Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2014

"Bu, AXCP-yə qarşı terrordur"

İctimaiyyət xadimləri partiyanın qərargahdan çıxarılmasını bu cür dəyərləndirir

AXCP-nin Nərimanov rayonunda yerləşən qərargahında baş verən müəmmalı partlayışdan sonra partiya rəhbərliyi və bir çox ekspertlər bunun təşkilatı qərargahsız qoymaq üçün bir məqsədyönlü addım olduğunu bəyan etmişdi. Bu gün səhər tezdən AXCP-nin qərargahı ilə bağlı baş verənlər irəli sürülən ehtimalların reallıq olduğunu bir daha təsdiq etdi. Beləki bu gün səhər saatlarından FHN-nin və Nərimanov rayon polis idarəsinin əməkdaşları binanın qəzalı olmasını irəli sürərək AXCP-ni qərargahı dərhal boşaltmalı olduğunu bəyan ediblər.

Cəmil Həsənli: «Bu dövlət orqanlarının müxalif siyasi partiyaya qarşı bir terror aktıdır»

Milli Şuranın sədri Cəmil Həsənli bildirdi ki, partlayış baş verən gün Milli Şura hadisənin məqsədyönlü şəkildə törədildiyini bəyan etmişdi: «Biz bəyanatımızda qeyd etmişdik ki, AXCP-nin qərargahının zirzəmisindəki partlayışdan sonra növbəti addım partiyanı binadan çıxartmaq olacaq. Elə partlayış da məhz bu məqsədlə törədilib. Partlayış hakimiyyət orqanları tərəfindən məqsədyönlü şəkildə təşkil olunub. Bu dövlət orqanlarının müxalif siyasi partiyaya qarşı bir terror aktıdır. Təəssüf ki, bizim hakimiyyət orqanları bu cür addımlar atır. Halbuki hakimiyyət orqanlarının borcu bu cür olayların qarşısının alınması olmalıdır. AXCP-nin qərargahının yerləşdiyi binanın sahibinə qarşı bu günə qədər edilən təzyiqlər bir nəticə vermədiyi üçün partlayış törədildi ki, partiyanı bu binadan çıxarsınlar».

Mehman Əliyev: «Qərargahın məqsədli şəkildə partladılması AXCP-yə qarşı bir təzyiq formasıdır»

«Turan» İnformasiya Agentliyinin direktoru, Milli Şuranın üzvü Mehman Əliyevdə bildir dik i, AXCP-nin qərargahındakı müəmmalı partlayış təşkil olunmuş planın tərkib hissəsidir və hazırda baş verənlər də bunu bir daha təsdiq edir: «Mən bu məlumat yayıldıqdan sonra əraziyə baxış keçirmək üçün AXCP-nin qərargahına yollanmışdım. Qərargahın məqsədli şəkildə partladıldığı ilk baxışdan hiss olunurdu. Bu AXCP-yə qarşı bir təzyiq formasıdır. Hakimiyyət ümumiyyətlə hazırda bütün istiqamətlərdə aqressiv formada vətəndaş cəmiyyətinin üzərinə gedir. Təzyiq siyasəti media institutlarına, iqtisadi qurumlara, QHT-lərə qarşı da yönəldilir. Bu demokratiyaya qarşı ölkədə reallaşdırılan ümumi siyasətin tərkib hissəsidir».

M.Əliyevin fikrincə, baş verənlər hakimiyyətin dünayda gedən demokratikləşmə proseslərindən ehtiyatlandığını göstərir: «Rusiyada hazırda iqtisadi durum çox pisləşib. MDB dövlətlərində də durum yaxşı deyil. Bu da heç şübhəsiz Azərbaycana da toxunur. Bildyiniz kimi bu il Azərbaycanda büdcə kəsirlə qəbul olunmuşdu. Başqa siyasi problemlər də mövcuddur. Ona görə istər regionda, istərsə də ölkəmizdə baş verən proseslər hakimiyyəti ciddi narahat edir və düşündürür».

Aslan İsmayılov: «Bu terror siyasətinin nəticələri ilk növbədə hakimiyyətin özü üçün pis ola bilər»

«Hələ partlayış baş verən günü mən bəyan etdim ki, hadisənin törədilməsində günahı olan şəxslər təcili tapılmasa və onlar cəzalandırılmasa, deməli baş verənlərin günahkarı hakimiyyətdir». Bu sözləri qəzetimizə açıqlamasında vəkil Aslan İsmayılov bildirib. Onun da fikrincə, törədilən hadisənin arxasında məhz hakimiyyət dayanır və burada məqsəd müxalifət partiyasını bir daha qərargahsız qoymaqdır: «Partlayış baş verdikdən dərhal sonra  AXCP-ni binadan çıxarmaq bir daha göstərir ki, bu hakimiyyətin öz işidir və bu olduqca təhlükəli siyasətdir. Artıq hakimiyyət insanlarla terror dili ilə danışır. Bu siyasətin nəticələri ilk növbədə hakimiyyətin özü üçün pis ola bilər».

Eldəniz Quliyev: «Baş verənlər mübarizənin önündə AXCP-nin olduğun göstərdi»

«El» Hərəkatının Məclisinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevin qənaətincə, son günlər baş verən olaylar bir daha hakimiyyətin əsil simasını göstərdi: «AXCP-nin qərargahında baş verən partlayış və bundan sonra yaşananlar göstərdi ki, Azərbaycanda demokratiya uğrunda mübarizə aparan və həqiqətən də müxalifət qüvvəsi olan bir partiya var o da AXCP-dir. Şübhə etmirəm ki, baş verən təşkil olunmuş və hakimiyyət tərəfindən yönəldilmiş bir təxribatdır. Cərəyan edən hadisələr AXCP-yə qarşı məqsədyönlü təzyiq siyasətinin tərkib hissəsidir və baş verənlərin ssenarisi əvvəlcədən işlənilib. Bu hakimiyyətin demokratik mübarizəyə olan münasibətini sərgilədi. Hakimiyyətin növbəti yalnlış və riyakar addımı Azərbaycana baş ucalığı gətirmir».

Leyla Yunus: «Hakimiyyət müxalifətlə mübarizədə terrorçuların üz tutduğu metoddan istifadə edir»

Hüquq müdafiəçisi Leyla Yunus bildirdi ki, AXCP-nin üzləşdiyi situasiya və partlayışın ardınca baş verənlər düşünülmüş siyasətin tərkib hissəsidir: «Bu bilərəkdən atılan addımlardır. Məqsəd ölkədə demokratiya uğrunda mübarizənin qarşısını almaqdır. İndiyə qədər hakimiyyət müxalifətə qarşı mübarizədə müxtəlif vasitələrdən istifadə edib. Amma indiyə qədər terrora müraciət olunmamışdı. Çünki AXCP-yə qarşı törədilən əsl terror aktıdır. Hazırda həbsdə olan «NİDA»çılar heç bir yeri partlatmamışdılar. Amma hakimiyyət təmsilçiləri hazırda məhz terrorçuların üz tutduğu metoddan istifadə ediblər. Bu onu göstərir ki, Azərbaycan hakimiyyəti krminal metodlardan yararlanır. AXCP-nin sirrli partlayışdan sonra binadan çıxarılması isə əslində onu sübut edir ki, partlayışın arxasında hakimiyyət dayanır. Məqsəd müxalif düşüncəli insanları biryerə toplaşmaqdan məhrum etməkdir».

SSRİ dövründə insanların ümumiyyətlə toplanmaq üçün məkanlarının olmadığını deyən L.Yunus vurğuladı ki, amma bununla belə insanlar biryerə toplaşdı və şər imperiyasını yıxdı. «Ona görə hakimiyyətin terror aktına əl atması hakimiyyətdə Hacı Məmmədov düşüncəli insanların hələ də olduğunu deməyə əsas verir», deyə L.Yunus vurğuladı.

Gültəkin Hacıbəyli: «Baş verənin AXCP-yə qarşı təzyiq olduğu heç kimdə şübhə doğurmur»

Milli Şuranın Beynəlxalq Münasibətlər Komissiyasının sədri Gültəkin Hacıbəyli də AXCP-nin qərargahı ətrafında baş verənləri hakimiyyətin məkirli planının tərkib hissəsi sayır. Partlayışın qərargahın zirzəmisindəki bərbərxanada baş verməsinə diqqət çəkən G.Hacıbəyli vurğuladı ki, bu cür obyektlərdə təbii qazdan istifadə olunması qanunla qadağan edilib: «Bu baxımdan bərbərxanada qazdan partlayışın olmasını demək əvvəlcədən inandırıcı deyildi. Sonradan oranı çalışdıran şəxs də etiraf etdi ki, burada ümumiyyətlə qaz xətti olmayıb. Aydın məsələdir ki, baş verən partlayışın səbəbi qaz sızması deyil. AXCP-nin qərargahının yerləşdiyi binaya güclü xəsarət dəymədiyi halda bina sökülürsə, bu partiyaya qarşı təzyiq formasıdır. Digər tərəfdən binanın sahibi də etiraf edib ki, AXCP-ni binadan çıxarmaqla bağlı ona dəfələrlə xəbərdarlıq edilib. Mənzərə aydındır. Burada məqsəd heç də cəbhəçiləri qəza təhlükəsindən qorumaq deyil. Məqsəd AXCP-nin fəaliyyətini  məhdudlaşdırmaq, partiyanı yenə qərargahdan məhrum etməkdir».

G.Hacıbyəli hesab edir ki, AXCP-nin qərargahı yerləşən binanın sökülməsi digər icarəçilərə də xəbərdarlıqdır ki, kim müxalifət partiyasına istifadə üçün binasını versə bu cür hal ilə rastlaşacaq: «Bu olduqca təhlükəli tendensiyadır. Hamı bu partlayışın nə məqsədlə törədildiyini anladı və gördü. Faktiki olaraq baş verənin AXCP-yə qarşı təzyiq olduğu heç kimdə şübhə doğurmur. Mən düşünürəm ki, hakimiyyət bu cür addımlardan çəkinməlidir. Dünyada baş verənlərin qarşısını almaq üçün AXCP-ni qərargahdan məhrum etmək düzgün yol deyil. Əgər kütləvi narazılıqlar artırsa, həmin narazılığı aradan qaldırmaq lazımdır. Bu sıraya məmur, məhkəmə özbaşnalığın aid etmək lazımdır. Təəssüf edirəm ki, Azərbaycan hakimiyyəti bu addımı da özünə yaraşdırdı»./azadlıq/


1508 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı