Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2014

“Sovetksi” sakinlərinin hökumətə verdiyi vaxt bitir

Evləri sökülənlər və kompensasiyadan narazı qalanlar Abid Şərifovdan cavab gözləyirlər
“Sovetski” sakinləri baş nazirin müavini Abid Şərifova ünvanladıqları müraciətə cavab gözləyirlər.

Sakinlər “Yeni Müsavat”a açıqlamalarında bildiriblər ki, hökumətə verilən vaxt bitir. Amma buna baxmayaraq, “Sovetski”də kompensasiyadan narazı qalan sakinlərlə bağlı rəsmi hər hansı bir qərar verilməyib.

Bakının qədim məhəlləsində yaşayanlar bildirdilər ki, hökumət yenə də “Papanin” və “Basin”də söküntü zamanı tətbiq etdiyi qayda ilə məsələni həll etməyi düşünür. Həmin qayda isə kompensasiya tələb edən “Sovetski” camaatına fərdi yanaşmaqdır. Yəni evi bir qədər böyük olan sakinlər ola bilər ki, hökumətdən mənzilin kvadratına görə 2500-3000 manat arası pul alsın. Evinin sahəsi nisbətən kiçik olan ev sahibləri üçün isə 1500 manat kompensasiya nəzərdə tutulub.

Balababa Məcidov küçəsində yaşayan sakinlər deyir ki, martın 3-də hökumətdən “Sovetski” ilə bağlı qeyri-adi bir qərar gözləmirlər. Buna görə də “Sovetski” sakinlərini təmsil edən komitə adından baş nazirin müavini Abid Şərifovun “Sovetki”dəki söküntülərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirilib. Qəbul olunan müraciət eyni zamanda A. Şərifova da göndərilib. Müraciətdə deyilir: “Abid Şərifov və digər yüksək dərəcəli məmurların 150 nömrəli məktəbdə əhali ilə görüşündə sakinlərin tələbi ilə yazılı müraciətimiz oxunmuşdu. Abid Şərifov müraciətin sakinlər tərəfindən imzalanmasına ehtiyac olmadığını demişdi. İndi nəyə əsasən bu müraciətin altında imzaların olmadığından onu qeyri-rəsmi sayır? Hansı səbəbdən insanlar üçün taleyüklü məsələdə Abid Şərifov hökumət tərəfindən aparılacaq söküntülərin dəqiq səbəbini və qanunla tənzimlənən metodunu yazılı və izahlı şəkildə təqdim etmir? Hətta bu işdə qeyri-müəyyənlik görür.

Qanunlara və vətəndaşların hüquqlarına söykənərək bu qeyri-müəyyənliyi aradan qaldırıb əhalini razı salmaq üçün üslublar yoxdurmu? Baş nazirin müavini qeyd etdi ki, sökülən evlərin yerində əhaliyə yeni evlərin tikilib verilməsi qeyri-mümkündür və bu vaxta qədər belə bir qərar Bakı şəhərində verilməyib. Əgər indiyə qədər belə təcrübə olmayıbsa, indən sonra tətbiq edin. Bunu etmək müşkül, qaydalara ziddirmi? Əslində isə Abid Şərifovun dedikləri qeyri-səmimidir və verdiyi məlumat səhvdir. Məgər yaxın keçmişdə Heydər Əliyev prospekti və digər ərazilərdə bu məsələ sakinlərin qeyd olunan ərazidə yeni tikiləcək binalarda mənzillərlə təmin olunmaqla öz həllini tapmamışdırmı?

Əgər evləri sökülən əhali üçün həmin ərazidə yeni binalar inşa edilərsə və qeyri-rəsmi əlavə xərclərlə yüklənməzsə, bu binalarda mənzillərin 1 kvadrat metr qiyməti maksimum 400-500 manat civarında başa gələcək və iqtisadi-sosial baxımından əsaslanmış olacaq. Hazırda isə dövlətin büdcəsindən hər kvadrat metr üçün 1500 manat məbləğində vəsait ayrılıb, bu isə yuxarıda qeyd olunan məbləğdən 3 dəfə çoxdur. Sökülmə nəticəsində 50 hektara yaxın torpaq sahəsi boşalacaq, amma təəssüf ki, yerli sakinlər üçün yox, dəqiq bəlli olmayan məqsədlər naminə. Bu ərazilərdə isə torpağın 1 sot üçün bazar dəyəri 500 min-700 min manat civarındadır və iqtisadi maraqları nəzərə alaraq demək olar ki, gələcəkdə bu torpaqların şəffaf istifadəsi şübhə doğurur. Abid müəllimin dediyi kimi, bu söküntü işləri dövlətin zəruri tələblərinə əsasən aparılmırsa və bu torpaqlar strateji əhəmiyyət daşımırsa, bəs nəyə görə bu məsələ ilə Nazirlər Kabineti məşğuldur? Bu halda ərazilərin yenidənbərpa işlərinin aparılması üçün sahibkarlara həvalə edilməsi və hökumətin sadəcə nəzarət etməsi daha düzgün deyilmi?

Abid müəllim müsahibədə yaşayış sahəsi kiçik olan sakinlərə fərdi yanaşma ola biləcəyini söylədi. Bu da müəyyən narazılığa səbəb ola bilər. Məsələn, 30 kvadrat metr yaşayış sahəsi olan şəxs üçün kompensasiya 3 min manat təşkil etdikdə 90 min manat vəsait əldə edəcəkdir, lakin 40 kvadrat metr yaşayış sahəsi olan şəxsin kompensasiyası 2 min manat olduqda cəmi 80 min manat məbləğində vəsait alacaq. Ümumiyyətlə, kiçik və iri həcmli evlər deyildikdə hansı parametrlər nəzərdə tutulduğuna aydınlıq gətirilməlidir. Evlərinin sökülməsinə razılıq verməyən vətəndaşların sökülən evlərin arasında uzun müddət qalıb yaşamaları sual doğurur.

Şübhələrə ciddi əsas var. Füzuli və Şəmsi Bədəlbəyli adlanan küçələr arasındakı ərazidə sakinlərin zor gücü ilə evlərinin boşaldılmasının dəfələrlə şahidi olmuşuq. Dövlət məmurları və məsul şəxslər əhali arasında qeyri-müəyyənlik və dezinformasiya yaradaraq, məlum hadisələrdən sonra ölkə rəhbərinin ciddi xəbərdarlıq və göstərişlərini nəzərə almadan hərəkət etməyəmi çalışırlar?"
1284 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:26