Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2014

Tağı Əhmədovun işdən çıxarılma səbəbləri

Metroda Tağı Əhmədov erası bitdi; Bakı Metropoliteninin bazasında yeni səhmdar cəmiyyət yaradıldı; “Bakıelektikşəbəkə”nin sədr müavini Zaur Hüseynov müəssisənin rəhbəri təyin edildi; qalmaqallı açıqlamaları ilə tanınan məmur, gizli “Oğuz” qruplaşmasının üzvü niyə qəzəbə gəldi?

Prezident İlham Əliyev fevralın 27-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılır.
Sərəncamda o da bildirilir ki, yeni QSC-yə Zaur Mirtofiq oğlu Hüseynov rəhbərlik edəcək.

Cəmiyyətin sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.

Nazirlər Kabineti prezidentin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir. Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə öz fəaliyyət istiqamətlərinə uyğun olaraq QSC-nin dövlət qeydiyyatına alınması üçün tədbirlər həyata keçirmək həvalə edilib.

Beləliklə, hər ay milyonlarla dövriyyəsi olan “yeraltı dünyaya”-Bakı Metropoliteninə 20 ilə yaxın müddətdə rəhbərlik etmiş və ölkənin iri oliqarxlarından sayılan Tağı Əhmədov vəzifəsini itirib.

Bu struktur və kadr dəyişikliyini birmənalı qiymətləndirmək mümkün deyil. Burada maraqlı və mübahisəli məqamlar yetərincədir. Birinci maraqlı detal budur ki, Zaur Hüseynov metropoliten sistemində bir gün belə işləməyib. O, uzun müddət “Qaradağ-Sement” ASC-nin baş mühasibi işləyib. Z.Hüseynov 2007-ci ildə fərqli müəssisəyə rəhbər vəzifəyə təyinat alıb - “Bakıelektikşəbəkə” ASC-nin sədr müavini təyin edilib. 7 il burada çalışdıqdan sonra isə yenidən fərqli profilli bir müəssisəyə - Bakı Metropoliteninə rəhbər təyin edilib. Bəzi iqtisadçı ekspertlər metro işçisi olmayan şəxsin belə bir mürəkkəb sistemə rəhbər təyin olunmasını sualla qarşılayıb. Ancaq bu barədə fikir yürütmək də hələ tezdir. Çünki bu cür strateji postlara təyinatda hakimiyyət üçün önəmli olan həmin şəxsin ixtisası deyil, menecerlik qabiliyyətinin yüksək olmasıdır. Əgər mühasib “Bakıelektrikşəbəkə” kimi strateji əhəmiyyətli dövlət müəssisəsinin rəhbərliyində 7 il təmsil olunubsa, deməli, menecerlik vərdişləri yetərincədir.

Metropolitenin yeni şefi lent.az saytının “metropolitendə hər hansı kadr dəyişikliyi olacaqmı” sualına belə cavab verib: “Yaxşılığa doğru hər şey olacaq”. Bununla da Z.Hüseynov metropolitendə dəyişikliklər olacağının anonsunu verib.

İxtisasca metro mütəxəssisi olan T.Əhəmdovun 20 illik rəhbərliyi dövründə metropolitendə xidmət səviyyəsi sovet dövrü ilə müqayisədə belə aşağı səviyyəyə enmiş, gediş haqqı 4 dəfə bahalaşmışdı (Halbuki ekspertlər metropolitendə sərnişin daşınmasının maya dəyərinin süni şəkildə şişirdildiyini konkret faktlarla ortaya qoyub). Onun personası isə ictimai rəydə neqativ fonda idi. Eyni zamanda metropolitendə korrupsiya hallarının olması ilə bağlı mediada mütəmadi məlumatlar dərc edilib. Son vaxtlar isə T.Əhmədov ictimai rəyə təsiri olan ANS telekanalının tənqid hədəfinə çevrilmişdi.

Məsələnin ikinci maraqlı məqamı budur ki, T.Əhmədov hakimiyyətdə “köhnə qvardiya”nı təmsil edirdi, yeni sədrin isə Bakı klanına daxil olması barədə məlumatlar var. Onun əvvəlki iş yerinin - “Bakıelektrikşəbəkə” ASC-nin Bakı klanının təsir dairəsində olması artıq təsdiqini tapmış faktdır. Ona görə də bu təyinatı maliyyə axınları üzərində klanlarası savaş kimi də qiymətləndirmək olar - Bakı klanı bu savaşda da qalib çıxıb.

Qeyd edək ki, Bakı Metropoliteni ən nəhəng maliyyə axınlarının dövr etdiyi dövlət müəssisələrindən biridir. Son 10 ildə dövlət sərmayələri hesabına müəssisəyə 1,5 milyard manat yatırılıb (Bu il müəssisəyə 224 milyon manat dövlət sərmayəsi ayrılıb). Bundan başqa, metropolitenin büdcəsi dövlət dotasiyası ilə birlikdə 220 milyon manata yaxındır.
Nəhayət, metroda rəsmi uçota alınmayan, məbləği milyonlarla ölçülən reklam və ticarət obyektlərinin icarəsindən də gəlirlər var. Ona görə bu “yağlı tikə”ni ələ keçirmək uğrunda klanlararası savaşa təbii baxmaq lazımdır. Xüsusilə o halda ki, yaxın illərdə yeni metro stansiyalarının tikintisi planlaşdırılır və buraya böyük məbləğli dövlət investisiyalarının yatırılacağı gözlənilir.

Bakı klanının qələbəsi, deyəsən, T.Əhmədov üçün də gözlənilməz olub. Bu barədə prezident fərmanı elan edildikdən təxminən 1 saat sonra musavat.com saytı onunla əlaqə saxlayıb. O, sayta bildirib ki, işdən çıxarılması barədə hər hansı məlumata malik deyil: “Mənə bu haqda heç kim heç nə deməyib. Hazırda işdəyəm, kabinetimdə oturub, sizinlə danışıram. Əgər deyirlərsə ki, məni işdən çıxarıblar, demək, düzdür”.

Yeri gəlmişkən, son 1 ildə “köhnə qvardiya” xeyli itki verib. Təhsil naziri Misir Mərdanov, müdafiə naziri Səfər Əbiyev, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi Aydın Bəşirov, kənd təsərrüfatı naziri İsmət Abasov, işdən çıxarılıb (sonuncuya formal olaraq baş nazirin müavini vəzifəsi verilib-red.), onların yerlərini Bakı klanına yaxın şəxslər tutub. İndi də “köhnə qvardiya”nın daha bir üzvü karyerasını bitirib. Bu baxımdan yaxın gələcəkdə Bakı klanının (şərti olaraq Bakı klanı adlanır, bu qrupa müxtəlif regionları təmsil edən məmurlar daxildir) təsir dairəsinin daha da artacağı gözlənilir.

Əsas suallardan biri də T.Əhmədova yeni vəzifə verilib-verilməyəcəyi ilə bağlıdır. Hakimiyyətə yaxın mənbə bildirdi ki, metropolitenin sabiq rəisi siyasi hakimiyyətin gözündən düşsə də onun işsiz qalacağı da ağlabatan deyil: “Tağı müəllim xarakter etibarı elə bir insandır ki, onu boş qoymaq olmaz. Başını qatmaq üçün mütləq nəsə bir orta səviyyəli iş verəcəklər. Amma bu, tezliklə olmayacaq. Hər şey onun vəzifədən çıxarıldıqdan sonra özünü necə aparmasından asılı olacaq”.

Yekunda Tağı Əhmədovla bağlı bir şok məlumatı da verək. Cənab Əhmədov hakimiyyət içərisində fəaliyyət göstərən gizli “Oğuz” qrupunun rəhbərlərindən biridir. Maraqlıdır ki, bu qrup iqtidardakı kürd qruplaşmasına qarşı mediada kompromat savaşı verirdi və onun hətta müxalifət partiyalarında da fəalları var idi. Əsasən Naxçıvan və Qərbi Azərbaycan əsilli sabiq və fəaliyyətdə olan məmurlardan təşkil olunan qrupun əsas ideologiyası bölgəsal türkçülükdür. Onların strateji məqsədləri Naxçıvan və Qərbi Azərbaycan əsilli türk klanlarını birləşdirərək, iqtidardakı rıçaqları qorumaq, imkan olsa, daha da genişləndirməkdir.

Bu barədə qəzetimizin növbəti saylarında təfsilatlı yazacağıq. /Musavat/
1332 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:54