Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2014

“Çıxmasanız da deyir ki, qazınızı, suyunuzu, işığınızı kəsəcəyik"

Bayılda bina qəzalı olduğu əsas gətirilib sökülür, sakinləri etiraz edir Sevil Cahangirova: “Deyirlər çıxmasanız qazınızı, suyunuzu, işığınızı kəsəcəyik»

RATİ-də Səbail rayonu, Bayıl qəsəbəsi Mikayıl Hüseynov küçəsi 14 ünvanında yerləşən doqquz mərtəbəli bina sakinləri mətbuat konfransı keçirdilər. Sakinlərdən Akif Məmmədovun sözlərinə görə, bina 1975-ci ildən istifadəyə verilib. “Bakı İqtisadiyyat Universitetinin professoruyam, bu binadan iki otaqlı mənzil almışam. Bina məlumdur ki, yaxşı ərazidə yerləşir, qarşısında dəniz mənzərəsi, yeni bulvar... Perspektivli yerdir. Məsələ odur ki, bu binanı qəzalı hesab edirlər. Əslində isə bina qəzalı deyil. Sözlərimi əsaslandıra bilərəm - «Eurovision» yarışması keçirilməzdən öncə bu binaya baxış keçirilib, o zaman drel divara belə batmadı. Hərtərəfli yoxlamadan sonra komissiya rəy verib ki, bina yaşayış üçün tam yararlı vəziyyətdədir, hətta doqquzuncu mərtəbənin üstündən onuncu mərtəbəni də tikmək olar. Beləliklə, binanın üzərində ağır metal konstruksiyaları quraşdırmağa başladılar. İki ildir ki o metal konstruksiyalar binanın üzərindədir, bina buna hələ də tab gətirir. Bina cəmi 38 ildir ki, istismara verilib”.
Sakinlərin dediyinə görə, artıq onlara bildiriş göndərilib. “Birinci bildiriş Mənzil İstismar İdarəsindən, digərləri isə Səbail rayon İcra Hakimiyyəti tərəfindən göndərilib. Bizə heç bir sənəd bizə göstərilməyib. Sadəcə bir rəy var ki, binaya vizual baxış keçirilib və əyrilik var. Ancaq belə bir baxış düzgün deyil. Binanı içəridən də, mənzillərdən də girib yoxlamalıdırlar, sonra rəy bildirməli idilər ki, bina həqiqətən yararlıdır ya yararsızdır. Biz, sakinlər istəyirik ki, haqq-ədalət bərpa olunsun, binaya obyektiv baxış keçirilsin. Binada yaşayan sakinlərdən bir-iki nəfər bu baxışda iştirak etsin ki, obyektivliyə də əməl edilsin. Əgər komissiya həqiqətən qərar versə ki, bu bina qəzalı vəziyyətdədir, o zaman sivil ölkələrdə olduğu kimi qanun-qaydayla sakinləri münasib bir binaya, şəhərin mərkəzindən uzaq olmayan bir yerə köçürməlidirlər. Lazım deyil ki, bizi Nardarana, Xırdalana köçürsünlər. Birinci, biz köçmək fikrində deyilik. Bu bildirişlərin arxasında heç bir sənəd dayanmır. O sənədlər hamısı qondarmadır, ona görə də bu sənədləri bizə təqdim etmirlər. İkincisi, əgər onlara bina çox lazımdırsa, normal qiymət təklif etsinlər ki, biz sakinləri də dağa-daşa salmasınlar. İndi yaşadığımız kimi normal ev alıb orada yaşaya bilək”.
Binanın başqa sakinilərindən biri Arzu Babayeva isə bildirir ki, 4 il bundan əvvəl Bayılda binalara üzlük çəkiləndə nədənsə sözügedən binaya toxunan olmamışdı. «Eurovision»dan əvvəl hasara aldılar və müəyyən vaxt keçdikdən sonra bizə binanın yeni görünüşü olan eskizini göstərdilər. Biz də buna çox sevinmişdik. Sonra birdən birə bütün təmir işləri dayandırıldı. Məlum oldu ki, binamız qəza vəziyyətindədir. Məntiqlə fikirləşsək, metal konstruksiyalar da binanı qəza vəziyyətinə gətirib çıxara bilməz. Əgər bina dözümlü olmasaydı bu konstruksiyaların quraşdırılmasına yol verilməzdi. Ombudsmana, Prezidentə yazdıqlarımız da yenə qayıdır gəlir Səbail rayon İcra Hakimiyyətinə. Onlar da yenə gəlib deyirlər ki, evi tərk etməlisiniz”.
Sakinlərin dediyinə görə, artıq söküntü işləri də başlayıb. “İlk gündə 20 nəfərə yaxın polis gəldi və binada rast gəldikləri sakinlərə xəbərdarlıq etməyə başladılar ki, işçilərin işinə qarışmasınlar. Əks halda mane olanları şöbəyə aparacaqlar. Növbəti gün dama çıxıb maraqlanmaq istədik işçilər kimdir? Haradan gəliblər? Nə edirlər? Bəlkə elə bomba qoymağa gəliblər ora?! Çünki bizə bununla bağlı heç bir sənəd təqdim edilməyib. Bina sakinləri yaşaya-yaşaya söküntü işləri gedir. Dama qalxmaq istədikdə, dedilər ki, icazə yoxdur, yuxarı qalxa bilməzsiniz. Bir daha yuxarı qalxmağa cəhd göstərdikdə bir polis digərini çağırdı “qoymayın onları qalxmağa!” və işləri dayandırdılar. Bu hadisədən sonra bir şəxs gəldi. O da heç bir sənəd təqdim etmədi, geyiminə görə leytenant idi. Bizimlə çox kobud şəkildə danışdı. Hədə-qorxu gəldi ki, indi sizi həbs edəcəyik, polislərə də əmr etdi ki, hünəriniz çatır kimisə ora buraxın.” Arzu xanımın sözlərinə görə o, həmin şəxsə belə kobud rəftarına görə şikayət edəcəyini söyləyərək sənədini təqdim etməsini bir daha tələb edib. “Heç nə cavab vermədi, dama çıxıb, digər blokdan çıxıb getdi. Biz də belə cavabsız qaldıq”.
Təklif olunan kompensasiya məbləği hər kv.metrə görə 1500 AZN-dır. “Çıxmasanız da deyir ki, qazınızı, suyunuzu, işığınızı kəsəcəyik. Bizə hədə-qorxu gəlirlər” - deyə Sevil Cahangirova vurğuladı.
Problemlə bağlı sakinlər Azad İqtisadiyyata Yardım İctimai Birliyinə müraciət ediblər.
Təşkilatın hüquqşünası Emin Abbasovun sözlərinə görə, binanın sökülməsi ilə bağlı Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin aktı var. Bu akt 13 noyabr 2013-cü il tarixində tərtib edilib və bir gün sonra vətəndaşlara həmin ərazini tərk etmələri haqqında bildiriş gəlib. Bakı İcra Hakimiyyəti tərəfindən 20 noyabr 2013-cü il tarixli 469 saylı sərəncamı bu köçürülmə məsələlərini tənzimləyir. Bakı İcra Hakimiyyətinə sorğu göndərilsə də, çox təəssüf ki, bu sərəncamı hələ ki, əldə etmək mümkün olmayıb, həmçinin onu bina sakinlərinə də təqdim etməyiblər. Qanunvericiliyə əsasən yaşayış binası qəzalı vəziyyətdə olduğu təqdirdə onun yenidən bərpası mümkün olmaması məhkəmə qaydasında təsdiqlənməlidir. Burada həmçinin digər alternativlər də var”
Sakinlər köçürülmə işləri ilə bağlı 20 noyabr 2013-cü il tarixli, 469 saylı sərəncamının etibarsızlığı və o cümlədən bütün bu proseslərin qanuna uyğunluğu ilə bağlı binanın 72 mülkiyyətçisindən 32 nəfəri 1 saylı Bakı İnzibatı Məhkəməsinə müraciət ediblər. Xatırladaq ki, məhkəmənin hazırlıq iclası 13 mart 2014 tarixində saat 11.00-da 1 saylı Bakı İnzibatı Məhkəməsində keçiriləcək./bizimyol/
1265 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:41