Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2014

“Sovetski” məsələsi "Milli (olmayan) Məclisdə qaldırıldı

Narazı sakinlər gecə saat 12-yə qədər küçədə etiraz ediblər

“Sovetski” sakinləri hökumətin hər kvadrat metr üçün müəyyənləşdirdiyi 1500 manatlıq kompensasiya ilə razılaşmır. Onlar veriləcək məbləğlə heç yerdə ev ala bilməyəcəklərini deyirlər.
“Sovetski” məhəlləsinin sakinlərinin yaratdığı Təşkilat Komitəsinin sədri Namiq Quliyev “modern.az”a bildirib ki, sakinlər martın 3-də gecə saat 12-yə qədər etirazlarını bildiriblər. Onun sözlərinə görə, təklif olunan kompensasiya ilə razılaşmayanlar evlərinə girmək istəmirdilər: “Təşkilat Komitəsi o demək deyil ki, biz sakinlərin evlərinin vəkilliyini edirik. Biz bu təşkilatı ona görə yaratdıq ki, 3-5 min nəfərin sözünü hökumət nümayəndələrinə çatdıraq. Təbii ki, onların hamısı baş nazirin müavini ilə bir-bir görüşə bilməzdi. Abid Şərifov da bildirdi ki, hər kəs arxayın olsun ki, heç kimin qazı, işığı, suyu kəsilməyəcək. Kim 1500 manatdan razıdırsa, köçə bilər. Kim ki razı deyil, bundan sonra da 50 il yaşaya bilər. Onlar Təşkilat Komitəsinə bunu dedilər, biz də çıxıb xalqa çatdırdıq. Bundan sonra hər şey onlardan asılıdır”.
“Sovetski” məsələsi Milli Məclisin dünən keçirilən iclasında da qaldırılıb. Iclasda çıxış edən deputat Iqbal Ağazadə bildirib ki, sakinlərə verilən kompensasiya onların yeni mənzillə təmin olunmalarına imkan vermir.
Deputat qeyd edib ki, kompensasiyaların miqdarına yenidən baxılmalıdır: “Heç olmasa, evlərinin kvadratmetri az olanlara ev verilsin. Bu insanları dədə-baba evlərindən çıxararaq az miqdarda pul verməklə narazı kütlə yaratmağın nə anlamı var? Mən təklif edirəm ki, bu məsələ ilə bağlı parlament olaraq Nazirlər Kabinetinə müraciət edək, buna yenidən baxılsın”.
Deputata cavab verən spiker Oqtay Əsədov bildirib ki, bir-iki günə Nazirlər Kabinetinin bununla bağlı xüsusi iclası olacaq və parlamentə nəticəsi bildiriləcək: “Heç kim oradan məcburi köçürülməyəcək. Biz Nazirlər Kabinetinin həmin iclasının nəticəsini gözləyirik. Lazım gələrsə, əlbəttə ki, parlament olaraq, biz də bu barədə sözümüzü deyəcəyik”./azadlıq/
1310 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber