Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Sabunçudakı qanlı olayın yeni təfərrüatları

Fevralın 23-də gecə saatlarında Bakının Sabunçu rayonunda atışma baş verib. Nəticədə 2 nəfər ağır yaralanıb, 2 nəfər isə dünyasını dəyişib. Fərid Bəxtiyar oğlu Qədirov hadisə gecəsi dünyasını dəyişib. 1954-cü il təvəllüdlü Yusif Əlipaşayev isə fevralın 25-də vəfat edib. 


Məlumata görə, silahlı insidentə səbəb rayonun Musabəyov küçəsində yaşayan Gülağa Lətifovun torpaq üstə qonşuları Asif Nəzərov, Yusif Əlipaşayev, Fərid Qədirov və Akif Nəzərovla mübahisə etməsi olub. 68 saylı orta məktəbin həyətində stadion üçün nəzərdə tutulmuş ərazidə çay evi tikdirmək istəyən Gülağa Lətifova Musabəyov küçəsində yaşayan sakinlər mane olmağa çalışıblar. Məktəbin balansında olan əraziyə daş tökdürərək tikintiyə başlamaq istəyən G.Lətifova Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən də xəbərdarlıq edilib. Lakin o, edilən xəbərdarlığa baxmayaraq, tikinti işlərinə başlayıb. Sakinlər tikintiyə mane olmaq istəyiblər. Bu zaman G.Lətifov silaha əl atıb. Maşınında gəzdirdiyi “Vinçester” markalı tüfənglə qonşularını ağır yaralayıb.

Əməkdaşımız hadisə yerinə gedərək geniş araşdırma aparıb. Sözügedən ünvanda yaşayan sakinlərin sözlərinə görə, hadisəni törədən G.Lətifov onların qonşuluğunda yaşayırmış: “Hadisə gecəsi evdə idim. Atışma səsləri eşitdim. Bayıra çıxanda eşitdim ki, Gülağa silahla gəlib başlayıb qarşısına keçəni vurmağa. Sonra da qaçıb. Təcili yardım çağırdıq. Amma xeyri olmadı. Fərid çox qan itirmişdi və ağır yaralı idi. Sonradan xəbər gəldi ki, Fərid xəstəxanada dünyasını dəyişib. Gülağa bir-iki məhəllə o tərəfdə yaşayırdı. Hər şey onun bu stadionda obyekt tikmək istəməsinə görə oldu. Neçə dəfə camaat dedi ki, biz razı deyilik ki, evimizin qabağında çayxana açılsın. Heç kəsin məktəbin balansında olan stadionda qeyri-qanuni tikinti aparmaq kimi bir haqqı ola bilməz. İcra hakimiyyəti də ona burada nəsə tikməyə icazə verməmişdi. Amma yenə də gətirib daşları tökdü bura. Bir neçə dəfə buna görə xırda mübahisələr də yaranmışdı. Amma sonun belə olacağını heç kəs gözləmirdi”.

Hadisə zamanı həyatını itirmiş Fərid Qədirov və Yusif  Əlipaşayevin yaxınlarının dediklərinə görə, onlar qapı qonşu olublar: “Bu ərazi 68 saylı orta məktəbin stadionudur. Uşaqlar burda futbol oynayırlar. Bura bizim məhəlləmizdir. Gülağa Lətifov bir gün dedi ki, burda çayxana, restoran açmaq istəyir. Biz də dedik ki, razı deyilik. Bizim burda ailəmiz var. Elə yerin burda olması düzgün deyil. Üstəlik bu tikinti qanunsuzdur. Heç bir icazə olmadan, özbaşına burda obyekt tikmək istəyirdi. Nə Təhsil Nazirliyi, nə də Sabunçu Rayon İcra Hakimiyyəti bu tikinti üçün icazə verməmişdi. Hadisə gecəsi Lətifovla Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərov arasında mübahisə yaranıb. Lətifov çıxıb gedib evinə. Sonradan evdən ”Vinçester" markalı tüfəngi götürüb gəlib təzədən bura. Həmin vaxt burda  Fəridlə Yusif də olub. Lətifov tüfənglə atəş açıb. Günahsız yerə cavan uşaqları güllələyib. Fəridlə Yusif qapı qonşusu idilər. Hər ikisi savadlı uşaqlar idi. Heç kəslə işləri olmayıb. Burda hamı onları tanıyırdı. Hər ikisinin yasını eyni çadırda keçiririk. Onlar çox yaxın dost idilər. İndicə Yusifin dəfnindən gəlirik. Adi bir mübahisəyə görə iki əziz insanımızı itirdik".

Sakinlərdən aldığımız məlumata görə, iki nəfərin ölümünə, iki nəfərin yaralanmasına səbəb olan G.Lətifov əvvəllər məhbusluq həyatı yaşayıb: “Dövlət rəsmilərindən soruşmaq lazımdır ki, əvvəllər türmədə yatmış bir insanda silah nə gəzir? O adam silahı haradan əldə edib və necə olub ki, onlar buna icazə veriblər. Belə bir insanda silahın olması iki nəfərin ölümü ilə nəticələndi”.

Hadisə nəticəsində Suraxanı Rayon Polis İdarəsinin rəis müavini, 1955-ci il təvəllüdlü Akif Nəzərov və onun oğlu, 1985-ci il təvəllüdlü Asif Nəzərov ağır yaralanıb. Asif Nəzərov isə 12-ci polis bölməsinin əməkdaşıdır. 

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə başlanmış cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunda istintaq aparılır./musavat/







1308 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38