Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2014

Cəbhənin qərargahı

“Məscid” sözü ərəbcədən gəlmədir. Bizim dilə çevirəndə “səcdə”, “təzim olunan yer, vaxt” mənasına gəlir. Buradan belə fikir yaranır ki, məscidə dəyər verən, onu müqəddəsləşdirən insan əməlidir, konkret halda, Yaradana səcdədir.

Müqayisə qüsurlu görünsə də bu fikri qərargah barədə də işlətmək olar. Azərbaycan dilinin izahlı lüğətində qərargahın anlamı belə verilir:

1. Qərar tutulan yer, dincəlmək yeri; ev, məskən.

2. Qoşunları idarə edən orqan, ştab.

3. Ümumiyyətlə, bir işə rəhbərlik edən orqan.

Bunları, anladığınız kimi, AXCP-nin qəsb olunan qərargahına görə yazdım. Azərbaycan dilinin izahlı lüğətindən gətirdiyim iqtibası AXCP sədri Əli Kərimlinin qərargahla bağlı açıqlamasını əlavə etməklə tamamlayıram: “Cəbhənin gücü daş-divarda deyil”.

Bunları yazmaqda məqsədim heç də hökumətin törətdiyi sui-qəsdin rahat qəbul edilməsinə zəmin yaratmaq deyil. Baş verənlər dəhşətdir, çoxları hələ hadisənin miqyasını dərk etməkdə çətinlik çəkir. Sadəcə, bu suala aydınlıq gətirmək istəyirdim: “Qərargahsız qalan cəbhənin axırı necə olacaq? Mübarizə bitdimi?” Məncə, yuxarıdakı iqtibaslar qoyulan bu sualları tam cavablayır. Iş ondadır ki, Xalq Cəbhəsinin qərargahlı tarixi az qala, qərargahsız tarixinə bərabərdir. Uzun illərdir bu təşkilat qərargahsız ayaqda qalıb, nəinki mövcudluğunu qoruyub, əksinə, güclənərək müxalifətin avanqardına çevrilib. Ona görə ki, Xalq Cəbhəsi bürokratiyadan uzaq, kabinet tipli təşkilat deyil. Ölkə həyatı, siyasətlə bağlı qərarları vermək üçün bu təşkilat üçün xüsusi bir yerə ehtiyac yoxdur.

Qərarları vermək üçün həmişə yer tapmaq olur. Təki onları icra etməyə həvəs və istək olsun. Ona görə də Xalq Cəbhəsinin qəsb edilən qərargahında uzaqbaşı hakimiyyətin “pirr qələbəsi”ndən danışmaq olar. AXCP son ünvanda 7 il qərargahsız qalandan sonra yerləşmişdi. Hakimiyyət buna cəmi 6 ay tab gətirə bildi.

Bu arada, ofis icarəyə götürülən vaxt “hakimiyyət AXCP-yə ofis verib” fikrini dövriyyəyə buraxan siyasi sürtükləri xatırlamağın vaxtıdır. Onlara çox vaxt ayırmaq lazım deyil, sadəcə, tanıyın. O adamların sözləri sizin üçün etimad mənbəyi idisə, düşünün: onlara güvənmək olar, ya yox? Ən əsası, AXCP ofissizliyi özü üçün dərd saymır. Partiyanın heç vaxt hədəfi ofis əldə etmək olmayıb. AXCP üçün itirilmiş, zəbt olunmuş vətən, dövlət var. Onlar qala-qala ofis nədir ki? Heç nə. Bir az da tarixə varmaq lazımdı.

Əliyevlərin hakimiyyətdə olduğu vaxt AXCP-nin qərargahsız qoyulması ilk hadisə deyil. Lap siftədən onlar AXCP qərargahlarına qənim kəsiliblər. Əliyev hakimiyyətə gələrkən ölkənin demək olar bütün rayonlarında ofisi olan AXCP-nin (onların çoxu, hətta Sovet Azərbaycanı dövründə alınmışdı) hazırda bütün ölkə boyunca beş-on ofisi qala-qalmaya... Mərkəzdə isə vəziyyət lap dramatik olub. Hazırda Bakı şəhər prokurorluğu yerləşən bina 1994-cü ildə AXCP-nin idi. Orada hakimiyyət “Molotov kokteyli” “tapdı” və oranı qəsb etdi. AXCP “Xaqani 33"ə - ”Azadlıq" qəzetinin ofisinə daşındı. Buranı da 2006-cı ilin noyabrıda zəbt edib uçurdular. Sonra AXCP bir qədər ADP-nin ofisində fəaliyyətini davam etdirdi. ADP buna görə çətin sınaqlar qarşısında qaldı və Cəbhə oranı tərk etməyə məcbur oldu. Cəmi iki dəfə AXCP-nin Azərbaycan Liberal Partiyasının o zamankı ofisində məclis keçirməyi kifayət etdi ki, o partiyanı da yerləşdiyi binadan çıxarsınlar. Sonra partiya özünə metronun “Nizami” stansiyasının yaxınlığında qərargah aldı. Qərargaha köçməyə macal tapmadan hakimiyyət onun qapısını qandalladı. Bu gün də o qapı qanunsuz olaraq bağlı saxlanılır.

Növbəti mənzillərdən biri Sülh və Demokratiya Institutunun ofisi oldu. Həftədə bir dəfə Rəyasət Heyətinin orada iclas keçirməsi də çox çəkmədi. Oranı da hakimiyyət buldozerin ağzına verdi. Təbii, burada tək səbəb AXCP deyildi, hakimiyyət Leyla Yunusa (ofisin sahibi) bərk qəzəbliydi. Bunu da çoxlarınız bilir: 2011-ci ildə AXCP metronun “20 yanvar” stansiyasının yaxınlığında bir mənzil kirayələdi. Orada, ancaq məhdud toplantılar olurdu - həftədə bir dəfə Rəyasət Heyətinin iclasları. Bu da çox sürmədi. Ikinci ay ofisin yiyəsi müqavilədən imtina etdi. Səbəb isə ona olan hədələr idi. Gerisini uzatmağa dəyməz. Xülasəni isə belə etmək olar: Ey hökumət, qərargahları zəbt etmək heç nəyi dəyişmir, siz ya o qərar verən insanları yox etməlisiniz, ya da acı reallıqla barışmalısınız!/azadlıq/
1518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...