Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2014

Türk mediası Rza Zərrabla azərbaycanlı generalın işbirliyindən yazdı

Baş Prokurorluq məqaləyə reaksiya verdi, amma yaydığı açıqlama az sonra yoxa çıxdı

“Fevralın 28-də Türkiyənin ”Zaman" qəzetində Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini, general Əli Nağıyev barədə həqiqətə uyğun olmayan məlumat dərc edilib". Bu sözlər Baş Prokurorluğun dünən yaydığı məlumatdandır. Məlumatda daha sonra deyilir:
“Daha sonra digər Türkiyə xəbər saytlarında təkrar dərc edilən həmin məqalədə Türkiyədə həbs edilmiş iş adamı Rza Zərrab adlı şəxsin guya Azərbaycanda bir sıra vəzifəli şəxslərlə gizli əlaqədə olduğu və həmin şəxslərdən birinin də Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Idarəsinin rəis müavini, general Əli Nağıyev olduğu vurğulanıb. ”Zaman" qəzetində dərc edilən həmin məqalənin müəllifi heç bir ciddi mənbəyə əsaslanmadan, general Əli Nağıyev barədə açıq böhtan və iftiradan istifadə etmiş və bununla da Baş Prokurorluğun işgüzar nüfuzuna xələl gətirmişdir".
Məlumatda vurğulanır ki, Türkiyənin “Zaman” qəzetində dərc edilən həmin məqalə ilə bağlı Azərbaycanın Baş prokuroru yanında iclas keçirilib və məsələnin araşdırılması ilə bağlı müvafiq göstərişlər verilib: “Baş Prokurorluq olaraq, bir daha bildiririk ki, qeyri-ənənəvi dini dairələrin təsiri altında olan bir mətbu orqanın Azərbaycana yönəlik təxribat xarakterli fəaliyyəti heç bir effekt verməyəcək və bu meyillərin Azərbaycanın vəzifəli şəxslərini gözdən salmaq cəhdləri boşa çıxacaq. Baş Prokurorluq bir daha xatırladır ki, yalan və böhtan xarakterli məlumatların yayılmasına görə KIV orqanı rəhbəri cinayət və digər məsuliyyət daşıyır”.
Bu məlumat əvvəlcə “Trend”in veb-səhifəsində yayımlansa da, sonradan naməlum səbəbdən saytdan yığışdırılıb. Məlumat Baş Prokurorluğun rəsmi saytında (www.genprosecutor.gov.az) da yer almır.

“Azadlıq”ın araşdırmaları zamanı bəlli olub ki, söhbət “Zaman” qəzetinin 28 fevral tarixli sayında işıq üzü görən  “Rza Zərrabın Azərbaycandakı bir generalla əlaqələri üzə çıxdı” sərlövhəli yazıdır. Həmin yazının müəllifi bir müddət əvvəl Türkiyədən deportasiya olunmaqla gündəmə gələn Mahir Zeynalovdur. Mahir Zeynalov yazıb ki, Rza Zərrabın Türkiyədə rüşvət əməliyyatları zamanı saxlanılması Azərbaycanda bəzi çevrələri narahat etməyə başlayıb. “Belə ki, hazırda Azərbaycanda yüksək post tutan Əli Nağıyev adlı generalın tikinti biznesindən əldə etdiyi çirkli pulları Rza Zərrabın vasitəsilə Türkiyəyə, oradan da Avropaya daşıdığı aydın olub. Dindirmə zamanı Rza Zərrabın ”əmirləri Azərbaycandan alıram" deməsi bu əlaqələrin doğruluğunu təsdiqləyir. Hazırda İstanbul polisi Azərbaycan tərəfinə Əli Nağıyev adlı bir generalın şübhəli biznes əlaqələri haqqında məlumat  göndərib".
Baş Prokurorluğun bu məsələyə dərhal reaksiya verməsi başadüşüləndir. Aydın olmayan prokurorluğun yaydığı məlumatın az sonra yığışdırılmasıdır.

1195 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber