Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

Gülər Əhmədovanın “sui-qəsd“ söhbəti böyüyür

Penitensiar Xidmət iddianı gülünc hesab edir, türmədə isə araşdırma başlanıb

Sabiq deputat, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədovanın həyatına təhlükə olması barədə yazmışdıq. Bu barədə fevralın 22-də “Yeni Müsavat”a açıqlamasında sabiq deputatın vəkili Əfsər Talıbov məlumat verib. Onun sözlərinə görə, müvəkkili ilə görüşmək üçün Bakı İstintaq Təcridxanasında olarkən G.Əhmədovanın əhvalının, eləcə də səhhətinin pis olduğunu görüb. Müsahibimiz sabiq deputatdan bunun səbəbini soruşanda məlum olub ki, ona ciddi təhdid mesajları gəlib: “Demək, Gülər xanıma qadınlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsindən ciddi mesaj göndərilib. Həmin mesajda bildirilir ki, ”bu həbsxanaya gəlsən, səni öldürəcəyik, özünü ölmüş bil". Gülər xanım da bu xəbərdən çox sarsılmışdı. Onsuz da ürək ağrıları var idi, bu mesajdan sonra ürəyindəki ağrılar daha da artıb. Əsəbləri də gərginləşmişdi".

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mehman Sadıqov isə artıq bu xəbəri təkzib edib. Onun fikrincə, bu, gülünc iddiadır: “Mən səslənən fikri şərh etməyə də ehtiyac duymuram. Mən inanmıram ki, kimsə belə bir təşəbbüsdə bulunsun və bu məsələni gülünc hesab edirəm. Eyni zamanda bütün təqsirləndirilən şəxslərin təhlükəsizliyi tam təmin edilir və bundan sonra da təmin ediləcək. Bu məlumat tamamilə absurddur. Tərəfimizdən araşdırılma aparılıb və qətiyyətlə deyə bilərəm ki, belə bir məktub göndərilməyib”.

Gülər Əhmədovanın vəkili Əfsər Talıbov isə M.Sadıqovun açıqlamasına, habelə bu mövzu ilə bağlı suallara fevralın 25-də geniş cavab verəcəyini dedi.

“Yeni Müsavat”a daxil olan xəbərdə isə bildirilir ki, G.Əhmədovanın həyatına təhlükə olması ilə bağlı xəbər ciddi səs-küy doğurub. 1 saylı İstintaq Təcridxanasında bununla bağlı araşdırma aparılır və sabiq deputata kim tərəfindən, hansı vasitələrlə ölüm hədəsi göndərildiyini öyrənməyə çalışırlar. Araşdırma çərçivəsində sabiq deputatı da sorğu-suala tuturlar.
1224 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25