Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2014

Dizçökmə

Ukraynada inqilabdan sonra etirazçılara divan tutan “Berkut”çuların diz çökdürülməsi mənzərəsi inzibati zülm altında inləyən azərbaycanlıların ürəyinə məlhəm kimi yaxılmaqdadır.

Biz bütün tiran-dikatorlar və onların qul-qaravaşları kimi Ukraynadakı “Berkut”ların da qorxaq dovşanlar olduğuna şahidlik etdik.

Səddam Hüseyn yadınızdadımı? Keçirdiyi paradlarda kütlənin gözü önündə havaya silahdan güllə atar, özünü qəhrəman kimi göstərərdi. Fəqət, gizləndiyi kanalizasiyada onu çox alçaldığı vəziyyətdə həbs edəndə o “millət qəhrəman”ın miskinliyi göz çıxarırdı. Səddamın qüruru olmadı ki, ABŞ əsgərlərinə müqavimət göstərmək bir yana, heç olmasa, əlindəki silahla özünə qıysın.

Belə nümunələr çoxdu.

Kimsə çox düzgün olaraq, tiranları şir belinə minən qorxaqlara oxşatmışdı. Şirdən (hakimiyyətdən) düşəndə onlar canlarını qoymağa yer axtarırlar.

Indi gəlirik “Berkut”dan alınan ibrətlərə.

Sizin gümanınız var ki, bu hadisə Azərbaycanda uzun illərdir qız, qadın, uşaq, qoca demədən dinc etirazçıları qanına bələyən polislər üçün dərs olacaq?

Təki belə olsun, ancaq mən hədsiz bədgümanam.

Xatırlaya bilirsinizsə, qırğızların keçənlərdə hansısa inqilabında (zalım uşağı qırğızlar bizim üstümüzə artıq neçə inqilab ediblərsə, say hesabı da itib) daxili işlər nazirini əzilmiş pomidora döndərmişdilər. Qırğız nazirin al qan içində fotosunu bizim qəzetlər təsirli məqalələrin müşayiətilə az-çox yayımladılar. Ancaq nəticə varmı?

Azərbaycan polisi qana boyanıb, sürüdülən həmkarlarından ibrət götürməyibsə, kütlə önündə diz çökmə onları çətin həyəcanlandırsın. Bizim ölkədə vəziyyət elədir ki, hətta sivil işdə çalışanlar belə, bəzən bu və başqa səbəbdən müdir, katib qarşısında gündə də olmasa, həftədə bir neçə dəfə diz çöküb, baş əyir. Belələri, “qoy olsun bu diz çökmənin biri də ictimai formada, canım çıxmayacaq ki” deyib asanlıqla vicdanlarını sakitləşdirə bilərlər.

Bu cür hadisələr hikmətdən də məhrum deyil. Sanki tiranlar və onların buyruqçuları bədbəxt sonluğa məhkumdular. Onların alın yazısımı deyək, beyinlərimi deyək, hər nədirsə, elə kodlaşıb ki, kəllələrin mütləq gec-tez çomağa sürtməlidilər.

Əlbəttə, bu, çox ağır, düşmən üçün də arzulanası hal deyil. Polis bizim ölkəyə göydən zənbillə enməyib. Onlar da bizim böyür-başımızdan çıxan insanlardı, kimisə əmimizdi, kimisi dayımız, bəlkə də atamız və s.

Onlar da faciə qurbanlarıdır. Bu gün hansısa məclisdə onlar parlaq mundirlərilə öyünə, ətrafa təşəxxüs sata bilirlər. Ancaq onların dərrakəliləri özlərinə hesab verərək, polisin üzə durmasının, evyıxanlıq etməsinin, işgəncələrinin pis, yaramaz hal olduğunu təsdiqləyir, bəlkə buna görə vicdan əzabı da çəkirlər. Hətta bəlkə şəkərə də ürcah olurlar və belə həyatın heç də fəxarətli olmadığına şəhadət gətirirlər.

Mənə çox inandığım bir dostum nəql etmişdi.

Keçənlərdə o, böyük bir rayonun polis rəisinin qəbulunda olub. Dostum şikayətçi imiş, ordan-burdan, haqsızlığın ərşə dirənməsindən danışıb. Söhbətin gedişində rəis qayıdıb ki, filankəs, bilirsən, mənim ən böyük arzum nədir? “Yox” cavabı verən dostuma deyib: “Bu dəqiqə bu paqonları da, kreslonu da tullamağa hazıram. Çox istərdim ki, günə 30 manat gəlirim olsun, yarısını verim evə, yarısına da benzin vurum maşına, düşüm çöllərin canına, balıq tutum, quş vurum, şor-çörəklə keçinim”.

Bəli, belə nümunələr var. Ancaq bizim polisin xeyli hissəsi ölkədə, dünyada baş verənlərdən xəbərsizdir. Onlardan yüksək ziyalılıq, vətəndaş mövqeyi gözləməyə dəyməz.

Isa Qəmbərə minlərlə adamın arasında “tutub sənin barmağını qıraram” deyən şəxs indi polisdə yüksək vəzifə tutursa, biz polisimizin mənəvi kamilliyindən uca səslə danışa bilmərik.

Polisə imkan verək, özləri öz qayğılarına qalsınlar. Dəyişiklik istəyən qüvvə isə birinci özünü, öz inkişafını düşünməlidir. Etirazçı təbəqə elə güclü ola bilər ki, nə polisin diz çökməyinə gərək qalar, nə də qan-qadaya.

Tiranların dizinin yerə gəlməsinin birinci şərti sürünən xalqın ayağa qalxmasıdır./azadlıq/
1519 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...