Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Zeynəb Xanlarovanın haqqında danışdığı hasarlar (Foto)

Zeynəb Xanlarovanın parlamentin son plenar iclasında Nardaran sakinlərinin narahatlığına səbəb olan problemlə bağlı çıxış edib. Dənizin hasarlanmasına diqqət çəkən millət vəkili bunun xalqı qıcıqlandırdığını bildirib. “Qafqazinfo” saytı Zeynəb Xanlarovanın haqqında danışdığı ərazidən foto-reportaj hazırlayıb. Bugun.az bu reportajı oxucuların diqqətinə çatdırır:

Dünən parlamentdə nardaranlıların problemlərini sərt şəkildə dilə gətirən, millət vəkili Zeynəb Xanlarovanın çıxışında sonra problemi işıqlandırmaq üçün Nardarana yollandıq. “Qafqazinfo” əməkdaşlarını Nardaran Ağsaqqallar Şurasının sədri və bir qrup kənd ağsaqqalı qarşılayıb. Şura sədri Kərbəlayi Natiq Kərimov Zeynəb Xanlarovanın parlamentdəki çıxışı ilə tanış olduqlarını və Nardaran camaatına məxsus torpaqların ələ keçirilərək dəniz boyu hasarlanması prosesinin artıq uzun zamandır ki davam etdiyini bildirib:

“Zeynəb xanıma bir millət vəkili olaraq parlamentdə belə bir problemi dilə gətirdiyi üçün minnətdarıq. Lakin bu məsələ yeni deyil. İndi bunun yenidən qabardılmasına səbəb yəqin ki öz aralarında yaranan qarşıdurmaya görədir. Belə bir məsəl var ki, gəmini su basanda onu birinci siçovullar tərk edir.

Biz hər zaman demişik ki, nardaranlıların heç kimin mülki ilə işi yoxdur. Biz heç vaxt əlimizə külüng alıb kiminsə evini dağıtmarıq. Lakin dəniz hər kəsə məxsusdur. Onu camaatın əlindən almaq olmaz”.

Kənd ağsaqqallarının sözlərinə görə, evləri dəniz boyu hasara alınanların əksəriyyəti məmurlar, oliqarxlardır. Onların arasında Cahangir Əsgərov da, İsgəndər Xəlilov da, Bəylər Əyyubov, AST Telman, Araz Ağalarov, Vasif Talıbov və başqaları da var. Ağsaqqallar bildirirlər ki, həmin torpaqları vaxtilə 50-100 manata alıblar, bəzilərini isə qanunsuz olaraq ələ keçiriblər. Dənizə çıxış üçün isə insanlara dar bir keçid saxlayıblar: “Biz Nardaran gənclərinin ayağa qalxmasından qorxuruq. Onların qarşısını alan Ağsaqqallar Şurasıdır. Yoxsa gənclər çoxdan tutulan torpaqları geri almaq üçün ayağa qalxardılar. Sadəcə olaraq bunun gündəmə gətirilməsindən məqsəd başqadır. Bu problemi birbaşa dövlət həll etməlidir, biz istəmirik ki, arada Nardaran cammatı qalsın”.

Səidə İsmayılova

1429 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 08:16