Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2014

Tələbələrin bəyanatı BDU-ya çatmayıb

Fevralın 20-də BDU-nun tələbələri Nazirlər Kabinetinin qərarına etiraz əlaməti olaraq aksiya keçirdilər. Aksiya Universitetin mühafizəçiləri və ərazidəki polislər vasitəsilə dağıdıldı. Fəal tələbələrə təzyiqlər oldu və tələbənin döyüldüyü anı əks etdirən video görüntülər saytlarda yayımlandı.

Bütün bunlardan sonra tələbələr bəyanatla çıxış etdilər və Universitet rəhbərliyi qarşısında tələblər qoydular. Universitet tələbələrindən aldığımız məlumata görə, hələ də onların müraciətinə cavab verilməyib. Adlarının hallanmasını istəməyən tələbələr “Azadlıq”a bildirdilər ki, onların tələbləri ilə bağlı Universitet rəhbərliyi hər hansı mövqe bildirməyib və aksiyada fəallıq edən gənclərə nəzarət artırılıb. Ancaq tələbələr haqlı olduqlarını və sona qədər mövqelərindən çəkilməyəcəklərini bildirdilər.

Qeyd edək ki, təhsil ekspertləri də yeni qərarları əsasız sayır və tələbələri haqlı hesab edirlər.

Təhsil eksperti Etibar Əliyev hesab edir ki, tələbədən vəsait tələb olunması təhsil qanununa ziddir və kəsilən tələbəni məcburi qaydada dərslərə cəlb etmək də doğru deyil. Ekspert bildirir ki, məcburi ödəniş sanksiyasının tətbiqi düzgün deyil və qəbul etdiyimiz “boloniya” sisteminə də ziddir.

Xəzər Universitetinin təsisçisi, professor Hamlet Isaxanlı da sözügedən məsələ ilə bağlı mətbuata açıqlama verib: “Biz dünyanın inkişaf etmiş ölkələrinin ali təhsil ocaqlarında tətbiq edilən ”boloniya" sistemini qəbul etmişik. Bu sistemin tətbiq edildiyi hər universitet qərarını müstəqil şəkildə özü verir. Bütün dünyada bu, belədir. Kredit və əlavə pulun ödənilməsi, bunların hamısı sırf texniki problemlərdir. Onların “boloniya” sisteminə heç bir dəxli yoxdur. Indi yaranan problemi “boloniya” sistemi ilə bağlamaq doğru deyil. Bu qərarı Təhsil Nazirliyi verib. Ona görə də suallar rektorlara yox, birbaşa nazirliyə ünvanlanmalıdır. Yəni nazirlik aydınlıq gətirməlidir ki, nəyə əsasən sözügedən qərarın tətbiqinə ehtiyac duyub. Prinsip etibarı ilə ödənişsiz təhsilin olduğu universitetlərdə imtahandan kəsilən tələbələrin yenidən məcburi qaydada ödənişli tədrisə cəlb edilməsi düzgün deyil. Bu baxımdan kəsrlər üçün əlavə pul tələb olunması qanuna və məntiqə ziddir. Əgər mən tələbəni qəsdən kəsirəmsə, bunun yeganə adı vicdansızlıqdır. Ilk olaraq bunun qarşısı alınmalıdır. Əgər tələbə tam əmin olsa ki, müəllimlər onun biliyini tam obyektiv qiymətləndirirlər, onda nə etiraz olar, nə də aksiya"- deyə Hamlet Isaxanlı bildirib.

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə Ibrahimova “Azadlıq”a açıqlamasında bildirdi ki, tələbələrin bəyanatı rəsmi şəkildə bizə təqdim edilməyib: “Biz eşitmişik ki, tələbələr müəyyən tələblər səsləndiriblər. Ancaq bu tələblər Universitet rəhbərliyinə rəsmi formada təqdim olunmayıb. Məlum bəyanat rəsmi formada təqdim olunarsa, müvafiq cavab veriləcək”. Pərvanə Ibrahimova onu da bildirdi ki, tələbənin qaldırdığı şikayət ilə əlaqədar BDU-da AMEA-nın müxbir üzvü Vasif Babazadənin rəhbərliyi ilə komissiya yaradılıb. Hazırda komissiya şikayətin araşdırılması istiqamətində işə başlayıb və yaxın günlərdə bununla bağlı mətbuata açıqlama veriləcək.
1503 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:07