Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2013

Dərd içində boğulan Yaşıl dərə

Kanalizasiyasız, yolsuz, zibillik içində qalan sakinlərin şikayətləri eşidilmir
Kommunal qurumlar sakinlərin öz hesabına çəkdirdikləri su və qaz xətlərinə sayğac qoyub pul yığır 
"Güclü yağış yağanda buranı çirkab suları basır. İydən dayanmaq olmur. Yayda isə vəziyyət daha betərdi. Cücülər, mığmığalar da öz yerində. Bilmirik neyləyək. Gördüyünüz bu yolu Qubadlı Rayon İcra Hakimiyyəti çəkdirib. Bu yol da uşaqlar üçün nəzərdə tutulub. Qəsəbədə Qubadlı rayonundan olan məcburi köçkünlər də məskunlaşıb, məktəb var. Həmin yol uşaqların məktəbə gedib-gəlməsini asanlaşdırmaq üçündü. Qalan ərazilərdə yol yoxdu. Yağış yağanda ümumiyyətlə, yerimək mümkün olmur. Zibillik də ki, göz deşir. Biz bu vəziyyətdə 7 ildi yaşayırıq" - deyir Sumqayıt şəhərində Yaşıl dərə adlanan yaşayış sahəsinin sakini Vüsal Hətəmov.

Sumqayıt şəhəri ilə arası 10 dəqiqəlik yol olar Yaşıl dərənin, ancaq diqqət etibarilə yad olanlardandır. "Azərsu" ASC qəsəbəyə içməli su çəkməsə də, kanalizasiya sistemi qurmasa da hər evdə sayğacını qoyub.  

"Azərsu bunu öz hesabatına da daxil edib. 2 il bundan əvvəl oranın mətbuat xidməti də açıqlama yaymışdı ki, biz bura kanalizasiya çəkəcəyik" - deyir V.Hətəmov.
Qəsəbəni gəzdikcə qurunt və çirkab sularının axdığı kanal getdikcə dərinləşir və evlərin ətrafı ilə uzanıb gedir. Evlərin divarlarının nəm çəkdiyi görünür. Sakinlər də orda hər evin kif atdığını söyləyir. 
Yaşayış massivində uşaqlar üçün bircə dənə də olsun əyləncə yerinə rast gəlmədik. Uşaqların əsas əyləncəsi kanala daş atmaqdan ibarətdi. Sakinlər çirkab suyunu evlərindən uzaqlaşdırmaq üçün plastik boruları kanala qədər uzadıblar. Sakinlərin sayının artması ilə çəkilən borular artıb və yağıntılı havalarda bu kanalın daşıb evləri basması adi hala çevrilib. Qəsəbənin bu halına rəğmən ev tikənlər hələ də var. Evsizlik dərdi insanları hər cür cəhənnəmdə yaşamağa vadar edir.
"Nəyi çəkirsiz?" deyib, bizə yaxınlaşan qadınlar həmin ərazidə 5 ildir yaşadıqlarını söylədilər: "Bu kanal dolanda rüsvayçılıq olur. Bir dəfə pul yığdıq çirkab suları üçün yataq qazdırdıq. Çünki yayılmışdı hər tərəfə. Kanalizasiya borusu çəkdirən sakinlər də vaxtlı-vaxtında pul yığa bilmirlər. Çirkab dolub həyətlərə daşır. Bu ilin əvvəlində gəldilər - türklər idi. Nəyisə basdırdılar, ölçdülər. Biz də sevindik ki, kanalizasiya çəkiləcək. Apreldə guya işə başlayacaqdılar. İçməli suya da 400 manat verib çəkdirmişik. Qazı da eləcə pulla özümüz çəkdirmişik. İndi «Azəriqaz» başlayıb boru çəkməyə. Sayğac da gətirib qoyublar. Zibilin də ayına 2 manat pul verib maşın tutmuşuq. O cür daşıtdırırıq" - deyir Şəfa xanım.
Sumqayıt Bələdiyyəsi Yeni Yaşayış Massivi, 1, 3-cü məhlə komitəsinin əməkdaşı Xəlil Abbasov kanalizasiya xəttinin 2014-cü ildən tez çəkilməyəcəyini bildirdi: "Allah qoysa nəzərdə tutulub gələn il çəkilsin. Plana salınıb. Sənədləşmə başa çatandan sonra bütün o işlər görüləcək. İşi Sumqayıt Şəhər İcra hakimiyyəti görəcək. Sumqayıtı necə gözəlləşdirir, oranı da elə gözəlləşdirəcək. Yaşayış massivi təzə təsdiq olunub - 2006-cı ildə".

Evsizlik cəhənnəmi

"Hər ailə qaza 500 manat pul verib. Biz yoldan uzaq olduğumuz üçün bir qədər çox vermişik. İşığı, suyu da elə çəkdirmişik. Bunlar gözümüzə görünmür. Əsas kanalizasiya dərdimizdi. Bura gələnlərin əksəriyyəti də bina evində evlənənələrdir- bir evə sığışmayıb burada mənzil tikiblər. Bir evdə 2 ailə, 3 ailə birlikdə necə yaşasın? İpoteka da bizlik deyil. Məcburuq ki, buralardan torpaq alıb ev tikdirək. O da belə olur" - deyir Zülfiyyə xanım. 
Evsizlikdən qaçan vətəndaşların bitməyən problemləri içində bir problem də yolsuzluqdu. Kələ-kötür yollarda avtomobillər üçün irəliləmək çətindirsə, yağışlı havalarda heç onlar da davam gətirmir. 
"İmkan olsa bizim yollara əncam çəksinlər. Burda pul yığıb daş tökdürürük, asfalt çəkdirməyə imkanımız çatmır. Bəzi məsələləri pulla həll edə bilərik, ancaq kanalizasiya, yol çəkə bilmərik axı" - digər sakin Cəmil Cabbarlı söylədi.
Sakinlərin evsizlik dərdinə bir növ çarə olub Yaşıl dərə. Bir sot, iki sot sahədə 2-3 otaqlı, darvazası yamaqlı, hətta darvazasız evlər kifayət qədərdi. Sakinlərin imkanı çatan kanalın kənarına torpaq, kərpic alıb töküb. Kanalda ev quşlarına da rast gəlmək mümkündü. Zibillərin və çirkabın axdığı çökəkliklərdə ördəklər də üzür. 
Zibillərin daşınması üçün Təmiz Şəhər ASC ilə danışdıqlarını, razılaşma əldə etdiklərini də söylədi bələdiyyə işçisi X.Abbasov: "Maşınla danışmışıq, ancaq camaat ayda 2 manat vermir deyə zibillər qalır. Müraciət edən sakinlərin zibilləri maşınla daşınır. Həftədə iki dəfə maşın gəlir. Bizdə cərimə söhbəti yoxdu, kim hara istəyir ora da zibilini atır. Yolu da camaat öz gücünə düzəldir. 10-15 gün bundan qabaq da Qubadlı İcra Hakimiyyəti asfalt salıb - dəmiryolundan məktəbə qədər. Nəzərdə tutulub ki, bütün sular yığılsın kanalizasiyaya sonra da yol çəkilsin". 
Yaşıl dərə qəsəbəsi 4 yaşayış maassivindən ibarətdi. Maassivlər dəmiryol xəttinin, eləcə də kanalın hər iki tərəfində yerləşir. Sumqayıta daha yaxın ərazilərdə torpağın qiyməti bir qədər bahadı. Kanalın ətrafındakı isə qiymət ucuzdur. Belə ki, yola yaxın ərazidə 1 sotun qiyməti 7000-8000 manatdırsa, kanala yaxın ərazilər 1000-2000 dollar civarındadır. 
Əslində qəsəbənin probleminə çevrilən kanal Sovetlər dönəmində mövcud olan Hacıdərə kanalıdır. Kanal başlanğıcını Ceyranbatan ərazisində yerləşən meşəlikdən götürür. Hazırda qəsəbədə yaşayanların, Xəzər dənizinə tökülənə qədər keçdiyi ərazilərdə yerləşən müəssisələrin, eləcə də digər yaşayış evlərinin çirkab suyu da bu kanala axıdılır. Həmin su da təmizlənmir. Hüquqi cəhətdən Ekologiya Nazirliyinin işi hər hansı bir obyekti cərimələməkdir. Yaşayış sahələrinə isə kanalizasiya xidməti göstərən qurumlar baxmalıdır. Ancaq əsas məqam odur ki, sovetlər zamanında ərazidə nə yaşayış, nə də müəssisə olub. Ərazidə yalnız fermalar yerləşib.

Uşaq çəkməsi yerinə çilingər uzunboğazı

Digər qəsəbə sakini Zülfiyyə xanım isə 5 uşaq anasıdı: "Uşaqlarımın hamısı məktəblidir. Bu vəziyyətdə uşaqları məktəbə yollamaq, ən azı onların paltarlarının təmizliyini çatdırmaq zülümdü. Ayaqlarından boyunlarının arxasına qədər palçığa batır uşaqlar. İldə iki çəkmə alırıq. Mən heç yerdə işləmirəm. Yoldaşım da 400 manat maaş alır. Vəziyyətimizi özünüz düşünün. Qaynatam özü "svarşikdi". Uşaqlara "svarşik" çəkməsi gətirib".
Qəsəbədə irəlilədikcə hündürlüyü 10 metrə yaxın olan su çəni ilə qarşılaşdıq. Sakinlərə həmin çəndən çıxan borularla su ötürülür. Diametri 100 mm olan bir boru 10 xəttə qoşulur. Hər xəttin məbləği isə 460 manatdır. Suyun Ceyranbatan Su Anbarından götürüldüyünü deyir sakinlər. Borulara ayrıca 100-150 manat pul xərclənir. Çənə dolan su təzyiqlə evlərə vurulur. 
Dəmiryol xəttinin sağ tərəfini də sakinlər zibilliyə çevirib. Ərazidə zibil qutuları olmadığı üçün tullantılar kanalın keçdiyi sahələrə atılır. Daha bir məqam isə qəsəbənin içindən keçən poçt qatarının şlaqbaumsuz olan xəttidir. Sakinlər dəmiryol xəttinin avtomobil yolu ilə olan kəsişməsində qəzaların baş verdiyini də söyləyirlər. 
"3-cü massivdə Bələdiyyə binasından aşağıda su xətti kanalizasiya xəttinə qarışır, çünki su borusu deşilib. Neçə dəfə şikayət eləmişəm. Bircə dəfə gəlib taxta vurublar. Halbuki 70 metrlik yer dəyişilməlidir. Bizə isə deyirlər ki, kim pul verirsə dəyişir. Vəziyyətimiz budur. 30 ildir həmin ərazidə yaşayıram. Kanalizasiya borusunun çəkilməsinə 170 manat vermişəm. Su xəttini də özümüz çəkdirmişik. Su xəttini də 8 nəfərə 1500 dllardan pul yığıb 1996-cı ildə çəkdirdik. Qazı isə 1991-ci ildə 93 nəfər birləşib 300 manatdan çəkdirdik" - bunu da qəsəbə sakini Füzuli Hüseynov söylədi.(bizimyol)
2022 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber