Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

Yanukoviç Azərbaycana qaçıb?

Ukraynanın devrilmiş prezidenti axtarılır, onun hara qaça biləcəyinə dair bir neçə variant var

Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç “qeyb olub” və hazırda ölkənin yeni hakimiyyəti, habelə çoxsaylı jurnalistlər ordusu onun izini tapmağa çalışır.

Yanukoviçin qaçması ehtimal edilən ölkələrdən biri də Azərbaycandır.

Ukraynanın yeni daxili işlər naziri Arsen Avakov fevralın 24-də axşam özünün facebook səhifəsində Yanukoviçin bütün hərəkət marşrutu haqda məlumat verib.

“Bütün gecəni Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko ilə birlikdə sabiq dövlət başçısının axtarışı ilə məşğul olmuşuq” - deyə Avakov yazıb.

Daxili işlər nazirinin yazdığına görə, Yanukoviç fevralın 21-də Prezident Administrasiyasının rəhbəri Andrey Klyuyevlə birlikdə vertolyotla Kiyevdən Xarkova uçub. Həmin gün Xarkovda Ukraynanın Cənub-Şərq bölgələrinin qurultayı keçirilirdi. Yanukoviç əvvəlcə qurultayda iştirak etməyi planlaşdırıb, lakin sonra fikrindən daşınıb. Videomüraciət yayıb və vertolyotla Xarkovdan Donetskə gedib.

Orada Yanukoviç və mühafizəçiləri “Falcon” tipli iki özəl təyyarə ilə naməlum istiqamətə uçmağa cəhd ediblər. Lakin sərhədçilər buna imkan verməyib. Avakov yazıb ki, Yanukoviçin Donetskdən ya Belarusa, ya da Azərbaycana uçmağa çalışdığı ehtimal edilir.

Bazar günü müxalifət lideri Aleksandr Turçinovun prezident səlahiyyətlərini icraçısı təyin edildiyini öyrənən və yeni daxili işlər naziri iləTəhlükəsizlik Xidməti rəhbərinin Krıma uçduğunu eşidən Yanukoviç “Belbek” aeroportunda gedib.

“Həmin vaxt biz də orada olmuşuq. Saat 23:50-də aeroportda çatmadan o, Balaklava rayonunda dayanıb,öz mühafizəçilərini toplayıb və soruşub ki, kim onunla getmək istəyir. Mühafizəçilərin bir hissəsi onunla getməkdən imtina edib, bir hissəsi isə qalıb. Yanukoviç dövlət mühafizəsindən imtina etdiyinə dair ərizə yazaraq mühafizəçilərə verib. Onu müşayiət etməkdən imtina edənlər silahlarını Dövlət Mühafizə Xidmətinin Krım şöbəsinə təhvil veriblər.

Yanukoviç Klyuyevlə birlikdə rabitəni söndürərək üç maşınla naməlum istiqamətə yola düşüblər” - deyə Avakov yazıb.

Hazırda Ukrayna ekspertləri Yanukoviçin mümkün hərəkət marşrutlarını cızmağa çalışır. Ən çox ehtimal olunan variant Yanukoviçin hələ Ukrayna ərazisində olmasıdır. İkinci variant onun Ukraynanı tərk etməsidir.

Ekspertlərin qənaətinə görə, bu halda Yanukoviç böyük ehtimalla Rusiyaya gedə bilərdi. Rusiya Kiyevdən səfirini məsləhətləşmələr üçün geri çağırıb və mümkündür ki, hazırda Kreml Yanukoviçin siyasi statusunu müzakirə edir. Lakin bəzi ekspertlərə görə, Yanukoviç bu tezliklə Rusiyaya getməzdi.

“Bu halda onun müvəqqəti sığınacaq üçün Azərbaycan və ya Birləşmiş Ərəb Əmirliklərini seçəcəyi ehtimal olunur. Lakin məsələ bundadır ki, Yanukoviçin buna hüquqi və fiziki imkanları çatacaqmı” - deyə ukraynalı ekspert Vladimir Fesenko bildirir.

Xatırladaq ki, Yanukoviçin barəsində dinc insanların kütləvi qətlinə göstəriş vermək ittihamı ilə cinayət işi qaldırılıb və o, beynəlxalq axtarışa verilib./vitualaz/
1396 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31