcək; onu ARDNŞ-də işlə təmin etmək nəzərdə tutulub 

Gürcüstanın səlahiyyət müddəti başa çatmaqda olan prezidenti Mixail Saakaşvili həbs təhlükəsindən xilas olmaq üçün Azərbaycana sığınmağa hazırlaşır. Bu barədə virtualaz.org-a hakimiyyətə yaxın dairələrdən məlumat daxil olub.

Məlumatda iddia olunur ki, Saakaşvili Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərinin birində səlahiyyət müddəti başa çatan kimi baş nazir “Putinin adamı” Bidzina İvanişvilinin onu həbsxanaya salacağından narahatlığını ifadə edib.

Saakaşvili deyib ki,  Putinin 2008-ci ildə onun ünvanına səsləndirdiyi hədələri İvanişvilinin əli ilə həyata keçirməyə çalışacağından ehtiyat edir. Yada salaq ki, Putin 2008-ci ilin avqust müharibəsi zamanı Saakaşvilini “filan yerindən asmaqla” hədələmişdi.

2008-ci ildə Saakaşvilinin rusların əlindən xilas olmasında rolu olanlardan biri kimi Azərbaycan prezidentinin bu dəfə də onu xilas etməyə çalışacağı bildirilir. Məlumata görə, Saakaşviliyə təklif edib ki, səlahiyyət müddəti başa çatan kimi Azərbaycana keçsin. Buradan isə onu ARDNŞ-in xaricdəki investisiya layihələrinin birində işə düzəltmək nəzərdə tutulur. Yaxud Saakaşvilinin Azərbaycanın özündə də işlə təmin olunacağı istisna deyil. Ən azından həbs təhlükəsi sovuşanadək...

Gürcüstanın baş naziri Bidzina İvanişvili dəfələrlə Saakaşvilinin prezident səlahiyyətləri başa çatandan sonra həbs oluna biləcəyini deyib. İvanişvili bu məsələyə sonuncu dəfə oktyabrın 17-də keçirdiyi mətbuat konfransında toxunub.

“Mən şəxsən öz prezidentimi həbsdə görmək istəməzdim. Ancaq Gürcüstanda elə məhkəmə və prokurorluq olacaq ki, kimliyindən asılı olmayaraq qanunu pozanların hamısı məsuliyyət daşıyacaq” - deyə rusiyapərəst gürcü baş nazir bildirib.

Saakaşvili isə İvanişviliyə cavab olaraq deyib ki, gürcü baş nazir Rusiya prezidentinin əmr və tapşırıqlarını yerinə yetirir:  “Aydındır ki, söhbət nədən gedir. O, mənim həbsim üçün 2 milyard dollar ödəyən Putinin tapşırığı ilə hərəkət edir. Heç kim onun 2 milyard aldığını və Putinin belə tapşırıq verdiyini təkzib etməyib. Üstəlik Putinlə Medvedyev bu haqda televiziyalarda dəfələrlə deyiblər. Lakin hesab etmirəm ki, gürcü xalqı XXI əsrdə bu tapşırığın yerinə yetirilməsinə imkan versin”.

Qeyd edək ki, Saakaşvilinin komandasının bir çox üzvləri hazırda həbsdədir. İvanişvili hakimiyyətə gələn kimi Saakaşvili hökumətinin üzvlərini  müxtəlif ağır ittihamlarla həbs etməyə başladı.

Görünür, Saakaşvili özünün də həbs təhlükəsinin ciddiyyətini nəzərə alır. Buna görə də son vaxtlar Azərbaycan hakimiyyətinin ünvanına az qala YAP funksionerləri kimi danışmaqla təriflər yağdırır. /Virtualaz.org


1749 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber