Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Fevral 2014

Xocalı tədbirində polislərin təxribatı

Gültəkin Hacıbəyli: «Ümummilli dərdimiz ətrafında birləşməyi bacarmırıqsa, dünyadan Xocalıya hansı ədaləti istəyə bilərik?»

Şahvələd Çobanoğlu: «Bu hakimiyyət şüardan, arzudan, istəkdən qorxur»

Dünən Milli Şura Xocalı abidəsini ziyarət edərkən mərasim iştirakçılarının “Xocalıya ədalət!”, “Qarabağ!”, “Zəfər zəngi çalınsın, qisasımız alınsın!”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarını səsləndirməsi polisləri qıcıqlandırıb. Polislər tərəfindən təxribata cəhd olunsa da, ictimai-siyasi fəallar buna imkan vermədi.

Polislər mərasim iştirakçılarından şüar səsləndirməməyi tələb edirdi. Ancaq bunu heç nə ilə əsaslandırmırdılar.

Mitinqlərin, siyasi şüarların hakimiyyətdə qıcıq yaratdığını bəlkə də anlamaq olar, ancaq Xocalıya ədalət tələb edilməsinə qarşı çıxmaq heç cür başadüşülən deyil. Ölkə başçısı Ilham Əliyevin “Xocalıya ədalət!” kampaniyasının keçirilməsinə dair tədbirlər haqqında sərəncam imzalaması, dövlət büdcəsindən 1 milyon manat ayrılması nədir, polislərin bu cür davranması nə?

Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəyli olayı təəssüf hissi ilə qarşıladığını deyir: “Bu hal hamı kimi məndə də dərin təəssüf hissi yaratdı. Çünki bu gün bizim ümummilli matəm günümüzdür. Iqtidarlı, müxalifətli hər bir azərbaycanlı üçün çox ağır bir gündür. Xocalıda 613 nəfər günahsız vətəndaşımızı - körpəli, qocalı, qadınlı şəhidlərimizin ruhunu yad etmək üçün bu anım mərasiminə toplaşmışdıq. Belə bir gündə polislərin müdaxiləsi, qarışıqlıq yaratmaq cəhdləri sadəcə, böyük təəssüf hissi doğurur. Mən o tədbirdə iştirak edirdim. Orada Milli Şuranı təmsil edən insanlar ”Şəhidlər ölməz, vətən bölünməz!", “Qarabağ!”, “Xocalıya ədalət!” şüarlarından başqa şüarlar səsləndirmirdilər. Nə üçün Milli Şuranın Xocalıya ədalət istəməsi, şəhidlərin ruhunu anması polislər tərəfindən bu qədər qısqanclıqla qarşılandı? Bu hal yolverilməzdir. Çünki bu gün bütün xalq həmrəyliyini nümayiş etdirməlidir. Heç olmasa, faciəmiz bizi birləşdirməlidir. Əgər biz ümummilli dərdimiz, kədərimiz ətrafında birləşməyi bacarmırıqsa, hansı qisasdan danışa bilərik? Biz dünyadan Xocalıya hansı ədaləti istəyə bilərik? Bu olaydan təəssüf hissi keçirirəm. Bu polislər də azərbaycanlılardır və yəqin ki, onların yaxınları arasında da şəhidlər var. Çox arzulayardım ki, belə hallar bir daha təkrarlanmasın".

Gültəkin Hacıbəylinin sözlərinə görə, polislərin bu davranışı Milli Şuraya deyil, ilk öncə, Xocalıda şəhid olan soydaşlarımızın ruhuna qarşı edilən hörmətsizlik kimi dəyərləndirilməlidir.

Tanınmış köşə yazarı Şahvələd Çobanoğlu isə baş verənlər barədə danışarkən ilk növbədə onu qeyd etdi ki, hakimiyyət ölü cəmiyyət istəyir: “Hakimiyyət istəyir ki, ölkə səssiz olsun, xalqın da səsi çıxmasın. Onlar ölü cəmiyyət istəyir. Hər şeyi bahanə edirlər ki, xalq sussun, insanlar yalnız hakimiyyətin dediklərini eşitsin, dinləsin. Bu hakimiyyət şüardan, arzudan, istəkdən qorxur. Xalqdan, gənclikdən qorxur”./azadlıq/
1433 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02