Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2014

“Kişinin qızı düz deyir də...”

Əməkdaşlarımız Zeynəb Xanlarovanın gündəmə gətirdiyi dəniz sahillərini hasarlayan məmur villalarından yazır; sadə camaat “xalqın yolunu və suyunu kəsən zülmkarların axırı yaxşı olmur” deyir

“Zeynəb xanım hamının bildiyini deyib. Bəyəm, bu kəndin camaatı bilmir ki, hansı nazir, ya hansı məmur bu dənizi çəpərləyib? Amma bir var kənd adamının deməyi, bir də var deputatın dilə gəlməyi. Bax bu, yaxşı oldu. Axşam efirdə baxdım, ləzzət elədi. Kişinin qızı düz deyir də... İndi nəinki Nardaran, Bilgəh, Mərdəkan, Pirşağının dəniz sahillərinə keçmək olmur, villalar suyun içərisinə girir”. Bu sözləri Nardaran sakini Mehdi Cəlilov deyir. O, bizimlə söhbətində deputat Zeynəb Xanlarovanın parlament tribunasından məmurların dəniz sahillərini hasarlamasına etiraz etməyini az sayır.

M.Cəlilov deyir ki, dövlət bu haqda tədbir görməsə, əhali ayağa qalxacaq: “Əşşi, bu dəniz də sənin dədənin deyil ki?! Bu millətin sərvətidir də. Pulun var, tikirsən, beş artıq... Heç olmasa, bir az tamahını azalt da. Lap dənizə giriblər. 

Camaat da səni kimi təmiz hava, açıq yol, dənizdə çimmək istəyir. Bütün Pirşağı, Bilgəh, Nardaran sahilləri boyunca nazirlərin villaları, bağ evləri ucaldılıb. Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovdan tutmuş fövqəladə hallar naziri Kəmaləddin Heydərova, iş adamı Araz Ağalarov, parlamentin spikeri Oqtay Əsədov, Paşayevlərin, polis rəislərinin, prokurorların, biznesmen deputatların imarətləri var". 
Bu mənzərənin biz də şahidi olduq. Nardaran və Pirşağı çimərliklərinə gedən yollar həqiqətən də bağlanıb. Əlçatmaz hündürlükdə uzanan hasarların eni də uzunluğu qədər tükənməzdir. Dəniz sanki başdan-başa malikanələrlə hasarlanıb.   

Kənardan müşahidə edəndə Xəzərə elə bil divar çəkirlər. Çəpərlənmiş ərazilərdə isə “dənizə gedən yol” yazılmış işarələr göstərilir. Məmurlar vətəndaşların “qayğısını” çəkib, onların dənizə necə gedə biləcəyi yolu heç olmasa nişan verirlər. 

Nardaran sakinləri onu da deyirlər ki, dəniz sahilləri çəpərlənəndə camaatı nəzərə almaq lazım idi: “Zeynəb xanım yaxşı bilir ki, burda yerləri kimlər zəbt edir. Niyə hökumət adamları susurlar? Qanunla qadağandır ki, dəniz sahilini işğal edəsən”. 

Pirşağı sakini Nurəddin Həsənov deyir ki, Bəylər Əyyubov dəniz kənarına sahiblənib: “Bu kəndlərdə vaxtilə dənizin sahili ilə düz Sumqayıta qədər gedirdilər. İndi bunu eləmək olmur. Mənim uşaqlarım, nəvələrim dənizin qırağına çıxa bilmir. 

Çünki alınıb o yerlər, hamısını hasarlayıb, gedib giriblər dənizin içinə. Milyonlar verib alıblar. Burada iş adamı İsgəndər Xəlilov, Ziya Məmmədov, Etibar Pirverdiyev, onlardan bir aşağı rütbəli məmurların yerləri var. Heç illərlə gələn gedən olmur".

Pirşağı sakinləri söyləyirlər ki, Kürdəxanı, Bilgəh və Mərdəkan ətrafına ötəri baxmaq kifayətdir. Onların sözlərinə görə, acgöz varlılar sahil boyunca əraziləri hasarlayıblar. Kənd sakini Həmid Şükürov bəzi obyektlərin, villaların sökülməsini təklif edir: 
“Ayaq qoymağa yer qalmayıb. Dənizə gedə bilmirik. Hər yer hasarlanıb. Hələ bir yazırlar ki, sahilə yol bu tərəfdən keçir. Guya nişan qoyublar. Sağ olsunlar. Zeynəb xanım gərək prezidentə məktub yazsın. Onun səsi bizdən daha çox eşidilər. 

Bir araşdırsınlar, görün kimlərin adları çıxacaq. Adamdan soruşarlar ay filan prokuror, ya filan komitə rəhbəri, hansı pulla bu imarəti tikmisən? Yaxşı, tikmisənsə, yolu bağlama da. Xalqın yolunu və suyunu kəsən zülmkarların axırı yaxşı olmur". 

Reyd keçirdiyimiz bu ərazilərdə vəziyyətin necə olduğunu sözlə yox, fotogörüntü ilə təqdim etmək daha münasib olar. Bu şəkillərdən də görünür ki, Xəzər sahilləri necə hasarlanıb. Ümumiyyətlə, bu problemlə bağlı mətbuatda, eləcə də “Yeni Müsavat”da saysız-hesabsız yazılar dərc olunub. Z.Xanlarovanın çıxışı isə yenidən bu məsələni gündəmə gətirdi. 

Xatırladaq ki, Sabunçu icra başçısının müavini Qəzənfər Həsənov mətbuata açıqlamasında o torpaqların hamısının qanunun tələbləri əsasında satılıb sənədləşdirildiyini qeyd edib. 

“İkincisi də Zeynəb xanım bizim ərazinin millət vəkili deyil və sakinlər heç vaxt ona şikayət etməyiblər. Biz indi bilmirik ki, o, niyə belə edib. O ərazidə onun da bağı var. Bir neçə dəfə bağında problem olanda icra hakimiyyətinə müraciət edib, biz ona kömək etmişik”. 
Ölkənin torpaq haqqında qanunda isə deyilir ki, dənizin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında, dənizə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasarlana bilər./Musavat/  

 

 

 






    



1469 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı