Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2014

Nurçuların Prezident Administrasiyasındakı adamı kimdir?

Fətullah Gülənin adamının şok məktubu yayıldı; Istanbuldakı baş konsulumuz XIN və PA-ya nurçularla bağlı hesabat təqdim etdiyini açıqladı

“Çağ” Öyrətim Işlətmələrinin rəhbəri, türkiyəli iş adamı Ənvər Özərin Fətullah Gülənə məktubu yayılıb. Axar.az saytının yaydığı sənədin mətnini təqdim edirik:

Prezident Administrasiyasındakı dostumuz...

“Möhtərəm Fətullah Gülən Hoca əfəndi! Sizə təcili şəfa diləyir, sağlamlıq və səhhətinizi uca Allahdan niyaz edirəm. Xidmət hərəkatımızın Azərbaycandakı durumu ilə bağlı qənaətlərimi diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan Prezident Administrasiyasındakı dostumuzun səyləri və dəstəyi sayəsində DIN, Ədliyyə, Maliyyə, Fövəladə Hallar və Təhsil Nazirliklərində kadrlarımızın yerləşdirilməsi arzu etdiyimiz istiqamətdə irəliləmişdir. Xüsusən Azərbaycan Gənclər Təşkilatına çoxlu sayda gənc xidmət hərəkatı mənsubunun alınması xidmət fəaliyyətimiz baxımından fövqəladə əhəmiyyət kəsb etməkdədir. Belə ki, Azərbaycanda önəmli dövlət vəzifələrinə gənc kadrlar bu təşkilatdan seçilərək təyin edilir. Azərbaycandakı xidmət faliyyətinin (nurçular təriqətinin fəaliyyəti nəzərdə tutulur) Türkiyədəki məlum hadisələrdən ziyan görməməsi üçün fövqəladə ölçüdə səylər göstərmək zəruridir.
Möhtərəm Əfəndim! Lakin təəsüflə qeyd etmək istəyirəm ki, Türkiyədəki məlum hadisələr (Ərdoğan-Gülən mübarizəsi və Türkiyə baş nazirinin nurçular təriqətinə qarşı təqiblərə başlaması nəzərdə tutulur) Azərbaycandakı fəaliyyətimizə də önəmli ölçüdə təsir göstərmiş durumdadır. Dövlət vəzifələrinə təyin edilmiş adamlarımızın təsbit və təqib edilə biləcəklərindən ciddi narahatlıq keçirməkdəyik. Daha çox diqqət mərkəzində olanlar isə Türkiyədən gəlib çoxdandır Azərbaycanda xidmət edən adamlarımızdır. Azərbaycandakı xidmət hərəkatı komandasının dəyişdirilməsinin faydalı olacağı qənaətindəyəm. Belə ki, köhnə komandanın ətrafına Azərbaycan kəşfiyyatı tərəfindən adamların yerləşdirilməsi yönündə ciddi şübhələr var. Tez-tez informasiya sızdırılması bu yöndəki şübhələrimizi artırmışdır. Məsələn, Azərbaycan Milli Təhlükəsizlik Akademiyasına daxil olmuş tələbəmiz təsbit edilərək akademiyadan qovulmuşdur. Azərbaycan parlamentindəki millət vəkili dostumuz da ciddi sıxıntılarla qarşılaşmaqdadır və vəziyyətinin çətin olmasından şikayətlənməkdədir. Iş adamları olan dostlarımız da müntəzəm təqib edilməkdədir. Azərbaycandakı şəhər, bölgə, səmt imamlarımızı mövcud durumun tələblərinə uyğun şəkildə xidmət hərəkatını davam etdirmələri ilə bağlı xəbərdar etmək faydalı olardı. Iş adamları toplantılarını təşkil edən və əlaqələndiricilik edən adamlarımızı daha diqqətli olmaları ilə bağlı artıq xəbərdar etmişik.
Möhtərəm Əfəndim! Mövcud vəziyyətlə bağlı xaricdəki lobbilərdən Azərbaycan hökumətinə ediləcək təzyiqlərin buradakı xidmət əsgərlərinin yükünü xeyli yüngülləşdirə biləcəyi qənaətindəyəm. Prezident Administrasiyasındakı dostumuzun bildirdiyinə görə, hazırda Azərbaycan dövləti ilə ABŞ arasında münasibətlərin inkişafı yönündə lobbi fəaliyyətləri gücləndirilmiş vəziyyətdədir. ABŞ-dakı dostlarımızın bunu nəzərə alaraq Azərbaycan dövlətinin nəzdində lehimizə fəaliyyətlər göstərməsinin də faydalı olacağı qənaətindəyəm.
Möhtərəm Əfəndim! Eyni zamanda bütün nazirlik və dövlət strukturlarındakı adamlarımızı da mövcud vəziyyətin həssaslığını izah edərək ehtiyat tədbirlərini gücləndirmələri baxımından xəbərdar etmişik. Xüsusən də Prezident Administrasiyasındakı dostumuza daha diqqətli olunması və ehtiyat tədbirlərini artırması ilə bağlı tövsiyənizi çatdırdım.
Möhtərəm Əfəndim! Bu vəziyyətlə bağlı olaraq təkliflərimizi diqqətinizə təqdim edərək Sizin bu məsələdə dəyərli fikirlərinizi bizlərə çatdırmağınızı təmənna edirik.
1.Mənim və digər arkadaşlarımızın yerini daha gənc kadrların tutmasının böyük faydası olacağı qənaətindəyəm.
2.Azərbaycanla bağlı bəzi mühüm plan və layihələrimizi müvəqqəti olaraq təxirə salmaq istəyirik.
3.Azərbaycandakı, xüsusən Bakıdakı tələbə yataqxanalarındakı və evlərindəki imam və belletmen arkadaşlarımızın çox mühüm məsələ olmadan toplantı keçirməmələrinin daha münasib olacağı qənaətindəyəm.
4.Azərbaycandakı iş adamı olan dostlarımız və digər xidmət əsgərlərindən toplanmış himmət pullarının əldən çatdırılması və ya özəl kuryer vasitəsilə çatdırılmasının daha etibarlı ola biləcəyi qənaətindəyəm.
Hörmətlə: Ənvər Özərən".

“Azərbaycanı Türkiyədə gedən olayların içərisinə çəkmək istəyirlər”

Lakin Ənvər Özərən bu məktubu təkzib edib. O, axar.az-a açıqlamasında deyilib ki, bu tamamilə yalan xəbərdir:
“Bu, tamamilə yalan xəbərdir və uydurmadan başqa bir şey deyil. Bununla bağlı sizə vəkilim vasitəsilə yazılı açıqlama yollayacağam”.
Ənvər Özərən əlavə edib ki, onun yazdığı iddia edilən məktubla bağlı prokurorluğa müraciət edəcək:
“Haqqımda saxta sənəd düzəldildiyinə görə prokurorluğa müraciət edəcəyəm. Bu sənədi sizə kim yollayıbsa, onları müəyyən etmək artıq prokurorluğun işidir”.
Çağ Öyrətim Işlətmələrinin rəhbəri bildirib ki, Azərbaycanı Türkiyədə gedən proseslərə qatmaq istəyənlər var:
“Fətullah Gülən hoca əfəndinin təhsilə qiymət verən, dünyanın 160 ölkəsindən çoxunda təhsil müəssisələri olan bir insan olmasını hər kəs bilir. 160 ölkədə fəaliyyət göstərən bu təhsil müəssisələrinin bütün fəaliyyəti həmin dövlətlərin məlumatları əsasında gerçəkləşir. Hər kəs tərəfindən tanınan şəxsiyyətdir. Fətullah Gülən hoca əfəndinin adını qaralamağa çalışanlar var. Bunlar Türkiyədə gedən proseslərdə də özünü göstərir. Azərbaycan və Türkiyə arasındakı qardaşlığı pozmaq, Azərbaycanı Türkiyədə gedən olayların içərisinə çəkmək istəyirlər. Bu baxımdan Azərbaycan diqqətli olmalıdır. Türkiyə öz daxilində bu məsələni hüquqi müstəvidə həll edəcək”.
Ənvər Özərən Fətullah Gülənlə əlaqələrinin hansı formada olmasından da bəhs edib: “Fətullah Gülən hoca əfəndi ilə o cür telefon danışıqları və yazışmalar heç bir zaman olmayıb. Bizim o cür danışıqlarımızın və məktublaşmalarımızın olmasını iddia edənlər şər atırlar. Fətullah Gülən hoca Azərbaycanla bağlı hər zaman müsbət şeylər düşünən, onun dərdinə yanan insandır. 20 Yanvar hadisələri zamanı bunu dünyaya eşitdirən insan da Fətullah Gülən olub. Iddia edilənlərin hamısı yalandan ibarətdir”.

“Xidməti sənəd jurnalistlərin ixtiyarına necə verilib?”

Bu arada Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov “nurçular”la bağlı yayılan xəbərlərə münasibət bildirib.
O, jurnalistlərlə söhbətində deyib ki, Azərbaycanda kim “nurçuların” izinə düşüb onlarla əlaqədə olanları axtarmaq istəyirsə, həmin insanların hansı sahədə çalışdığını öyrənməyə çalışırsa, ilk növbədə təhsil və hazırlıq kuslarının, tibb ocaqlarının və kütləvi informasiya vasitələrinin fəaliyyətinə xüsusi olaraq fikir verməlidir. Fərhad Məmmədov daha sonra bildirib: “Nurçular”la bağlı bir sıra müxalifət qəzetlərində geniş məlumatlar verilib. Biz də öz növbəmizdə araşdırma aparırıq. Istinad nöqtəsi Facebook səhifəsi olan məsələyə nəzər yetirəndə görürük ki, bir neçə profil bunu nümayiş etdirib.
Burada ilk növbədə Istanbuldakı baş konsulumuz Həsən Zeynalovun Xarici Işlər Nazirliyi və Prezident Administrasiyasının ünvanına göndərdiyi məktubdan söhbət gedir. Belə bir məktubun mövcudluğu haqqında mənim məlumatım yoxdur. Amma əsasən oradakı olan məlumatlara istinad edilir.
Sizə müraciətimizin məqsədi odur ki, maraqlanın görün xidməti sənəd jurnalistlərin ixtiyarına necə verilib? Daxili sənəd mətbuatda necə işıq üzü görüb? Bu olduqca maraqlı məqamdır. Hesab edirəm ki, mətbuat buna diqqət yetirməlidir ki, saxta profillə olan insanlar daxili yazışmanı mətbuata çıxarıblar".

Baş konsul nurçularla bağlı Prezident Administrasiyasına hesabat təqdim edib

“Bizim işimiz ondan ibarətdir ki, gördüyümüz işlərlə bağlı məlumatlarımızı öz strukturlarımıza bildirək. Mən nəyi lazım bilirəmsə, onu da yazıb bildirirəm. Amma mən heç nəyi mətbuatda həll etmirəm və bu məsələlərin mətbuata çıxarılmasının əleyhinəyəm”.
Bu sözləri isə Azərbaycanın Istanbuldakı Baş konsulu Həsən Zeynalov Publika.Az -a açıqlamasında bəzi məmurların nurçuluqla əlaqələri haqqında yayılan informasiyanın onun məktubu əsasında hazırlanmasına dair deyilənlərə münasibət bildirərkən deyib.
Baş konsul bu barədə SAM-ın direktoru Fərhad Məmmədovun dediklərinə də münasibət bildirib: “Belə işlərlə mən məşğul olmuram. Həsən Zeynalov dövlət adamıdır, dövlət işi ilə məşğuldur. Əksinə onun əlaqələri daha genişdir və kimin nəyi hara ötürdüyünü özü araşdırsa, daha yaxşı olar. Biz burada Azərbaycan dövlətini təmsil edirik. Istanbul və ətrafdakı 27 vilayətə cavabdehik. Burda nə olursa, xüsusilə bizi narahat edən məsələlər strukturlarımız vasitəsilə lazımi orqanlara çatdırılır. Nə olsa da öz strukturlarımızda həll edirik. Belə şeylərin də mətbuata çıxarılmasının, ümumiyyətlə, əleyhinəyəm. Xüsusilə əgər rəy yoxdursa, bunu mətbuatda müzakirəsi qəbul olunmazdır”.
Həsən Zeynalov nurçuluqla bağlı Prezident Administrasiyasına və Xarici Işlər Nazirliyinə hesabatın verildiyini təkzib etməyib: “Bu məsələlər var. Ümumiyyətlə, tək bu, deyil, digər bütün məsələlər bizim diqqətimizdədir və hər biri üzrə fikirlərimizi bildiririk. Bizim yazdığımız bütün fikirlər də müzakirə edilir, rəylər bildirilir. Amma belə şeylərin mətbuata düşməsi bizlik deyil. Kim məndən şübhələnirsə, qoy əvvəlcə özlərini araşdırsınlar. Hazırda bu məsələ ilə bağlı da dövlət məşğul olur”.
Baş konsul heç kəsin təşvişə düşməsinə əsas olmadığını deyib: “Bu məsələlərə strukturlarımızda, bölmələrimizdə baxılır. Şübhə toxumu əkmək istəyənlər öz işləri ilə məşğul olsunlar”.
Həsən Zeynalov məlumatın götürüldüyü “Inci Azəri” “Feysbuk” profilindən ümumiyyətlə xəbərinin olmadığını deyib: “Mən, ümumiyyətlə, internetdən ancaq qəzetləri oxumaq üçün istifadə edirəm. Mənim bu işlərlə məşğul olmağa nə vaxtım var, nə də həvəsim. Biz real həyatın içindəyik. Mən öz işimlə məşğulam”.
1283 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber