Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2013

Moskvada 50 azərbaycanlı saxlanılıb

Moskvada xüsusi təyinatlılar 50 nəfərə yaxın Azərbaycan vətəndaşını saxlayıb

Həmyerlilərimiz polis idarəsinə aparılıb

Rusiya paytaxtının Qərb dairəsində 50 nəfərə yaxın Azərbaycan vətəndaşı saxlanılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, xüsusi təyinatlı polis dəstələri (OMON) tərəfindən saxlanılan həmyerlilərimiz paytaxtın Oçakovo-Matveyevski rayonunun Polis İdarəsinə aparılıb.

APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, saxlanılan həmyerlilərimiz avtoservisdə çalışanlar olub. Bu gün axşam saatlarına yaxın OMON dəstələri avtoservisə gələrək orada çalışan bütün miqrantları avtobuslara yığıb polis idarəsinə aparıb. Hazırda polis bölməsində saxlanılan azərbaycanlıların müxtəlif cinayətlərdə iştirak edib-etməmələri və qeydiyyat sənədlərinin yerində olub-olmadığı yoxlanılır.

Azərbaycan Respubikası Daxili İşlər Nazirliyinin Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya hüquq-mühafizə orqanlarının son günlər miqrantlara qarşı keçirdyi reydlərin ölkə qanunvericiliyinə uyğun olduğunu söyləyib: “Polisin işi reyd keçirməkdir. Bütün miqrantlar yoxlanılır. Sənədi yerində olmayanlar barəsində tədbir görülür. Sənədləri qaydasında olanlar isə azad olunur. Miqrantların hər hansı cinayətdə iştirak edib-etməmələri də yoxlanılır”.

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraşı direktoru İlqar Hacıyev isə APA-nın Moskva müxbirinə açıqlamasında bildirib ki, konqres paytaxtın Qərb dairəsində saxlanılan 50 nəfərə yaxın Azərbaycan vətəndaşı ilə maraqlanıb: “Onlar Oçakovo-Matveyevski rayon Polis İdarəsinə aparılıb”.

İ. Hacıyev saxlanılan Azərbaycan vətəndaşlarına ÜAK tərəfindən hərtərəfli hüquqi yardımın göstərildiyini söyləyib: “Yarana biləcək situasiyalarda soydaşlarımıza hüquqi yardım göstərmək məqsədilə Ümumrusiya Azərbaycan Konqresinin mərkəzi ofisində təcrübəli hüquqşünaslardan ibarət operativ qərargah yaradılıb. Qərargahda qaynar xətt fəaliyyət göstərir (+7 4953637594). Rusiyada yaşayan bütün azərbaycanlılar qarşılaşdıqları problemlərlə bağlı qaynar xətt vasitəsilə (24 saat ərzində) ÜAK-dakı qərargahdan zəruri hüquqi yardım və məsləhətlər üçün müraciət edə bilər”.
1517 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi