Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2014

Məhkəmə Əli Əliyevin Eldəniz Quliyevə qarşı iddiasını təmin etməyib

Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevə qarşı xüsusi ittiham qaydasında şikayəti əsasında Xətai Rayon Məhkəməsində hazırlıq iclası keçirilib.

E. Quliyevin verdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən məhkəmə prosesində Ə. Əliyevin iddiası qəbul edilməyib: “Hakim mənə qarşı irəli sürülən iddianın əsassız olduğunu dedi. Çünki mətbuatda işlənmiş ifadəyə görə bir insan barəsində cinayət işi açmaq düzgün deyil. Bu demokratik prinsiplərə də ziddir. Eyni zamanda onların mənim haqqımda yazdıqlarının böyük əksəriyyəti yalandır. Yəqin ki, hakim bütün bunları nəzərə alaraq, iddianı qəbul etməyib”.

VİP sədri Ə. Əliyev isə bununla razılaşmadığını və məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini deyib.

Xatırladaq ki, Ə. Əliyev E. Quliyevlə bağlı Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) və 148 (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri əsasında cinayət işi açılmasını və həbs edilməsini istəyib. Bu maddələr yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur./apa/
1153 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber