Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

“Sovetski” camaatı yenidən etiraza qalxdı

Polislər sakinləri zor işlətməklə hədələdi, bir neçə nəfəri həbs etdi

Sakinlər: “Qol gücünüzü göstərirsiniz bizə? Ya burda ölərik, ya da... Qəddafini gözünüzün qabağına gətirin”

Bakının “Sovetski” kimi tanınan ərazisində yaşayan sakinlərin nümayəndələri ilə Yasamal Rayon İcra Hakimiyyətində görüş başlayıb. Görüşdə icra başçısı İbrahim Mehdiyevlə yanaşı, baş nazirin müavini Abid Şərifov da iştirak edir. 
“Sovetski”nin özündə də sakinlər yenidən 173 saylı məktəbin qarşısına toplaşıblar. Əraziyə dərhal çoxlu sayda polis qüvvələri cəlb olunub. Əməkdaşımızın hadisə yerindən verdiyi məlumata görə, polislər sakinləri dağıtmağa çalışır. Onlar canlı sədd quraraq insanları məktəbin qarşısına buraxmırlar. Toplaşanlara qarşı zor işlədiləcəyi haqda xəbərdarlıq edilir. Bir neçə nəfərin saxlandığı haqda xəbər var. Polislər məktəbi mühasirəyə alıb, ərazidə PPX maşınları keşik çəkir.
Polisin təzyiqinə baxmayaraq sakinlər dağılışmır və etirazlarını çatdırmağa çalışırlar. Bundan başqa, onlar saxlanılanların sərbəst buraxılmasını tələb edir, İcra Hakimiyyətində görüşdə olan nümayəndələrinin nə cavabla qayıdacaqlarını gözlədiklərini deyirlər. 
Sakinlər onlara son qiymət kimi təklif olunan hər kv.metr üçün 1500 manatla razılaşmaq niyyətində olmadıqlarını bildirirlər. Sakinlərdən bu kimi etirazlar eşidilməkdədir: “Biz haqqımızı tələb edirik; Ya normal kompensasiya, ya da evimizin yerinə ev versinlər; Dağılışan deyilik, qoy gəlib hamımızı qırsınlar, sonra söksünlər; Bu qədər polisi bura niyə töküblər?; Prezident səsimizə səs versin, onu seçmişik ki, dərdimizə yansın; Qiymət bizi razı salmır; Deyirlər ki, evləri siçan yuvasına, quşxanaya oxşayır. Öz evimizdir, bizə xoşdur...”.
Etiraz edən sakinlərdən biri Əflatun Mehdiyev “Azadlıq” radiosuna deyib ki, hökumətin təklif etdiyi 1500 manatla o, ev ala bilməyəcək: «60 min manata mən nə ala bilərəm? Bəlkə prezidentə başqa informasiya verirlər?».
Başqa bir sakin: “Bizi yerimizdən-yurdumuzdan edirlər. Harada yaşayaq? Elə pul versinlər ki, ev ala bilək, ya da şəhərdə tikilən evlərdən versin. Milisi niyə tökmüsünüz bura, qol gücünüzü bizə göstərirsiniz? Ya burda ölərik, ya da evimiz tələb edərik. Qəddafini gözünüzün qabağına gətirin”.
Bir başqa məhəllə sakini: “Prezident dedi məni seçin yaxşı olacaq, bizdə seçdik. Belə yaxşı oldu, belə yaxşılıq etdi bizə? Qoyun sürüsü kimi tökürlər bizi küçələrə. Fikir azadlığı varsa, niyə bizə azad söz deməyə imkan vermirlər?”./azadlıq/

1191 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber