Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2014

“Sovetski”dəki söküntülər Bakının kirayə bazarında “zəlzələ” yaratdı

Son zamanlar paytaxt Bakının bəzi ərazilərində evlərin sökülməsi kirayə mənzil bazarına ciddi təsir edib. Qiymətlərdə artım müşahidə olunur. Ekspertlər hesab edir ki, kirayə evlərin qiymətinin bahalaşması daha çox paytaxtda təhsil alan tələbələrə ziyan vuracaq, çünki ucuz kirayəlik mənzillər əsasən, həmin ərazilərdə yerləşir. Ekspert Ramin Osmanlı deyir ki, “Sovetski”də aparılan söküntü prosesi artıq kirayə bazarına təsir edib: “Aparılan tədqiqatlar göstərir ki, bu yaşayış massivində hər 5 evdən birində kirayənişin var. Hətta elə evlər var ki, bir otaqda 3-4 tələbə yaşayır. Təkcə 1 nəfərdən hesablasaq məlum olur ki, ümumilikdə söküləcək 10 min evdə 2 mindən artıq tələbə kirayənişin yaşayır. Onların mənzilsiz qalması isə kirayə mənzil bazarına ciddi təsir edəcək”.

“Sovetski”nin sökülməsi xəbəri kirayənişinlər arasında narahatlıq yaratdığı kimi, evlərini kirayə verən şəxsləri də təşvişə salıb. Evlərinin sökülməsi bir çox insanların aylıq qazanc yerlərindən məhrum olması deməkdir. Sakinlərlə apardığımız söhbət zamanı məlum oldu ki, burada kirayə mənzillərin qiyməti orta hesabla 150-200 manat arası dəyişir. Nəzərə alsaq ki, bir mənzildə 2-3 tələbə qalır, kirayənişinlərin aylıq çıxarı təxminən 50-80 manat edir. Sakinlər deyirlər ki, bu ərazidə 3 evdən birində kirayədə yaşayan insanlar var: “Düzdür, çoxu tələbələrdi, amma ailəli adamlar da qalır. Təxmini qiymət burda adambaşına 50 manatdır. Ümumi ev isə 150-200 manata olur. Bu həyətlərdə balaca-balaca evlərdir. Sökəndə bir həyətdən çox ailə çıxır. Elə bir o qədər də tələbə çıxacaq. Elə həyətlər var ki, həyətdə bəzi tələbələr ailəsi ilə qalır, tələbələr də var ki, bir neçə nəfər bərabər qalır”.

Ramin Osmanlı bildirdi ki, əslində hüquqi baxımdan götürdükdə dövlət bu cür söküntü məsələlərində yalnız mülkiyyətçinin deyil, eyni zamanda digər maraqlı tərəfləri də nəzərə almalıdır. Burada evi girovda olan insanlar var ki, bank qarşısında onların öhdəlikləri var. Eyni zamanda qeyri-yaşayış sahəsində icarədarlar var. Bütün bu hallar və xüsusilə də kirayənişinlərin mövqeyi mütləq nəzərə alınmalıdır. Təhsil Nazirliyinin aparıcı mütəxəssisi Sülhəddin Gözəlov isə deyir ki, bu problem nazirliyin diqqət mərkəzindədir. Yeni təhsil strategiyasına əsasən, gələcəkdə bütün ali təhsil müəssisələrində yataqxanalar tikiləcək. Hazırda Bakı Dövlət Universitetinin istifadəyə tam yararsız yataqxanalarının sökülərək yerində yenilərinin inşası həyata keçirilir. Sülhəddin Gözəlov universitetlərin paytaxtdan kənara çıxarılması planlarından da danışıb: “Tələbələrin yaşayış şəraiti tədrisin keyfiyyətinə təsir göstərən başlıca amillərdən biridir. Yaxın gələcəkdə paytaxtda yerləşən bir sıra ali təhsil müəssisələrinin şəhərdən kənara çıxarılması nəzərdə tutulur. Bu universitetlər şəhərciyinin kampus şəklində Bakı ətrafında yaradılması, burada tələbələr üçün yataqxanaların tikilməsinə də şərait yaradacaq”.

Sülhəddin Gözəlov əlavə edib ki, yeni tədris ilindən etibarən ali təhsil müəssisələrinin rəhbərləri kirayədə yaşayan aztəminatlı nümunəvi tələbələrə oxuduğu universitetin daxili imkanları hesabına xüsusi yardımlar göstərəcək. Əvvəlki illərdən fərqli olaraq, bu il həmin gənclərə ya birdəfəlik yardım ediləcək, ya da hər hansı bir yataqxanada normal yaşayışını təmin etmək üçün xüsusi güzəştlər tətbiq olunacaq. Hər halda nəzərdə alsaq ki, bir ali təhsil müəssisəsində maksimim 100 nümunəvi tələbə olar, o zaman digər 2 mindən artıq tələbənin taleyinin necə olacağı sual doğurur. Nazirlik rəsmisi deyir ki, bütün tələbələrin evlərlə təmin olunması qurumun imkanları xaricindədir. Bu problemin köklü həlli yalnız gələcəkdə həyata keçiriləcək təhsil strategiyası çərçivəsində nəzərdə tutulur./apa/
1281 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:43