Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

Bizim xalq çox vaxt elə oynamaq üçün ayağa qalxır

Hasarlar vətənimizi qoruyur!

Deputatxanada çox zaman ağız deyəni qulaq eşitmir, bir növ bazar iqtisadiyyatı kimi məkandır, bunu spikerin müavini Valeh Ələsgərov da dünən etiraf eləmişdir.
Valeh müəllim nədənsə danışırmış, ancaq baxıb qulaq asan yoxdur, nitqini dayandırıb. Ən gülməlisi odur ki, salonda laqqırtı vuranlar, corab toxuyanlar, nərd atanlar, təkər qaraldanlar, xoruz döyüşdürənlər, it boğuşduranlar spiker müavininin nitqini dayandırmasından xəbər tutmayıblar. Bundan sonra Valeh müəllim inciyib, deyib hə da bə, sizin pıçapıç mənim nitqimdən maraqlıdır, davam eləyin.

Açığı, mən bilmirəm Valeh müəllim niyə inciyir, çünki deputatları da qınamalı deyil, onlar deputat ağılları və qanacaqları ilə belə anlayırlar ki, tarix boyunca Valeh müəllimin ağzından bir dənə faydalı söz çıxmamışdır. Nə o yanlıq, nə bu yanlıq. Məsələn, mən nə qədər fikirləşdimsə yadıma onun bircə cümləsi düşdü: “Bakı-Tiflis-Ceyhan borusunu istəməyənlərin gözü kor olsun”.

Yəni normal dövlətdə bəlkə faciə sayılar ki, iki yüz il deputatxanada spiker müavini olasan, o fəaliyyətindən isə tarixdə bircə qarğış yadda qala... Ancaq biz Azərbaycanda - qartallar yurdunda yaşayırıq! Biz belə xırda məsələlərlə başımızı yormuruq, buna da şükür eləyirik. Məsələn, Cəlal müəllim heç iclasa gəlmir, ancaq onun söyüşlərinin ruhu daim məclisin havasında dolaşır, deputatları dövlətçiliyə, məsuliyyətə səsləyir.
Ümumiyyətlə, gərək yaxşı səsin olsun. Bu mənada Zeynəb Xanlarova haçan danışsa hamı diqqətlə qulaq asır, dünya şöhrətli müğənnimizin səsindən zövq alırlar. Elə dünən də Zeynəb xanım xalqın harayını deputatxana kürsüsündən BMT-yə, YUNESKO və İSESKO-ya, ATƏT və ASAN-Xidmət mərkəzlərinə çatdırmışdır. Deyir nə üçün Nardaran və Bilgəh tərəflərdə dənizi hasara alıblar, belə getsə xalq narazılığı son həddə çatacaq. Sitat: “Mən qorxuram belə getsə xalq ayağa qalxacaq”. Nəqərat... Üzr istəyirəm, sitatın sonu.
Burda bir neçə analiz olunası detal ortaya çıxır. Çünki əlimizdən başqa iş gəlmir, cənab prezidentin Sumqayıtda tikdiyi şəxsi müəssisələrdən, ya da Ukraynada Yanukoviçin qarajından tapılan xarici maşınlardan yazası deyilik ki? Gərək gücümüz çatan sözlərdən yapışaq, başımız salamat qalsın. Yoxsa bəzi jurnalist ağır söz qaldırmaq istəyir, hökumət də vurur sözü salır onun başına. Nəyə gərək? Valeh müəllim demişkən, sağlam bədəndə sağlam boru olar.

Detalın birincisi odur ki, tutalım xalq ayağa qalxdı, Zeynəb xanım bundan niyə qorxur? Məncə, onun qorxmasına ciddi səbəb yoxdur, xalqımız lazım gəlsə yenə onu əlləri üstdə gəzdirib tribunaya qaldıracaq, “Dünyanın xoşbəxti” mahnısını oxumasını rica edəcək. Bizim xalq çox vaxt elə oynamaq üçün ayağa qalxır.

İkincisi, qorxası oğlanlar qalıb qıraqda, qadınlarımız qorxur. Bu da qarşıdan gələn 8 mart müəllimələrə rüşvət bayramı münasibətiylə düzgün deyildir.

Üçüncüsü, hasarın dənizə çəkilməsinə görə xalqımız heç vaxt ayağa qalxmaz. Əksinə, hasar olmayanda camaat qalxır. İndi baxırlar hasardır, daha bunu aşmaq mümkün deyil, neyləsinlər...

Dördüncüsü, qışın bu soyuğunda guya xalqın dənizdə nə işi var? Gedib çimib sətəlcəhənnəm olarlar. Zeynəb xanım xalqı qırğına vermək istəyir? İnanmaram. Öldürsələr inanmaram.

Əgər deputat bu problemi yayda qaldırsa bəlkə aktual idi. Hərçənd dənizdə çimmək bizim mentalitetimizə yaddır. Hasarı da ona görə çəkiblər. Biz Braziliyada yaşamırıq! Elə bil Bilgəhdə karnaval olacaq.

Beşincisi, hasar olmayanda nə qədər insan gedir dənizdə batır. Bizə bu lazımdırmı? Lazım deyildir.

Yaxşı olar ki, Zeynəb xanım yeni mahnıları ilə sənətsevərlərimizi riqqətə gətirsin, peykimiz göydə şırım açsın, deputatlar Valeh müəllimin qarğışlarına qulaq assın, hasar çəkənlər də hasarını çəksin.

Zamin Hacı/musavat
1547 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:09