Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

Müxalifət Zeynəb Xanlarovaya haqq qazandırdı

Həsən Kərimov: «Hakimiyyətin Bakı kəndlərinə ögey münasibəti var»

İbrahim İbrahimli: «Zeynəb Xanlarova hakimiyyətə xəbərdarlıq etdi ki, artıq insanlar boğaza yığılıb»

Parlamentdə nardaranlıların problemlərini sərt şəkildə dilə gətirən, millət vəkili Zeynəb Xanlarovanın çıxışı ictimai dəstək qazanıb. Cəmiyyəti narahat edən problemlərin dilə gətirilməsi ictimai-siyasi xadimlər tərəfindən alqışlanıb.

Nardaran Ağsaqqallar Şurasının sədri Kərbəlayi Natiq Kərimov Z.Xanlarovanın parlamentdəki çıxışını təqdir etdiklərini deyib. Nardaran camaatına məxsus torpaqların ələ keçirilərək dəniz boyu hasarlanması prosesinin artıq uzun zamandır ki, davam etdiyini deyən N.Kərimov vurğulayıb ki, evləri dəniz boyu hasara alınanların əksəriyyəti məmurlar, oliqarxlardır: “Zeynəb xanım tamamilə haqlıdır. Biz onun çıxışını, Nardaranda yaşanan problemləri qabartmasını alqışlayırıq. Zeynəb Xanlarovanın Milli Məclisdəki çıxışı tək Nardaranda deyil, ümumilikdə bütün ölkədə baş verən məmur özbaşınalığına olan münasibət idi. Yolları bağlamaq, Allahın insanlara bəxş etdiyi dənizin zəbt etmək olmaz. Bu məmurlar da sözün əsl mənasında dənizi zəbt ediblər. Zeynəb xanım da haqlı idi bütün bu problemləri qabartmaqda. Biz onun çıxışını alqışlayırıq. Çünki heç kimin, heç bir məmurun haqqı yoxdur ki, öz ata malı kimi dənizin qarşısını kəssin, insanları bu gözəlliyi seyr etməkdən məhrum etsin. Bu düzgün hərəkət deyil. Məmurların bu özbaşınalığı sonda etirazlara gətirib çıxaracaq”.

Z.Xanlarovanın çıxışına siyasətçilərin də münasibətini öyrəndik. AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirdi ki, Bakı kəndlərinin probleminin bu cür cəsarətli şəkildə parlamentdə qaldırılması təqdirəlayiqdir. Illərdir bu problemlərin çözülməsi istiqamətində heç bir səylərin göstərilmədiyini deyən H.Kərimov vurğuladı ki, Bakı kəndlərinin sakinləri ciddi sosial problemlər içərisindədir: “Hakimiyyətin Bakı kəndlərinə bir ögey münasibəti var. Bunun hansı qisasçılıqdan irəli gəldiyi bilinmir. Yalnız özlərinə aid olduqları ərazilərdə abadlıq işləri aparırlar. Digər kəndlərin qaz, işıq, su ilə təminatlarındakı problemlər isə çözülməmiş qalır. Azərbaycan müxalifəti bu problemləri qabardır. Amma müxalifətin bu problemləri parlamentdə dilə gətirmək imkanı yoxdur. Demokratik qüvvələr olaraq hakimiyyətə gəldiyimiz təqdirdə Bakı kəndlərinin problemləri ilə ciddi məşğul olmağı məqsəd kimi qarşımızda qoymuşuq”.

Milli Şuranın üzvü Ibrahim Ibrahimli isə vurğuladı ki, sosial problemlərin Zeynəb Xanlarova kimi tanınmış millət vəkili tərəfindən dilə gətirilməsi cəmiyyəti ciddi problemlərin narahat etdiyi mesajını verir: “Belə bir çıxış edilməsi təqdirəlayiqdir. Zeynəb Xanlarovanın dediyi kimi Bakı kəndlərində, xüsusilə Nardaranda vətəndaşlara məxsus olan torpaqların zəbt olunması, daha sonra onların qanuniləşdirilməsi yolverilməzdir. Bütün bu halların nəticəsi olaraq cəmiyyətin daxilində toplanan mənfi enerjini müşahidə edən bir millət vəkili kimi hakimiyyətə xəbərdarlıq etdi ki, artıq insanlar boğaza yığılıb. Səbr kasasında son damla insanların ayağa qalxması ilə müşahidə oluna bilər”. Ukraynada baş verən hadisələrin həm hakimiyyət dairələrinə, həm də cəmiyyətə, ziyalılara təsirini göstərdiyini deyən I.Ibrahimli vurğuladı ki, bu baxımdandan baş verənlərin fonunda cəmiyyət daxilindəki problemlərin daha tez-tez gündəmə gətirilməsinin şahidi olacağıq: “Bundan sonra sosial problemlərlə bağlı uzun müddət danışmayan, susan millət vəkillərinin çıxışlarının şahidi olacağıq. Bu yaxşı tendensiyadır. Bu tendensiya postsovet məkanında baş verən proseslərlə bağlıdır. Bu müsbət tendensiya yüksələn xətlə davam edəcəkdir”./azadlıq/
1559 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:12
İtaliyan