Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2014

Neft Şirkətindən müəmmalı ixtisarlar

Şirkət qovulan işçilərin başqa işlə təmin olunduğunu bildirir, ekspertlərsə əksini vurğulayır, ortada ziddiyyətli rəqəmlər var 

Dövlət Neft Şirkətində (ARDNŞ) ixtisarlarla bağlı məsələ yenidən gündəmdədr. Son bir neçə ildə qurumda neçə işçinin ixtisar olunması ilə bağlı rəqəmlər isə ziddiyyətlidir. ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov keçirdiyi mətbuat konfransında 7 min 222 işçi yerinin ixtisara düşdüyünü, ancaq onların 6 min 418 nəfərinin elə şirkətin özündəki vakant yerlərə götürüldüyünü vurğulayıb.


Daha 533 nəfər əməkhaqqının 5 misli məbləğində müavinət alaraq başqa fəaliyyət sahəsinə keçib. Belə aydın olur ki, çıxarılan işçilərin 90 faizi elə şirkətin özündə işə götürülüb.


“Bizim yol”un məlumatına görə,  ixtisarlar “Azneft” İstehsalat Birliyində, Kompleks Qazma İşləri Tresti üzrə, Sosial İnkişaf İdarəsi, Təhlükəsizlik İdarəsi və “Azəriqaz” İB-də aparılıb.
Xalik Məmmədov deyib, “Azəriqaz” və “Azərkimya” istehsalat birlikləri şirkətə birləşdirilməzdən öncə Dövlət Neft Şirkətinin 65 min işçisi olub: “İndi 60 min 77 işçisi var”. Burada bir paradoks yaranıb. Əgər ixtisara düşən işçilərin 90 faizə yaxını elə şirkətin özündə işlə təmin olunubsa, o zaman niyə hazırda 60 min 77 işçi qalıb? Çünki Dövlət Neft Şirkətinin ötən ilə dair məlumatına görə, 01.01.2013-cü il tarixdə işçilərin faktiki sayı 66234 nəfər təşkil edib. Buradan aydın şəkildə görünür ki, bir ildə 6 mindən çox işçi ixtisara düşüb və hər hansı bir başqa işlə təmin edilməsindən söhbət getmir.
Xatırladaq ki, 2009-cu il yanvarın 1-ə olan məlumata görə, ARDNŞ-də çalışanların sayı 65083 nəfər olub. Xalik Məmmədovun sözlərinə görə, “Azəriqaz”dan ARDNŞ-ə 7 min 200, “Azəriqaz”-dan isə 12 min 500 işçi birləşib. Bununla 2010-cu ildə şirkətin ümumi işçilərinin sayı 84700 nəfərə çatıb. Deməli, 2011-2013-cü illər ərzində təqribən 24 min işçi işdən uzaqlaşdırılıb.

Yeri gəlmişkən, 2011-cı ildən ARDNŞ-də işçilərin optimallaşdırılması ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Ekspertlər ARDNŞ-in şişirdilmiş heyətinin kiçildilməsi olduqca vacib sayırlar. Əks halda Dövlət Neft Şirkətinin uzunmüddətli dövrdə nə müqayisəli, nə də mütləq rentabellik əmsalına malik olması çətin olardı. O, ixtisarların davam edəcəyini, işçilərin sayının 40-45 minə düşəcəyini deyib: “Dövlət Neft Şirkətində yalnız neftin kəşfiyyatı, hasilatı, emalı və satışıyla məşğul olan sistem saxlanacaq”.

Deməli, ilin sonuna kimi daha 20 min işçinin çıxarılacağını götürsək, artıq ixtisara düşən neftçilərin sayı 44 minə çatacaq.

Sadəcə olaraq, burada diqqətçəkən məqam Dövlət Neft Şirkətinin “kütləvi ixtisar” kəlməsinə ehtiyatla yanaşmasıdır. Hər dəfə gedən ixtisarlar barədə yazılar dərc edildikdə ya təkzib edir, ya da yuxarıda göstərdiyimiz kimi bir-birinə zidd rəqəmlər təqdim edirlər. İndi isə bu prosesə daha “müasir ad” - işçilərin sərbəstləşməsi adı - tapılaraq təqdim edilir ki, bu da ictimaiyyətdə çaşqınlıq yaradır.


Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ixtisarlarla bağlı ARDNŞ-in açıqlaması reallığı əks etdirmir: “Təkcə bir faktı deyim. Neft-qaz elmi layihə institutundan işçilərin tən yarısı ixtisar ediləcək. Rəhbərlik işçiləri yığıb deyib ki, 50 faiz ixtisar olacaq”. 

Onun sözlərinə görə, 2013-cü ildə prezident seçkisi ili olduğundan, ixtisarlar nisbətən az olub: “İxtisar olunan işçilərin sayı 5 min nəfər olub. Əlavə olaraq müvəqqəti müqavilə bağlanan işçilər müqavilə müddəti bitdiyindən, işdən çıxarılıb, təqaüdçülərə məcburi ərizə yazdırıb işdən çıxarıblar. ARDNŞ hələ 2012-ci illə bağlı illik hesabatını öz saytına yerləşdirməyib. Şirkətdən bildirilir ki, bu ilin 7 yanvarından 24 fevrala qədər 7 min işçi ixtisar edilib və bunun 6 mini başqa yerlərə yerləşdirilib. O boyda vakansiya haradandır?”

Qeyd edək ki, bir neçə gün əvvəl ARDNŞ ixtisar planlarını açıqlayıb. Dövlət Neft Şirkətində son ixtisarlar daha çox vəzifəli məmurların işdən çıxarılmasından qaynaqlanırmış - həm də nə az-nə çox - 18 minə yaxın işçinin. Bu fikri ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şirkətdəki ixtisarların vəzifəli şəxslərə təsiri barədə “Azadlıq Radiosu”nun sualını cavablandırarkən bildirib.


ARDNŞ-in Hüquq İdarəsinin rəis müavini Şahin İsmayılbəyli isə “Yeni Müsavat”a bildirib ki, mətbuatda ixtisarlarla bağlı yayılan xəbərlər şişirdilib və həqiqət deyil: “Bəzi qəzetlərdə deyirlər ki, ixtisar olunanlar minlərlədir, on min, iyirmi min nəfərdir.

 Ancaq ötən aya baxsaq, rəqəmlər heç min nəfər deyil. Həm də ixtisara düşən şəxsləri başqa müəssisələrdə yerləşdiririk, ya da müəssisənin başqa yerlərinə göndəririk. Bununla bağlı proqram da qəbul etmişik, maksimum dərəcədə çalışırıq ki, işçilərin məşğulluğunu təmin edək. Ona görə tezliklə ixtisar olunanların sayı azalacaq, onlar işlə təmin ediləcəklər, ixtisasartırma kurslarına göndəriləcək, əlavə peşələr seçmək üçün dəvət ediləcək və sair”./musavat/
1363 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...