Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

Səfər Əbiyev kabinet naziri olub

Zahid Oruc hakimiyyətin «güclü ordu» siyasətini ifşa etdi

Üzeyir Cəfərov: «Zakir Həsənovun, Nəcməddin Sadıqovun, Vahid Əliyevin bərbad kadr siyasəti nəticəsində ordu tanınmaz hala düşüb»

Cəsur Sümərənli: «Hazırda orduda hər hansı irəliləyiş, şəffaflıq müşahidə olunmur, ictimaiyyətə məlumat verilmir»

Son günlət Müdafiə naziri Zakir Həsənovun Fətullah Gülənə yaxın olduğu barədə internetdə məlumatlar və səs yazıları yayılır. Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov açıqlamasında bildirmişdi ki, yayılan məlumatlar araşdırılacaq. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc da “Bizim yol”a açıqlamasında məsələyə münasibət bildirib: “On illərdir Zakir Həsənovu tanıyıram - canıyla-qanıyla dövlətə, dövlətçiliyə bağlı adamdır. Komandanı olduğu dövrdə islahatlar keçirərək Daxili Qoşunların Azərbaycanın milli maraqları istiqamətində fəaliyyətini təmin edə bilib. Ölkə başçısı da onu nazir təyin edərkən karyerasını və peşəkarlığını nəzərə alıb”.

Daha sonra Zahid Oruc keçmiş Müdafiə naziri Səfər Əbiyevi hədəf alıb: “Hamıya məlumdir ki, Səfər Əbiyevdən miras qalmış sistemin yenidən qurulması istiqamətində çox mühüm işlər həyata keçirilir. Təəssüf ki, o miras da o dərəcədə uğurlu deyil. Yumşaq desək, Səfər Əbiyev kabinet naziri olub. Bunu mən gedəndən sonra arxasınca söyləmirəm, çoxları şahiddir ki, MM-in tribunasından onu istefaya çağırmışdım və hərbi problemləri qaldırmışdım. Ona görə də o konfliktləri yaşamaqdaydıq. Ancaq Zakir Həsənovun layiqli kadr olduğunu düşünür və bu məsələnin ciddiyə alınmasının tərəfdarı deyiləm”- deyə Zahid Oruc bildirib.

Millət vəkili etiraf edir ki, Səfər Əbiyevdən ağır miras qalıb. Amma ölkə başçısından tutmuş, millət vəkillərinə qədər hər kəs bu illər ərzində ordumuzun gücündən danışıb.

Ölkə başçısı Ilham Əliyev bütün çıxışlarında Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən böyük olduğunu, lazım gəlsə Qarabağı işğaldan azad edə biləcək ordunun yarandığını söyləyirdi. Bugünlərdə “Qaçqınkom” sədri Əli Həsənov Azərbaycan ordusunun 100 il əvvəlki torpaqları geri almağa qadir olduğunu söylədi. Millət vəkili Siyavuş Novruzov isə nəinki Qarabağı, bir neçə günə Irəvanı geri qaytara biləcəyimizin anonsunu verdi. Belə nümunələr çoxdu. Ancaq Zahid Orucun Səfər Əbiyev haqqında dedikləri onu göstərir ki, indiyə qədər ordu haqqında deyilənlər nağıl imiş. Digər tərəfdən, əgər bu adam ordunu bərbad duruma salırdısa, niyə uzun illər bu kürsüdə otururdu? Istənilən halda səslənən fikirlər onu göstərir ki, ordumuz böyük imtahana hazır deyil. Yalnız ordu adı altında milyardların xərclənməsi var. Eyni zamanda etiraf edilir ki, hazırkı ordu bərbad mirasdır.

Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, bu gün ordunun vəziyyəti acınacaqlıdır və Zahid Orucun səsləndirdiyi fikirlər sadəcə boşboğazlıqdır: “Mən Səfər Əbiyevin qatı tənqidçilərindən olmuşam. Ancaq Səfər Əbiyevdən fərqli olaraq Zakir Həsənov Müdafinə Nazirliyi sistemində xidmət etməyib. Belə bir adam orduda necə yenilik edə bilər. Bu gün ordunun durumu bərbad vəziyyətdədir. Görünür, Zahid Orucun bu sektorda baş verənlərdən xəbəri yoxdur. Səfər Əbiyevin vaxtında orduda bu qədər anarxiya yox idi. Zakir Həsənovun, Nəcməddin Sadıqovun, Vahid Əliyevin bərbad kadr siyasəti nəticəsində ordu tanınmaz hala düşüb. Mən Zahid Orucu redaksiyaya dəvət edirəm və onun qarşısına kifayət qədər arqumentlər qoya bilərəm. Yaxşı olardı ki, Zahid Oruc hərbi xidmət yaşının maksimum həddinin aşağı salınması haqqında fikirlərini söyləsin. Mən prezidentə məktub ünvanlamışam və ordudakı vəziyyəti göstərmişəm. Ordunun inkişafından danışan istənilən şəxslə fikir bölüşə bilərəm”.

“Doktrina” CHAM-ın rəhbəri Cəsur Sümərənli: “Azərbaycan ordusunda gərginlik 5-6 il əvvəl başladı və bu hərbi xərclərin artması ilə bağlı idi. Hərbi xərclərdən sui-istifadə halları başlandı. Xüsusilə səfər Əbiyev və Nəcməddin Sadıqov arasında toqquşmalar başlandı. Ümumilikdə orduda idarəçilik böhranı başladı və korrupsiyanın səviyyəsi artdı, bu pullarda gözü olan generalların maraqları toqquşdu, əsgər ölümləri intensivləşdi. ”Əsgər ölümlərinə son" aksiyalarından sonra ölkə rəhbərliyi Səfər Əbiyevi vəzifədən azad etməli oldu. Hazırda yeni müdafiə naziri təyin olunub. Ancaq orduda hər hansı irəliləyiş, şəffaflıq müşahidə olunmur, ictimaiyyətə məlumat verilmir. Sadəcə olaraq hərbi qulluqçular arasında yumşalma və müəyyən kadr dəyişiklikləri müşahidə olunur. Ümumilikdə itkilərin sayı artır və bu ilin 2 ayı ərzində 13 hərbi qulluqçu həlak olub. Zahid Orucun səsləndirdiyi fikirlər yəqin ki, manevr cəhdidir. Ancaq Zahid Oruc bir neçə dəfə MM-də ordu məsələsinə toxunub"./azadlıq/
1358 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber