Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2014

İlham Əliyevin daha bir diktator arxadaşı... getdi!

Özü tək dövlət başçıları ilə (başqa cür desək, diktatorlarla) hər görüş, üz-gözündən açıq göründüyü kimi, I.Əliyev üçün toy-bayramdır. Belə bir toy-bayramı yaxınlarda o, Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşündə yaşamışdı. Kim bilir, bəlkə, I.Əliyev hələ də o görüşün sevinci içindəydi. O görüşdən çox az keçib, Yanukoviç indi... “keçmiş prezident” adlanır!
Az öncə dostlardan birinə Yanukoviçin ik-üç günə qaçacağını deyəndə dostum gülərək: “Bu sənin fantaziyandır”, - demişdi. Aradan üç gün keçmiş, axşam o mənə getdiyi rayondan mesaj göndərdi: “Yanukoviçdən salamlar”. Bu, sözsüz, “Yanukoviç qaçdı” demək idi. O gün başım bir sıra işlərə qarışdığından son informasiyalardan soraqsız idim. Pultun düyməsini basınca “Rossiya” kanalından Yanukoviçin qaçması sorağını aldım. Bunları bir belə yerli-yataqlı niyə yazıram: Ilham Əliyev başda olmaqla çoxumuz hansı çağda yaşadığımızı bilmədiyimiz kimi, hansı prinsiplərlə yaşamalı olduğumuzu da bilmirik. Internet çağında, Internet dönəmində yaşayırıq. Ancaq yaşadığımız çağın - Internet dönəminin diktəsinin nə demək olduğunu anlamır, anlamaq istəmirik. Başqa çağlar olsaydı, Ukrayna xalqı uzun illər Yanukoviçə dözər, onun əzici hakimiyəti altında yaşamağa dözümlə yanaşardı. Ancaq çağın diktəsindən belə olmadı!. Başqa çağlar olsaydı, Yanukoviç də əlində çox böyük güc olan dövlət başçısı kimi xalqın, Maydanın basqıları qarşısında uzun sürə duruş gətirə bilərdi. Ancaq yenə də çağın diktəsi, Internetin qarşısıalınmaz gücü qarşısında hakimiyəti atıb qaçmalı oldu!
Yanukoviç (Yanıq oğlu - ukraynalılar türk olduqlarını indi özləri deyirlər, bunu Yanukoviçin soyadı da göstərir) 88 yurddaşının ölümünə nədən olmaqla özünü çox pis “yandırdı”. Bu bağışlanmaz cinayətinə görə o indi axtarışa verilib: axtarırlar, tapılmır. Tapılacaq! Indi Ukraynada hakimiyət bütünlüklə Yanukoviçə qarşı olan güclərin əlindədir. Yanukoviçin 1 milyonluq Regionlar partiyası (yada 600 minlik YAP düşür!) müxalifət qarşısında yaddaqalan bir dirəniş göstərmədən özünü buraxdı. Yanukoviçin, özü, ailəsi, yaxın komanda yoldaşları bir günün içində darmadağın olaraq ölkədən qaçmağa yollar axtarır. Televiziyalarda, Internetdə Yanukoviçin yağmalanan rezidensiyası, evi göstərilir, oğlunun bir-birindən bahalı 12 maşını sərgilənir. Qızılı işləməli unitazı, nələri... Bütün bunlarla yanaşı onun bir günün içində DAĞILAN TIFAQI, özünün, ailəsinin tutulub ələ keçmək qorxusu altında qaçqına çevrilməsi - necə də acınacaqlı görsənişlərdir!
Bir neçə gün qabaq Maydanda tökülən qanlara görə Yanukoviçə acığım tuturdu, indi ona yazığım gəlir. Doğrudan yazığım gəlir: dünənədək Avropanın ən böyük dövlətinin başında duran, özü də boy-buxunlu, görkəmli bir adam bu gün oğru kimi gizlənə-gizlənə tutulmaq qorxusu altında yaşayır. Istər-istəməz soruşmaq gərəkir: oğurluğa, korrupsiyaya bulaşaraq o sayaq cinayətkarcasına davranışa, yaşayışa dəyərdimi? Özü də, ən azı, Səddam Hüseynin, Qəzzafinin, Hüsnü Mübarəkin başına gələnləri görəndən sonra Yanukoviç Batı ölkəsində Doğu diktatorlarının getdiyi yolu getməməliydi. Getdi, getdiyinə qarşılıq olaraq da indi ailəsi, komanda yoldaşları ilə birgə kriminal didərgin yaşamı içindədir.
Ə.Insanovun məhkəmədə dediyi tək: demokratiya meşə yanğınları kimi Azərbaycanın sınırlarına yaxınlaşmaqdadır. Ancaq bu nə I.Əliyevin, nə ailəsinin, nə də komanda yoldaşlarının vecinədir. Onlar gündən-günə daha artıq düşmənçiliklə Xalqı, Ölkəni soyub-yağmalayırlar. II dünya savaşında 27 milyonluq qurban verən, milyardlarla itkiyə uğrayan Sovet dövləti 1946-cı ildən başlayaraq durmadan qiymətləri endirirdi - Xalqın yaşayışını yüngülləşdirmək üçün. Əliyevlər hakimiyəti durmadan qiymətləri qaldırır - Xalqın yaşayışını daha da ağırlaşdırmaqla daha çox varlanmaq üçün! Aydındır: ta Meydanadək belə olacaq...

Xalıq Bahadır/azadlıq/
1480 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:03
<