Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2014

Deputatın tapılması

Bizdə dövlətçiliyin qədim ənənələrə söykənməsi çox yaxşı haldır. Misal üçün, qədimlərdə elimizdə hər bir valideyn istəyirdi övladı onun yolunu davam elətdirsin, varislik olsun. İndi də, maşallah, siyasi varislik inkişaf etmişdir. İqtidar nümayəndələrinin uşaqları onların şanlı yolunu davam etdirirlər. Başqa cür ola da bilməz, uşaq vaxtı baxdığım bir hind filmində deyilən kimi, oğrunun uşağı oğru, hörmətli cənabın oğlu isə hörmətli cənab olmalıdır. Başqa yolu yox artıq, Ya Qarabağ, ya ölüm! (Yəqin diqqətli oxucular bilirlər, mən bu şüarı dəxli olan və olmayan bütün yazılarımda işlətməyə başlamışam, çünki biz Qarabağı unuda, unutdura bilmərik, o səbəbdən Virgin adasında və Panamada ofşor şirkətlər də yaratmışıq! Yaşasın Xalq Cəbhəsi!)

Uzun sözün qısası, belə şərəfli övladlardan biri də deputat Ayaz Orucovun oğludur. Bu yaxınlarda bəy maşında gedirmiş, qabaqda gedən maşın nəsə bunun xoşuna gəlməyib, çıxardıb piştonu, bir-iki güllə qoyub. Maşın dəlmədeşik olub, ancaq sürücü sağ qalıb. Sonra bu iş gedib polisə çıxıb. Deyilənə görə, hazırda araşdırırlar.

İndi bu hadisədən biz nə öyrəndik? Çox şeylər. Məsələn, iqtidar uşaqlarının daim Qarabağ yanğısı ilə yaşadığını. Bəs necə, bu uşaq Bakıda güllə atır ki, sabah Ağdərədə də ata bilsin, məşq eləyir. Bu gün qabağında gedən maşını sərrast vursa, demək, sabah tank da vurar. Suvorov, ya Səfər Əbiyev belə bir aforizm deyibdir vaxtilə: “Təlimdə nə qədər tərin axsa, döyüşdə o qədər az qanın axar”. Hərçənd bəzi versiyalara görə Səfər müəllimin afyorizmi “Yuxarı nə qədər çox pul axıtsan, səni aşağıda o qədər çox vəzifədə saxlayarlar” şəklində imiş, ancaq cəhənnəmə olsun, mövzumuz deyil. Həm də bizim köhnə-kürüş nazirlərlə işimiz yoxdur, qoy yığdıqlarını rahat təpişdirsin.

İkincisi, ən önəmlisi odur ki, bizim deputatxanada Ayaz Orucov adında deputatın olmasını öyrəndik. And olsun spiker Oqtay müəllimin “Azərsu”da işləyəndə sümürdüyü sulara, şəxsən mən belə deputat adını ilk dəfə eşidirdim. Beyləqan rayonundan deputat qoyublarmış. Keçən il hansısa müəssisənin müdirliyindən qovulubmuş. Qaçqınlara aid yeyintilərdə iştirakçıymış. Bunları mənə Google dedi. Ümumiyyətlə, Ayaz Orucov yoldaşın adını Google-də yazanda ancaq pis şeylər çıxır. Hətta arada Google mənə xəbərdarlıq göndərdi ki, bu deputatın adını bir az da axtarsan kompüterin xarab olacaq, özünü yığışdır.

İndi belə oğulla necə qürur duymayasan? Adam sözün əsl mənasında bir güllə ilə bir neçə dovşan vurubdur. Həm atasının deputat olmasını xalqımıza bildirib, həm Qarabağın işğal altında qaldığını, 37 və 42-ci paralellər arasında dünya birliyinin bu ədalətsizliyə göz yumduğunu kainata səs salmışdır! Urrra! Adə, kəs qabağın, qoyma deputat tayaya girdi! Biz iqtisadiyyatı vergi yolu ilə tənzimləməliyik!

Məncə, gərək polis də bu işi araşdırıb-zad eləməsin. Çünki hər hansı hadisəni biz cəmiyyətə xeyir və ziyanları baxımından qiymətləndirməliyik. İndiki halda deputatın oğlunun atdığı güllələrdən ölən yoxdur. Mən biləni, avtomobilə dəyən ziyan, mənəvi kompensasiya, müstəntiqin ağzını yummaq kimi zəruri istintaq tədbirləri üçün də hardasa 30 min manatdan artıq pul ödənilib.

Ancaq xeyir gör nə qədərdir! Hətta qiyməti yoxdur! Ayaz Orucov adında deputatımızın olduğunu öyrənmişik ey! Bundan artıq sizə nə lazımdır? İlin-günün bu vaxtında, mart ayında deputat tapmaq asan işdirmi? Təsəvvür edin, uşaq atəş açmazdı, biz də deputatı tapmazdıq... Bunun axırı necə olardı? 125 deputat yerindən biri fıs çıxacaqdı.
Mən burdan beynəlxalq qurumlara da müraciət edirəm, deputata olan təzyiqləri dayandırmağa çağırıram.

Zamin Hacı/musavat
1274 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...