Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Qazaxda etiraz aksiyası

Onlar heç bir səbəb göstərilmədən bağlanan qapıların açılmasını tələb ediblər

Fevral ayının 25-də Qazax rayonunda Avtobazanın işçiləri səhər işə gələn zaman qarajın qapısının bağlı olduğunu görüb etiraz aksiyası keçiriblər. Heç kim dəqiq bilmir ki, onların gündəlik beş-üç manat çörəkpulu qazandıqları iş yerləri hansı səbəbdən və kim tərəfindən bağlanıb. İnsanlar bununla bağlı əlaqədar şəxslərin açıqlama verməsini tələb ediblər. Bu barədə musavat.com-a rayon sakinləri məlumat veriblər.
Onlar iddia ediblər ki, avtobaza adı bilinməyən şəxs tərəfindən alınıb. Heç bir sənəd, heç bir əsas göstərilmədən qapı bağlanılıb. Həmin şəxsin nümayəndəsi Eldar Carçıyev isə onlara bildirib ki, qaraj mənimdir, buranı mən almışam.
Lütfü Bilal adında etirazçı deyib ki, iş yerlərini bağladıqları bir yana onların səhmlərini də gizlədirlər.
“Mən bilmirəm hansı səbəbdən bağlanıb bura. Sadəcə avtobazanı alan şəxsin nümayəndəsi ortalığa çıxmadan bizə bildirir ki, mən qarajı almışam. Heç alan və hansı haqla satdığını bilmədiyimiz şəxsin kimliyini də bilmirik. Dünən səhər ertədən bu yana heç bir sənəd filan göstərmədən sadəcə darvazaları bizim üzümüzə bağlayıblar. Dolanışığımızı burdan çıxarırdıq, ailəmizi burdan qazandığımız beş-üç manat pula güc-bəlayla saxlayırdıq, indi halımız nə olacaq? Tələb edirik ki, qapılar açılsın, insanlar işinə bərpa olunsunlar”.
Digər şikayətçi isə bildirib ki, onlara işlərinə yenidən bərpa olunacaqları təqdirdə müqavilə bağlanılacağı deyilib. Bunun müqabilində onların müəyyən miqdarda pul ödəməli olduqlarını da söyləyiblər.
“İnsanlardan, burada işləyən çilingərlərdən, qaynaqçılardan, elektriklərdən işə yenidən bərpa olunmaq üçün 200 manat məbləğində pul istəyirlər. Bizim isə onlara verəcək 20 manatımız belə yoxdur. Əmək haqqı verəcəkləri barədə də heç bir zəmanət verilmir, yəni bağlanacaq müqavilə də saxtadır.”
Şikayətçilərdən Həsən Nəsibov da onların dediklərini təsdiqləyib.
“Belə deyirlər ki, 200 manat verib əmək müqaviləsini bağlayırsan. Daha sonra gəlib başını sallayıb işini-gücünü görürsən... İki övladım xəstədir, biri həbsdədir. Çox ağır vəziyyətdə yaşayıram. Mən burada işləməklə 100-150 manat pul qazanırammı ki, hələ bundan sənə də nəsə pul verim, özü də 200 manat?”
Başqa bir şəxs əlavə edib ki, insanların bu satışdan ən azı xəbərləri olmalıydı.
“Biz səhmdar cəmiyyətin üzvüyük. Bura satılanda bizim xəbərimiz olmalıydı, ancaq biz qapının bağlı olduğunu görüb xəbərdar olmuşuq məsələdən. Anladığın bizi dolandırıblar.”
Polislər aksiyanı dağıtmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. İcra hakimiyyətindən hadisə yerinə gələn nümayəndələrin göstərişi ilə qapı açılıb.
Ancaq media nümayəndələri içəri buraxılmayıblar. Qeyd edək ki, məsələni işıqlandırmaq üçün fotolar çəkən müxbirimizə və digər mətbu orqanların nümayəndələrinə təzyiq göstərilib və təhqir edilib. Özünü təqdim etməyən şəxslər onları izahat vermək üçün Qazax rayon polis bölməsinə aparmaq istəyiblər. Getmədiyini gördükdə ona zor tətbiq etməyə cəhd ediblər. İnsanların müdaxiləsi nəticəsində bunun qarşısı alınıb.
Hikmət Carçılı Orhun, Qazax/musavat/
1235 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19