Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2014

AXCP-nin partladılmış qərargahını uçurtdular FOTO/VİDEO

Binanın sahibi Kəmaləddin Heydərovun adını çəkdi; "Min bir təzyiq etdilər ki, onları ordan çıxart" YENİLƏNİB

Əli Kərimli: «AXCP-nin gücü onun qərargahında, daşda, divarda deyil, azadlıq, ədalət, xalqla birlikdə mübarizə aparmasındadır»

Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) qərargahdan çıxartdılar. Səbəb kimi martın 3-də qərargahın zirzəmisində baş verən qəzanı əsas gətiriblər. Partiya rəhbərliyinə deyilib ki, bina qəzalı vəziyyətdədir. Qeyd edək ki, martın 3-də saat 5 radələrində AXCP-nin Nərimanov rayonunda yerləşdiyi qərargahın zirzəmisində partlayış olub. Ərazidə yaşayan sakinlərin dediklərinə görə, partlayış üç dəfə fasilələrlə baş verib. Zirzəminin sahibi və orada icarə əsasında çalışan sahibkarlar isə qaz balonundan istifadə etmədiklərini, işdən çıxarkən də nə zirzəminin içində, nə də qapısının bayır tərəfində qaz balonunun olmadığını deyiblər. AXCP rəhbərliyi isə olayı siyasi terror adlandırıblar.

Bina qəzalıdır, çıxmalısınız...

Olay baş verən andan cəbhəçilər hadisənin qərargahın alınması üçün hakimiyyətin növbəti addımı kimi dəyərləndirirdilər - Ən yaxşı halda iki günə AXCP-ni “bina qəzalıdır, buradan çıxmalısınız” adı ilə ofisdən çıxaracaqlar.
Partiyanı qərargahdan çıxartmağına çıxartdılar, ancaq iki günə deyil, elə olayın səhərisi.
Dünən saat 9 radələrində Nərimanov Rayonun Icra Hakimiyyətinin başçısının müavini Şahmar Ibadov və bir neçə polis əməkdaşı AXCP-nin qərargahına gələrək binanı boşaltmağı tələb etdi. Zirzəmiylə yanaşı qərargahanın qarşısı da lentlə hasara alındı. Səhər saatlarında suyu kəsilən qərargahın elektrik enerjisiylə təminatı da dayandırıldı.

AXCP Ali Məclisinin sədri Həsən Kərimovla görüşən Şahmar Ibadov binanın qəza vəziyyətində olduğunu söylədi. Deyildi ki, sözügedən ərazidəki binayla yanaşı evlər də söküləcək. Partiya yetkilisi isə binanın sahibiylə təhvil-təslim həyata keçirilməli olduğunu icra hakimiyyətinin nümayəndəsinin diqqətinə çatdırdı. Öncə AXCP-yə binanı saat 16:00-a qədər boşaltmağa icazə verilsə də, sonradan bu qərar dəyişdirildi. Daha sonra əraziyə əlavə cəlb olunan Nərimanov rayon polis idarəsinin əməkdaşları qərargahın dərhal boşaldılmasını tələb etdi.
Cəbhəçilər binanın qəzalı vəziyyət olmasıyla bağlı qərarın surətini Şahmar Ibadovdan tələb etsələr də, o bunu yalnız bir nəfərə göstərə biləcəyini dedi.

“Partiya rəhbərliyində təmsil olunan istənilən bir şəxsə qərarın surətini oxumağa verə bilərəm” deyən Şahmar Ibadov sənədi almaq üçün ya cəbhəçilərin Nərimanov Rayon Icra Hakimiyyətinə, ya da Fövqalədə Hallar Nazirliyinə müraciət etməli olduğunu söylədi.  
AXCP sədrinin müavini Gözəl Bayramlı qərarın surətini uca səslə oxuyandan sonra qərargahın boşadılmasına start verildi.

“FHN-nin ekspertləri sifarişi böyük məmuniyyətlə yerinə yetirirlər”

AXCP Ali Məclisinin sədri Həsən Kərimov: “Bizə dedilər ki, qərarın surəti mülkiyyət sahibinə təqdim olunacaq, siz icarədarsınız. Qərarda yazılıb ki, bina qəzalı vəziyyətdə olduğu üçün FHN-nin ekspertləri tərəfindən akt tərtib olunub və aktda göstərilir ki, binanın hər an uçmaq təhlükəsi var. Ancaq dünəndən (martın 3-dən - R.D) məlum idi ki, normal ekspertiza aparılmır, başlarından edirlər”. 
Həsən Kərimov partiya tərəfindən ekspertlərin dəvət olunduğunu da bildirdi: “Özümüzün də inşaatçı mühəndislərini dəvət etdik və onlar dedi ki, bina qəzalı vəziyyətdə deyil və burda fəaliyyət göstərmək mümkündür. Bu da göstərir ki, binanın boşaldılması yuxarıların sifarişidir və FHN-nin ekspertləri də bu sifarişi böyük məmuniyyətlə yerinə yetirirlər”.

AXCP öz əşyalarını boşaldandan sonra Şahmar Ibadov AXCP rəhbərliyi ilə mübahisə yaradaraq, onlardan binadan çıxmağı tələb etdi. Partiya üzvləri qərargahın sahibi saat 16:00-da Bakıya gələcək və icarəyə götürdükləri əşyaları təhvil verəndən sonra oradan çıxacaq. Bu məsələdə öncə anlaşma olsa da, ancaq vaxtın tamam olmasına bir saat qalmış icra hakimiyyətinin işə cəlb etdiyi fəhlələr binanı insanlar içəridə ola-ola sökməyə başladılar. 

“Yazılı qərarınız hanı, siz kimsiniz, Kəmaləddin Heydərov?”

Türkiyədə yaşayan, olayla bağlı dünən Bakıya qayıdan binanın sahibi Azər Əsgərov birbaşa hadisə yerinə gəldi. O, jurnalistlərə açıqlamasında binanın partladılaraq uçurulmasına yeganə səbəb oranı AXCP-yə icarəyə verməsi olduğunu bildirdi: “Min bir təzyiq etdilər ki, onları ordan çıxart. Mən də etmədim. Niyə də edim? Internetdən izləyirəm, görürəm ki, bu adamlar vətən üçün, azadlıq üçün çalışırlar, həbsə düşürlər, dönmürlər. Buranı sökdülər, eybi yox, birini də alıb cəbhəçilərə verərəm”.
Binanın sahibi şübhələrini bölüşərək dedi ki, partlayış fövqəladə hallar naziri Kəmaləddin Heydərovun tapışırığı ilə törədilib.
“Mənə bu barədə xəbərdarlıq ediblər. Səslərini yazmışam, videolarını çəkmişəm”, - deyə o əlavə edib. Azər Əsgərov dediyi dəlillərin toplandığı diskləri də jurnalistlərə təqdim etdi.
Binanın sahibi onu da bildirdi ki, FHN rəhbəri onu məhz partlayışla hədələyib. Türkiyədə də bu cür hədələrlə qarşılaşdığını deyən Azər Əsgərov məhkəməyə üz tutacağını dedi.
“Mənim xəbərim olmadan şəxsi mülkiyyətimi sökməyə nə haqqınız var? Yazılı qərarınız hanı, siz kimsiniz, Kəmaləddin Heydərov?”, - Azər Əsgərov əsəbi şəkildə binanı sökən fəhlələrdən soruşdu.
Fəhlələr isə iş başında idi...

Azər Əsgərovun jurnalistlərə təqdim etdiyi dəlil:

“Azəriqaz” və FHN təkzib edir

“Azəriqaz” Istehsalat Birliyi olayla bağlı məlumat yayıb. Məlumatda partlayışın təbii qazla heç bir bağlılığı olmadığı bildirilib. Hadisə yerinə ilkin baxış zamanı biri tam dağılmış, digəri isə yanğının təsirinə məruz qalmış 2 ədəd propan qaz balonu aşkar edildiyi qeyd edilib.
“Baxış zamanı qeyri-yaşayış sahəsinin alqı-satqı ofisi kimi icarəyə götürülmüş otağının arakəsmə divarlarının dağılma və uçma əlamətlərinə əsasən, partlayışın (yanğının) mənbə zonasının məhz həmin otağın içərisində yerləşməsi müəyyən edilib. Həmin otağın içərisində qaz balonlarının və üzərində rezin boru birləşməsinin olduğu qaz avadanlığının aşkar edilməsi, həmçinin onların üzərində dağılma və parçalanma izlərinin mövcud olması partlayışın məhz həmin qaz avadanlıqlarından düzgün istismar edilməməsi nəticəsində baş verməsinə xarakterikdir”, - açıqlamada bildirilir.
“AXCP-nin binadan çıxarılmasının heç bir siyasi məqsədi yoxdur. Ümumiyyətlə, bizim üçün bu binadan çıxarılan təşkilatın siyasi mənsubiyyəti heç bir əhəmiyyət daşımır”. Bunu APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.
O, qeyd edib ki, binanın qəzalı vəziyyətdə olması ilə bağlı mütəxəssis rəyinə əsaslanan akt tərtib edilib. 
“Uzun illər əvvəl heç bir təhlükəsizlik tədbirləri görülmədən, tikinti norma və qaydalarına uyğun olmayaraq ikinci mərtəbə tikilib. Bununla əlaqədar binanın mövcud konstruksiyası həddindən artıq yüklənib. Agentliyin əməkdaşları konstruksiyaya baxış keçirərək, orda maraqlı bir fakt aşkar ediblər. Birinci mərtəbənin zirzəmisinin üstündə olan örtük ağac konstruksiyalardan ibarət olmasına baxmayaraq, sonradan onun üstündən monolit beton döşəmə konstruksiyası verilib və həmin konstruksiyalar binanın divarı ilə əlaqələndirilməyib. Aşağıdakı ağac konstruksiyalar da çürüdüyündən, döşəmə hər an çökə bilər ki, bu da içəridəki insanların həyatı üçün böyük təhlükə yaradar”, - deyə Elxan Əsədov qeyd edib.

 

Ramin Deko

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mərkəzi qərargahının (Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 8) zirzəmisində partlayış baş verib. Hadisə dünən səhər saat 5 radələrində baş verib. Partlayış nəticəsində qərargahın zalına ziyan dəyib. Həmin vaxt ofisdə partiyanın gənclər komitəsinin iki üzvü olub, onlardan heç biri xəsarət almayıb.

“Hadisənin obyektiv araşdırılacağına inanmıram”

Biz sözügedən ünvana çatanda artıq hadisənin üstündən üç saat ötmüşdü. Fövqalədə Hallar Nazirliyinin (FHN) bir neçə əməkdaşı gözə dəysə də, nədənsə, olay yerinə baxış keçirilməmişdi. Halbuki, partlayış baş verən yerlərə aidiyyəti qurumların işçiləri gəlmiş, ərazi lentlərlə hasara alınmış və kənar şəxslərin içəri keçməsi yasaqlanmışdı. Ancaq bunun dünənki olaya heç bir aidiyyəti yox idi. Üstəlik, zirzəminin qapısı ağzında içi palçıqlı və paslı qaz balonu olması şübhəli məqamlara yol açır.
FHN-in işçiləri olaydan təxminən 7 saat sonra zirzəmiyə baş çəkdi. Hadisə yerindən bir neçə şəkil çəkəndən sonra AXCP-nin qərargahına, zərər dəymiş zala daxil oldular. Partlayışdan sonra döşəmənin uçmuş hissəsinə diqqət yetirdilər. Onlar öncə binanın qəzalı vəziyyətdə olduğunu, buna görə də cəbhəçilərə ofisi tərk etməyi tapşırdılar. Mənzil Istismar Sahəsinin işçiləri həmin yeri qazanda isə hər şeyin əksi sübut olundu. Məlum oldu ki, zirzəmi ilə AXCP-nin qərargahının döşəməsini qalın dəmir relslər birləşdirir. Bu, binanın təhlükəli vəziyyətdə olmadığını isbatlayır.
Axşam saatlarına qədər isə ayrı-ayrı briqadalar ünvana baş çəkərək hadisə yerindən nümunələr götürür, jurnalistlərin çəkiliş aparmasına maneçilik yaradırdılar.
Partiyanın Ali Məclisinin sədri Həsən Kərimov bizimlə söhbətində hadisənin şəffaf araşdırılacağına inanmadığını bildirib. 

“Bizə deyilmişdi ki, əgər onları çıxarmasanız, bir gün oranı partladacaqlar”

Zirzəmi iki yerə bölünərək icarəyə verilirdi. Bərbər Samir Muradov “Azadlıq”a açıqlamasında 2 ildir bu ünvanda işlədiyini deyib. O, indiyə qədər heç vaxt qaz balonundan istifadə etmədiyini, zirzəminin ağzında olan qaz balonunun ona məxsus olmadığını söyləyib.
Zirzəmidə icarə əsasında işləyən başqa bir sahibkar da orada qaz balonunun olmadığını bildirib. 6 ildir burada çalışan həmin şəxs ona 15-20 min manat ziyan dəydiyini vurğulayıb.
AXCP-nin yerləşdiyi qərargahın sahibi Azər Əsgərovun həyat yoldaşı Kifayət xanım “Azadlıq”a açıqlamasında deyib ki, partlayışın qəsdən törədildiyini güman edir. Çünki AXCP-ni binadan çıxarmaq tələbilə onlara xəbərdarlıq olunub: “Qəsdən törədilmiş hadisədir. Xəbərdarlıq da edilmişdi. Bizə deyilmişdi ki, əgər onları çıxarmasanız, bir gün oranı partladacaqlar”.
Partiya rəhbərliyi də Azər Əsgərova edilən xəbərdarlıqdan məlumatlı imiş. Həsən Kərimovun sözlərinə görə, binanın sahibinə AXCP-ni oradan çıxarmaq haqqında xəbərdarlıq ediblər, əks təqdirdə o bina ya yanacaq, ya da partlayış olacaq. Onun diqqətinə Ilham Əliyevin bu barədə birbaşa göstərişi olduğunu da çatdırıblar: “Sahibkar eyni zamanda övladları ilə təhdid edilib. Bütün səs yazıları, videolar əlimizdə var. Lazım olsa, Avropa məhkəməsinə verəcəyik”.

“Binanın sahibinə Kəmaləddin Heydərov və müavini adından zəng edilib”

AXCP Ali Məclisinin sədr müavini Gözəl Bayramlı da “Azadlıq”a açıqlamasında qərargahın sahibinə dəfələrlə təzyiqlər edildiyini deyib: “Qərargahın sahibi Azər Əsgərovun verdiyi məlumata görə, FHN-in təsərrüfat idarəsinin rəisi işləyən qardaşı Yavər Əsgərov dəfələrlə ona Kəmaləddin Heydərovun və onun müavini Orucəli Hacıyevin adından zəng edib. Deyib ki, AXCP-ni qərargahdan çıxartmasa, zirzəmidə yanğın, partlayış baş verəcək. Azər müəllim dedi ki, əlində audio və video yazı var. Beynəlxalq məhkəməyə verməyə hazırlaşır. Dedi ki, onda ciddi faktlar var və bu, hakimiyyət tərəfindən törədilmiş məsələdir. Heç bir halda, AXCP-ni qərargahdan çıxartmaq kimi bir niyyəti olmayıb”.
Qeyd edək ki, AXCP-nin qərargahıyla binanın zirzəmisinin sahibi ayrı-ayrı şəxslərdir. Yəni, Azər Əsgərovun mülkiyyəti yalnız partiyanın yerləşdiyi ofisdir. Zirzəminin sahibi isə başqa şəxsdir.
Adını söyləməyən zirzəminin sahibi də orada qaz balonundan istifadə edilmədiyini bildirib.
Ərazidə yaşayan sakinlər isə zirzəmidə üç dəfə partlayışın baş verdiyini söyləyiblər: “Partlayışlar ayrı-ayrı vaxtlarda və güclü oldu. Birinci zirzəminin gircəyində, iki dəfə isə qapının ağzında baş verdi”.

“Balaca qaz balonu belə böyük fəsad verə bilməz”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı partlayış yerində olan qaz balonu barədə şübhəli məqamlardan danışıb. O, baş vermiş partlayışın ilkin müayinəsini apardıqlarını söyləyib: “Zirzəmidəki bərbərxananı işlədən Samir adlı bərbər bildirdi ki, burada heç vaxt qaz balonu olmayıb. Hadisə yerində isə köhnə və paslı parça pilləkənin üzərinə qoyulub ki, ilk baxışdan qaz balonundan baş verən partlayış təəssüratı yaransın. Qaz balonunun içi palçıqlı və paslı idi. Əgər partlayış balondan baş veribsə, o zaman qaz dolu olan balonun içi niyə paslı və palçıqlı olmalıdır? Açıq-aydın görünür ki, balon hadisə yerinə sonradan qoyulub. Özü də naşıcasına qapıdan çöldəki pilləkənin üstünə. Aydın görünür ki, bu, hakimiyyətin sifarişi ilə həyata keçirilən siyasi terror aksiyasıdır”.
F.Qəhrəmanlı hesab edir ki, AXCP-yə qarşı yönəlmiş bu aksiyanın əsas məqsədi Azərbaycan cəmiyyətində, demokratik düşərgədə xof yaratmaqdır: “Hakimiyyət açıq göstərmək istəyir ki, təkcə həbslərlə, siyasi repressiyalarla yox, lazım gələrsə, terror aksiyaları ilə də öz siyasi rəqibinə qarşı mübarizə aparmağa hazırdır. Bu, hakimiyyətin mahiyyətini göstərən bir məsələdir. Ikinci versiya ondan ibarətdir ki, qərərgahı almaq cəhdləri indiyə qədər fayda vermədiyindən bu yolla binanın sahibinə mesaj verilib. Yəni, əgər bina AXCP-də qalarsa, o, terrorun qurbanı ola bilər. Bu versiyaların hansının gerçək olduğunu yaxın zaman göstərəcək. Hadisə yerində olan balaca qaz balonunun partlayış gücü belə böyük fəsad vermək iqtidarında deyil. Bu, böyük ehtimalla təşkil olunmuş təxribat hadisəsidir. AXCP olaraq, biz bunu belə qiymətləndiririk və hakimiyyət orqanlarının da araşdırmasının nəticələrini gözləyirik”.

“Partlayışı AXCP-ni qərargahsız qoymaq məqsədilə törədiblər”

AXCP sədri Əli Kərimli hadisəylə bağlı mövqeyini açıqlayıb. O, “Facebook” səhifəsində bunları yazıb: “AXCP-nin müvəqqəti qərargahında partlayış baş verib. Əslində, partlayış qərargahın altındakı zirzəmidə baş verib, amma qərargaha ciddi ziyan dəyib. Partiyamıza qarşı son günlər daha da artan təzyiqlər, gənc cəbhəçilərin kütləvi həbsləri fonunda partlayışın təsadüfi olmadığı bilinirdi. Amma indi hər şey tam olaraq aydınlaşdı. Hakimiyyətimiz müxalifəti ilə artıq terror, partlayış dili ilə danışır. Qərargahın sahibinin ailə üzvləri partiyamızın nümayəndələri ilə söhbətdə açıq etiraf ediblər ki, hakimiyyət onları çoxdan hədələyirmiş. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından sahibkardan tələb edirmişlər ki, qərargahı AXCP-dən geri alsın. Əks təqdirdə binada partlayış və yanğın ola biləcəyi ilə hədələyirmişlər. Bu məlumat artıq heç bir şübhə yeri qoymur ki, partlayış öz-özünə baş verməyib. Partlayışı AXCP-yə təzyiq etmək, onu yenidən qərargahsız qoymaq məqsədi ilə törədiblər. Mən Azərbaycan hökumətini məsuliyyətli olmağa, dünyada baş verənlərdən nəticə çıxarmağa, AXCP-yə qarşı təzyiqləri dayandırmağa çağırıram. AXCP-nin gücü onun qərargahında, daşda, divarda deyil. AXCP-nin gücü azadlıq, ədalət, xalqın mənafeləri uğrunda, xalqla birlikdə mübarizə aparmasındadır. Bütün maneələrə baxmayaraq mübarizəmiz davam edir”.

 

“İlham Əliyevin birbaşa göstərişi var”

AXCP olayla bağlı bəyanat verib. Bəyanatda qeyd edilir ki, hadisə yerinə baxış keçirən FHN-in ilkin rəyində göstərilir ki, (məlumatda tarix 2 mart olaraq göstərilib) hadisə zirzəmidə yerləşən bərbərxanadakı propan balonunun partlaması nəticəsində baş verib: “Bərbərxananın icarədarı və sahibkarı isə video müsahibələrində bildirirlər ki, sözügedən yerdə nəinki qaz balonu, hətta qaz xətti belə olmayıb. Onlar partlayış yerindəki balonu hətta obyektin yaxınlığında belə görmədiklərini deyiblər”.
Sahibkarın partiya rəhbərliyilə telefon danışıqlarından sonra partlayışın təsadüf olmadığı qənaətinə gəliblər. Sahibkara deyilib ki, AXCP-ni binadan çıxarmaq lazımdır, bu barədə Ilham Əliyevin birbaşa göstərişi də var. Əks halda, binada yanğın və ya partlayış ola bilər. Sahibkar eyni zamanda övladları ilə təhdid edilib.
“Bütün bu detallar baş verən hadisənin AXCP-yə qarşı hazırlanmış təxribat olduğunu sübut edir. Olaya dövlət orqanlarının səhlənkar yanaşması bir daha onu göstərir ki, bu, AXCP-nin qərargahdan çıxarılmasına hesablanıb.
AXCP bəyan edir ki, hadisə yerinə baxış keçirilib və bina istifadəyə yararlıdır. Hadisə ilə bağlı şahidlərin və digər şəxslərin açıqlamaları mediaya təqdim olunub.
AXCP yerli və beynəlxalq ictimaiyəti baş verən hadisəni geniş araşdırmağa, diqqətdə saxlamağa çağırır. Bəyan edir ki, siyasi rəqiblərə qarşı bu cür terror metodları ilə mübarizə aparmaq, ölkədə terrorun rəsmiləşdirilməsi kimi təhlükəli bir vəziyyət yaradır" , - deyə bəyanatda qeyd edilir.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Məlumatda qeyd edilir ki, Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 kvadrat metr olan bərbərxanada yanğınla nəticələnən partlayış baş verib.
Nəticədə bərbərxananın yanar konstruksiyaları yanıb, arakəsmə divar 30 kvadrat metr sahədə uçub.
Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb./azadlıq/

1563 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...