Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2014

AXCP-yə qarşı qərargah təxribatına ictimai etiraz

"Hakimiyyət artıq terror dililə danışır"; "Belə siyasi mübarizə olmaz"; "Mülk sahibinin dedikləri araşdırma üçün əsasdır"... 

AXCP-nin Nərimanov rayonunda yerləşən qərargahında baş verən müəmmalı partlayışdan sonra bina söküldü. Səbəb kimi partlayışdan sonra binanın qəzalı olduğu bəhanəsi gətirildi. Nəticədə AXCP partiya üzvlərinin ianələri hesabına icarəyə götürüldüyü qərargahdan məhrum edildi. Amma baş verənlərdə diqqət çəkən daha bir məqam AXCP-yə icarəyə verilən binanın sahibi Azər Əsgərovun mətbuata açıqladığı faktlardır. A.Əsgərov dünən hadisə yerində bəyan edib ki, binanı fövqəladə hallar naziri Kəmaləddin Heydərov partlatdırıb. Sahibkar deyib ki, ona Heydərovun adından AXCP-ni binadan çıxarmalı olduğu, yoxsa binanın yana, yaxud partlaya biləcəyi barədə xəbərdalıq edilmişdi. A.Əsgərov dediklərini təsdiqləyən audi-diskləri də jurnalistlərə paylayıb.

Fikrini öyrəndiyimiz ictimaiyyət nümayəndələri AXCP-nin qərargahı ilə bağlı baş verənləri həm hakimiyyətin bu partiyaya qarşı düşmən münasibəti, həm də konkret cinayət əməli kimi şərh ediblər.

Cəmil Həsənli: «Bu dövlət orqanlarının müxalif siyasi partiyaya qarşı bir terror aktıdır»

Milli Şuranın sədri Cəmil Həsənli bildirdi ki, partlayış baş verən gün Milli Şura hadisənin məqsədyönlü şəkildə törədildiyini bəyan etmişdi: «Biz bəyanatımızda qeyd etmişdik ki, AXCP-nin qərargahının zirzəmisindəki partlayışdan sonra növbəti addım partiyanı binadan çıxartmaq olacaq. Elə partlayış da məhz bu məqsədlə törədilib. Partlayış hakimiyyət orqanları tərəfindən məqsədyönlü şəkildə təşkil olunub. Bu dövlət orqanlarının müxalif siyasi partiyaya qarşı bir terror aktıdır. Təəssüf ki, bizim hakimiyyət orqanları bu cür addımlar atır. Halbuki hakimiyyət orqanlarının borcu bu cür olayların qarşısının alınması olmalıdır. AXCP-nin qərargahının yerləşdiyi binanın sahibinə qarşı bu günə qədər edilən təzyiqlər bir nəticə vermədiyi üçün partlayış törədildi ki, partiyanı bu binadan çıxarsınlar».

Mehman Əliyev: «Qərargahın məqsədli şəkildə partladılması AXCP-yə qarşı bir təzyiq formasıdır»

«Turan» İnformasiya Agentliyinin direktoru, Milli Şuranın üzvü Mehman Əliyevdə bildir dik i, AXCP-nin qərargahındakı müəmmalı partlayış təşkil olunmuş planın tərkib hissəsidir və hazırda baş verənlər də bunu bir daha təsdiq edir: «Mən bu məlumat yayıldıqdan sonra əraziyə baxış keçirmək üçün AXCP-nin qərargahına yollanmışdım. Qərargahın məqsədli şəkildə partladıldığı ilk baxışdan hiss olunurdu. Bu AXCP-yə qarşı bir təzyiq formasıdır. Hakimiyyət ümumiyyətlə hazırda bütün istiqamətlərdə aqressiv formada vətəndaş cəmiyyətinin üzərinə gedir. Təzyiq siyasəti media institutlarına, iqtisadi qurumlara, QHT-lərə qarşı da yönəldilir. Bu demokratiyaya qarşı ölkədə reallaşdırılan ümumi siyasətin tərkib hissəsidir».

M.Əliyevin fikrincə, baş verənlər hakimiyyətin dünayda gedən demokratikləşmə proseslərindən ehtiyatlandığını göstərir: «Rusiyada hazırda iqtisadi durum çox pisləşib. MDB dövlətlərində də durum yaxşı deyil. Bu da heç şübhəsiz Azərbaycana da toxunur. Bildyiniz kimi bu il Azərbaycanda büdcə kəsirlə qəbul olunmuşdu. Başqa siyasi problemlər də mövcuddur. Ona görə istər regionda, istərsə də ölkəmizdə baş verən proseslər hakimiyyəti ciddi narahat edir və düşündürür».

Aslan İsmayılov: «Bu terror siyasətinin nəticələri ilk növbədə hakimiyyətin özü üçün pis ola bilər»

«Hələ partlayış baş verən günü mən bəyan etdim ki, hadisənin törədilməsində günahı olan şəxslər təcili tapılmasa və onlar cəzalandırılmasa, deməli baş verənlərin günahkarı hakimiyyətdir». Bu sözləri qəzetimizə açıqlamasında vəkil Aslan İsmayılov bildirib. Onun da fikrincə, törədilən hadisənin arxasında məhz hakimiyyət dayanır və burada məqsəd müxalifət partiyasını bir daha qərargahsız qoymaqdır: «Partlayış baş verdikdən dərhal sonra  AXCP-ni binadan çıxarmaq bir daha göstərir ki, bu hakimiyyətin öz işidir və bu olduqca təhlükəli siyasətdir. Artıq hakimiyyət insanlarla terror dili ilə danışır. Bu siyasətin nəticələri ilk növbədə hakimiyyətin özü üçün pis ola bilər».

Eldəniz Quliyev: «Baş verənlər mübarizənin önündə AXCP-nin olduğun göstərdi»

«El» Hərəkatının Məclisinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevin qənaətincə, son günlər baş verən olaylar bir daha hakimiyyətin əsil simasını göstərdi: «AXCP-nin qərargahında baş verən partlayış və bundan sonra yaşananlar göstərdi ki, Azərbaycanda demokratiya uğrunda mübarizə aparan və həqiqətən də müxalifət qüvvəsi olan bir partiya var, o da AXCP-dir. Şübhə etmirəm ki, baş verən təşkil olunmuş və hakimiyyət tərəfindən yönəldilmiş bir təxribatdır. Cərəyan edən hadisələr AXCP-yə qarşı məqsədyönlü təzyiq siyasətinin tərkib hissəsidir və baş verənlərin ssenarisi əvvəlcədən işlənilib. Bu hakimiyyətin demokratik mübarizəyə olan münasibətini sərgilədi. Hakimiyyətin növbəti yalnlış və riyakar addımı Azərbaycana baş ucalığı gətirmir».

Leyla Yunus: «Hakimiyyət müxalifətlə mübarizədə terrorçuların üz tutduğu metoddan istifadə edir»

Hüquq müdafiəçisi Leyla Yunus bildirdi ki, AXCP-nin üzləşdiyi situasiya və partlayışın ardınca baş verənlər düşünülmüş siyasətin tərkib hissəsidir: «Bu bilərəkdən atılan addımlardır. Məqsəd ölkədə demokratiya uğrunda mübarizənin qarşısını almaqdır. İndiyə qədər hakimiyyət müxalifətə qarşı mübarizədə müxtəlif vasitələrdən istifadə edib. Amma indiyə qədər terrora müraciət olunmamışdı. Çünki AXCP-yə qarşı törədilən əsl terror aktıdır. Hazırda həbsdə olan «NİDA»çılar heç bir yeri partlatmamışdılar. Amma hakimiyyət təmsilçiləri hazırda məhz terrorçuların üz tutduğu metoddan istifadə ediblər. Bu onu göstərir ki, Azərbaycan hakimiyyəti krminal metodlardan yararlanır. AXCP-nin sirli partlayışdan sonra binadan çıxarılması isə əslində onu sübut edir ki, partlayışın arxasında hakimiyyət dayanır. Məqsəd müxalif düşüncəli insanları bir yerə toplaşmaqdan məhrum etməkdir».

SSRİ dövründə insanların ümumiyyətlə toplanmaq üçün məkanlarının olmadığını deyən L.Yunus vurğuladı ki, amma bununla belə insanlar biryerə toplaşdı və şər imperiyasını yıxdı. «Ona görə hakimiyyətin terror aktına əl atması hakimiyyətdə Hacı Məmmədov düşüncəli insanların hələ də olduğunu deməyə əsas verir», deyə L.Yunus vurğuladı.

Gültəkin Hacıbəyli: «Baş verənin AXCP-yə qarşı təzyiq olduğu heç kimdə şübhə doğurmur»

Milli Şuranın Beynəlxalq Münasibətlər Komissiyasının sədri Gültəkin Hacıbəyli də AXCP-nin qərargahı ətrafında baş verənləri hakimiyyətin məkirli planının tərkib hissəsi sayır. Partlayışın qərargahın zirzəmisindəki bərbərxanada baş verməsinə diqqət çəkən G.Hacıbəyli vurğuladı ki, bu cür obyektlərdə təbii qazdan istifadə olunması qanunla qadağan edilib: «Bu baxımdan bərbərxanada qazdan partlayışın olmasını demək əvvəlcədən inandırıcı deyildi. Sonradan oranı çalışdıran şəxs də etiraf etdi ki, burada ümumiyyətlə qaz xətti olmayıb. Aydın məsələdir ki, baş verən partlayışın səbəbi qaz sızması deyil. AXCP-nin qərargahının yerləşdiyi binaya güclü xəsarət dəymədiyi halda bina sökülürsə, bu partiyaya qarşı təzyiq formasıdır. Digər tərəfdən binanın sahibi də etiraf edib ki, AXCP-ni binadan çıxarmaqla bağlı ona dəfələrlə xəbərdarlıq edilib. Mənzərə aydındır. Burada məqsəd heç də cəbhəçiləri qəza təhlükəsindən qorumaq deyil. Məqsəd AXCP-nin fəaliyyətini  məhdudlaşdırmaq, partiyanı yenə qərargahdan məhrum etməkdir».

G.Hacıbyəli hesab edir ki, AXCP-nin qərargahı yerləşən binanın sökülməsi digər icarəçilərə də xəbərdarlıqdır ki, kim müxalifət partiyasına istifadə üçün binasını versə bu cür hal ilə rastlaşacaq: «Bu olduqca təhlükəli tendensiyadır. Hamı bu partlayışın nə məqsədlə törədildiyini anladı və gördü. Faktiki olaraq baş verənin AXCP-yə qarşı təzyiq olduğu heç kimdə şübhə doğurmur. Mən düşünürəm ki, hakimiyyət bu cür addımlardan çəkinməlidir. Dünyada baş verənlərin qarşısını almaq üçün AXCP-ni qərargahdan məhrum etmək düzgün yol deyil. Əgər kütləvi narazılıqlar artırsa, həmin narazılığı aradan qaldırmaq lazımdır. Bu sıraya məmur, məhkəmə özbaşnalığın aid etmək lazımdır. Təəssüf edirəm ki, Azərbaycan hakimiyyəti bu addımı da özünə yaraşdırdı».

Fuad Ağayev: «Baş verənlər AXCP, Milli Şuraya qarşı aparılan kampaniyanın tərkib hissəsidir»

Vəkil Fuad Ağayev hesab edir ki, AXCP-nin qərargahı ilə bağlı baş verənlər, mətbuatdakı məlum səs yazısı müvafiq strukturlar tərəfindən ciddi araşdırılmalıdır: «Amma təəssüf ki, bu cür məsələləri obyektiv, hərtərəfli araşdıran bir orqan Azərbaycanda yoxdur. Nə prokurorluq, nə də istintaq orqanları xüsusilə siyasi mənsubiyyət məsələlərinə gəldikdə çox qərəzli olurlar. Onlar verilən tapşırıqdan kənara çıxmırlar. Ona görə baş verənlərin obyektiv araşdırılacağına ümid o qədər çox deyil. Amma bir məqamı nəzərə almaq lazımdır ki, hətta bina qəza vəziyyətində olsaydı belə, həmin binanın sökülmədən əvvəl onun vəziyyəti ilə bağlı araşdırma aparılmalı idi. Qanun bunu qadağan edir. Ona görə bu hərəkətlərin qərəzli xarakter daşıması şübhə doğurmur. Bu AXCP, Milli Şuraya qarşı aparılan kampaniyanın tərkib hissəsidir. Siyasi rəqiblərə qarşı bu cür metodlarla mübarizə aparmaq düzgün deyil, sivil ölkələrdə belə hallar olmur».

Arif Əliyev: «AXCP-yə qarşı qısasçılıq planı var»

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev də hesab edir ki, hazırda baş verənlər AXCP-yə qarşı uzun müddətdir ki, ən kobud formalarda həyata keçirilən təzyiqin davamıdır. AXCP-nin qərargahı ilə bağlı birinci dəfə deyil ki, bu cür problemin yarandığını deyən A.Əliyev vurğuladı ki, faktiki olaraq AXCP-ni qərargahsız fəaliyyət göstərməyə məcbur edirlər: «AXCP-yə qarşı hücumlar vətəndaşların sərbəst toplaşmaq hüquqlarının açıq formada məhdudlaşdırılmasıdır. Bundan əlavə məhz AXCP-yə qarşı qısasçılıq planın olduğu görünür. Biz istərdik ki, siyasi yönümündən, hakimiyyətin xoşuna gəlib-gəlməməyindən asılı olmayaraq, insanların siyasi fəaliyyətinə şərait yaradılmalıdır. İnsanların ən sadə hüquqları belə təmin edilməlidir».

A.Əliyevin fikrincə, eyni zamanda AXCP-nin qərargahının yerləşdiyi binanın sahibinin dedikləri, sübut kimi gətirdiyi materiallar da araşdırma predmeti olmalıdır: «Binanın sahibinin artıq KİV-lərdə bu cür məlumatla çıxış etməsi araşdırma üçün əsas ola bilər. Bundan başqa burada söhbət yalnız bir nəfərin deyil, insanların sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılmasından gedir. Ona görə baş verənlər ciddi araşdırılmalıdır».

Mirvari Qəhrəmanlı: «Səs yazısı və sahibkarın dedikləriylə bağlı dərhal cinayət işi açılmalıdır»

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, AXCP-yə qarşı son hücum dalğası Xocalı soyqırımı ilə bağlı anım mərasimində gənclərin aktivliyindən sonra başladı. AXCP-nin anım mərasiminə partiya olaraq çoxlu sayda yeni simalı gənclərlə qatılmasının hakimiyyəti narahat etdiyini düşünən M.Qəhrəmanlı vurğuladı ki, görünür, AXCP-nin qərargahsız saxlanılması müvafiq qurumların qarşısında bir öhdəlik kimi qoyulub: «Hakimiyyət elə düşünr ki, Azərbaycanda fəaliyyət göstərən güclü müxalifət partiyasının qərargahının əlindən alınması onun gücünün itirməsinə və yaxud parçalanmasına səbəb ola bilər. AXCP Nərimanov rayonundakı qərargahına təşkilatlanmış formada gəlmişdi. Əgər siyasi partiyanın nüfuzu, onun tərəfdaşları varsa, fəaliyyətini əvvəlki formada davam etdirə biləcək. Əksinə baş verən hadisə hakimiyyətin imicinə neqativ təsir edəcək».

AXCP-nin qərargahının sökülməsiylə sahibkarın mülkiyyətinə ciddi ziyan vurulduğunu deyən M.Qəhrəmanlı vurğuladı ki, səs yazısı və sahibkarın dedikləriylə bağlı dərhal cinayət işi açılmalıdır: «Əslində baş verən hadisə insanların kütləvi şəkildə mülkiyyət hüququnun pozulmasının bir davamıdır. İstisna deyil ki, bir müddət sonra AXCP-nin keçmiiş qərargahının ərazisində imkanlı bir məmur ya hündür mərtəbəli bina tikəcək, ya da Bakı meri fontan salacaq».

Namizəd Səfərov: «Binanın dərhal sökülməsi hakimiyyətin AXCP-yə qarşı planlarının üstünü açır»

Vəkil Namizəd Səfərovun qənaətincə, AXCP-nin qərargahı ilə bağlı baş verən olaylarda hər şey gün kimi aydındır. Hadisəni müxalifət partiyasına qarşı hakimiyyətin terror aktı kimi dəyərləndirən N.Səfərov vurğuladı ki, məqsəd AXCP-ni növbəti dəfə qərargahsız qoymaqdır: «AXCP-nin qərargahında nə qaz xətti olub, nə də qaz balonlarından istifadə olunub. Bu sadəcə olaraq bir təxribatdır. Bundan başqa binanın sabinə olan təzyiqlər, onun AXCP-ni binadan çıxarmayacağı təqdirdə mülkinin partladılacağı ilə bağlı deyilənlər də ümumi mənzərəyə aydınlıq gətirir».

N.Səfərov onu da bildirdi ki, bina sökməmişdən əvvəl baş verən partlayışla bağlı istintaq aparılmalı idi. N.Səfərov hesab edir ki, amma müvafiq addımlar atılmadan binanın dərhal sökülməsi bir daha hakimiyyətin AXCP-yə qarşı planlarının üstünü açır. Hüquqşünus da hesab edir ki, ortada olan digər faktlar, binanın sahtbinə qarşı təzyiqlər araşdırılmalıdır. «Bu qanunun tələbi olsa da, təəssüf ki, hakimiyyət bu məqamları nəzərə almır», deyə N.Səfərov vurğuladı.

Natiq Kərimov: «Hakimiyyət əgər AXCP-nin üzərinə bu cür hücumlar edirsə, deməli partiya düz yoldadır»

Nardaran Ağsaqalar Şurasının sədri Natiq Kərimov da bildirdi ki, binanı sahibinin açıqlaması və ortada olan müammalı partlayış baş verənlərin məqsədinə aydınlıq gətirir: «Hakimiyyət əgər AXCP-nin üzərinə bu cür hücumlar edirsə, deməli AXCP düz yoldadır. Hazırkı dövrdə siyasi rəqibə qarşı bu cür primitiv yollarla mübarizə aparmaq yolverilməzdir. Törədilən təxribat zamanı insan itkisi də ola bilərdi. Baş verən hadisə, reallaşdırılan plan Azərbaycan dövlətinə böyük ziyan gətirəcək. Bu metodlarla siyasi mübarizə aparmaq olmaz». 

Leyla Əliyeva: «Baş verənin arxasında hakimiyyət dayanmayıbsa, o zaman AXCP-yə yeni qərargah verilsin»

Politoloq Leyla Əliyevanın da qənaətincə, hakimiyyət AXCP-yə qarşı reallaşdırdığı hücumlarla bir daha ölkədə siyasi partiyaların fəaliyyətinin hansı formada məhdudlaşdırıldığını göstərir: «Bütün ölkədə şəxsi mülkiyyətə qarşı hörmətsizlik edilir. İnsanların əlindən şəxsi evləri alındığı kimi siyasi mühütdə də oxşar proseslər baş verir. Əgər hakimiyyət baş verən proseslərin arxasında dayanmayıbsa, o zaman AXCP-yə qərargah üçün yeni başaqa bir bina versin. Bu baş verməsə deməli hakimiyyət siyasi partiyalara qarşı təzyiq kampaniyası aparır»./azadlıq/


1449 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı