Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2014

"Üzümə deyirlər ki, ən azı 6 il cəza alacaqsan"

Pərviz Həşimlinin məhkəməsi başladı; jurnalist hakimi MTN-dən asılı olmaqda ittiham etdi
“Mənə repressiya ədəbiyyatı oxutdurub təzyiq göstərirdilər”

Ötən ilin sentyabrında həbs olunmuş jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin işi üzrə məhkəmə prosesi başlanıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə baxılır.
Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı - beş ildən səkkiz ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma - üç ildən beş ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır) maddələrilə ittiham irəli sürülüb. Istintaqın sonunda Pərviz Həşimliyə Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı və sair əldə etmə, saxlama, satma kimi əməllər təkrar törədildikdə) maddəsilə ittiham elan olunub.
Pərviz həbs olunandan bəri onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi, MTN-də işgəncələrə məruz qalması və s. məsələlərlə əlaqədar bir neçə dəfə məhkəmə prosesləri keçirilsə də, onların hamısı qapalı olmuşdu, jurnalistin yaxınlarından heç kim iştirak etməmişdi. Dünənki məhkəmə iclasında isə Pərvizin yaxınları ilə yanaşı, dostları, media nümayəndələri də iştirak edirdi.
Pərvizlə əlbir olduğu iddia edilən Təvəkkül Qurbanov da məhkəmə zalında idi. Qeyd edək ki, iş materiallarında onun Pərvizin əleyhinə ifadələri var.
Dünənki məhkəmə iclasında Təvəkkül Qurbanovun nə yaxınları vardı, nə də vəkili. Yalnızlığına baxmayaraq, Təvəkkül məhkəmənin kövrək də olsa, himayəsi altındaydı. Məsələn, tanınmış jurnalist və hüquq müdafiəçisi olmasına baxmayaraq, Pərviz Həşimli dəmir qəfəsə salınmışdı, Təvəkkül isə zalda prosesi izləyənlərlə yanaşı idi.

“Azadlıq” əvəzinə “Xalq qəzeti”

Məhkəmə iclası başlamamışdan əvvəl Pərviz dostlarına salam göndərdi, haqq mövqeyini heç nəyə güzəştə getməyəcəyini dedi. O, MTN-də “Azadlıq” həsrəti çəkdiyini də dilə gətirdi. Bildirdi ki, çox tələb etsə də, ona “Azadlıq” qəzetini vermirlər. Əvəzində “Xalq qəzeti”i və repressiya illərinə aid kitablar verirlər. Bu isə ona psixoloji təzyiq məqsədi daşıyır: “DTK-nın repressiyalarına aid kitabları gətirib verirdilər. Mən də oxuyurdum ki, orada ailə başçısını tuturlar, ondan sonra ailənin o biri üzvlərini sürgünə yollayırlar, güllələyirlər və s. Istər-istəməz belə şeylər adama təsir edir. Sonra özümə gəlirdim ki, yox, Pərviz, indi zaman başqadır, çöldə başqa həyat var”.
Pərviz həbsini təbii qarşıladığını da dedi: “Azərbaycanda həbs olunmayan jurnalist qızılca çıxarmayan adam kimidir...”
Hakim Novruz Kərimov təqsiriləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirərkən prosesdə gərgin anlar yaşandı. Pərviz Həşimli sözə başlayan kimi Xocalı faciəsinin ildönümü olduğunu xatırladaraq, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini istədi. Hakim isə etiraz etdi: “Bura siyasi arena deyil”.
Daha sonra Pərviz Həşimli Novruz Kərimovun hakimlikdən əvvəl MTN-də müstəntiq işlədiyini xatırladaraq, onun müstəqil qərar verməyəcəyini, bu qurumdan asılı olduğunu bildirdi. Bu səbəbdən də onun qərarlarının obyektivliyi və ədalətliliyinin bəri başdan şübhə altına düşdüyünü dedi. Jurnalist həmçinin həbsinin də, MTN-nin təcridxanasında saxlanmasının da qanunsuz olduğunu bəyan etdi.
Pərviz eyni zamanda, Təvəkküldən fərqli olaraq, onun dəmir barmaqlıqlıqlar arxasına salınmasına da etiraz etdi.
Müxtəlif qanunlara istinad edən hakimə Pərviz Həşimli də qanunun bir tələbini xatırlatma etdi: “Mən də sizi xəbərdar edirəm ki, bilə-bilə qanunsuz qərar vermək, hökm çıxarmağa görə hakimlər də məsuliyyət dayışır. Bunu fəaliyyətinizdə nəzərə alın”.
Pərviz Həşimli məhkəmənin nəzərinə çatdırdı ki, istintaq bitdikdən sonra MTN-nin istintaq təcridxanasında ona vəkilləri ilə görüş verilməyib. Vəkil Bəhruz Bayramov da təsdiqləyib ki, 15 gündür Pərvizlə görüşə bilmir: “Pərviz Həşimli ilə görüşə icazə verilmədiyi və cinayət işinin materialları ilə tanış olmaq imkanımız olmadığı üçün müdafiə hüququnu qura bilməmişik”.
Digər təqsirləndirilən Təvəkkül Qurbanov isə maddi durumuna görə vəkilsiz olduğunu bildirdi.
Məhkəmə Təvəkkül Qurbanovun dövlət hesabına vəkillə təmin olunması, həmçinin Pərvizin müdafiəçilərinin iş materialları ilə tanış olması üçün prosesin təxirə salınması barədə qərar qəbul etdi. Hakim həmçinin Pərviz Həşimlinin vəkillərilə görüşünə icazə verilməsi üçün məktub təqdim edib.

***

Pərviz Həşimli fevralın 27-də ayrıca bəyanatla da çıxış edib. Bəyanatda deyilir::
“Mən bu məhkəmədə günahsızlığımı sübut edəcəyəm. Mənim günahsızlığımın sübutu Bakının Xəzərin qoynunda yerləşməsinin sübutu kimi bir şeydir. Mən heç bir cinayət törətməmişəm. Əksinə, MTN mənə və ailəmə qarşı cinayət edib. Mənə qarşı irəli sürdükləri və hazırladıqları ittihamların saxta olduğuna görə, ifşa olunacaqlar. Ona görə də məhkəmə öncəsi məni vəkillərimdən təcrid ediblər. Bu, Azərbaycanın məhkəmə sistemində bir ”yenilikdir". Hələ mən istintaqın sonunda vəkilim Elçin Sadıqova bu işin vaxtilə MTN-də çalışan hakim Novruz Kərimova verilməsinə dair fikrimi bildirdim. Gözlədiyimiz oldu. Novruz Kərimov vəkillərimi məndən təcrid etməklə MTN-nə bağlı adam olduğunu təsdiqlədi. MTN hakimləri müəyyən edib. Mən media nümayəndələrindən xahiş edirəm ki, bu qanunsuzluqlar barəsində “Azərbaycanda müstəqil məhkəmə sistemi var” deyən Əli Həsənova, Ramiz Rzayevə, Rəbiyyət Aslanovaya, Əli Hüseynliyə suallar versinlər.
Hörmətli proses iştirakçıları. Azərbaycan qanunlarına MTN-də təcavüz olunur. Bunu heç kimdən, heç nədən çəkinmədən edirlər. Özlərini cəzasızlıq mühitində hiss edirlər. Mən bu qanunsuzluqlarla bağlı son 6 ayda Prezidentə, Baş Prokurora, Fuad Ələsgərova, Eldar Mahmudova, Ombudsman Elmira Süleymanovaya 30-a yaxın şikayət yazmışam. Amma heç birini ünvanına göndərmirlər. Əksinə, nazir ombudsmana məktub yazır ki, Pərviz Həşimlinin hüquqlarının pozulması ilə bağlı şikayəti yoxdur. Mən Eldar Mahmudova 15-ə yaxın ərizə-şikayət yazmışam. Görünür ona yazılanlar da çatmır. MTN işgəncə, qeyri-insani rəftar və Bakı Istintaq Təcridxanasına köçürülməmlə bağlı Səbail məhkəməsinə şikayətimə dair məktub yollamışdı. Həmin məktubda köçürülməməyimin səbəbi kimi guya təhlükəsizliyim və istintaq sirrinin yayılmaması göstərilib. Bu gün istintaq bitib və məni hansı əsasla orada girov kimi saxlayırlar? Hakim və prokuror bu qanunsuzluğa rəsmi münasibət bildirsin.
MTN rəhbərliyində olan bir qrup şəxs özlərinin vəzifə səlahiyyətlərindən istifadə edib hüquqlarıma qəsd edirlər. Mənimlə bağlı veriləcək son məhkəmə qərarımı da artıq üzümə deyirlər. Bildirirlər ki, ən azı 6 il cəza alacaqsan. Bu insanlar üçün bir insanın həyatının məhv edilməsi adi haldır. Bu adamlar anaların, gəlinlərin, körpə övladların gözü yaşlı qalmasından həzz alırlar. Tolstoy məşhur “Susa bilmirəm” əsərində “Etdiklərinizi xalq, dövlət adı ilə öz çirkin, murdar niyyətləriniz üçün edirsiniz. Tutduğunuz ən acınacaqlı və yaramaz vəzifəni əldə saxlamaq üçün edirsiniz. Indi yaşadığınız və səadət hesab etdiyiniz əxlaqsızlıqda bir az da yaşamaq üçün edirsiniz” fikirlərində sanki Azərbaycanın bu gününü görürmüş”./bizimyol/
1258 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi