Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2014

Hakimiyyətin biabırçı korrupsiya açıqlaması

Rəsmi qurumlara inansaq, ötən il cəmi 5 mln vəsait mənimsənilib

Zöhrab İsmayıl: «Ölkədəki korrupsiyanın miqyası 5 mln manatdan xeyli yüksəkdir. Sadəcə olaraq prokurorluq bu məsələlərlə məşğul ola bilmir»

Prokurorluq orqanlarının məktubları və məhkəmə qərarlarına əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda aparılan yoxlamalarla 5425,9 min manat mənimsəmə halları aşkar olunub və yoxlama materialları aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Modern.az bildirir ki, bu barədə Nazirlər Kabinetinin ötən ilin yekunları ilə bağlı hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda aparılan nəzarət tədbirləri nəticəsində aşkar olunan nöqsanların aradan qaldırılması, artıq ödənilmiş vəsaitlərin təqsirkar tərəfindən bərpa edilməsi və vəzifəli şəxslərin cəzalandırılması məqsədi ilə müvafiq rayon (şəhər) İcra hakimiyyətlərinin başçılarına və aidiyyəti təşkilatlara məktublar göndərilib.

Eyni zamanda təftiş və yoxlamalar nəticəsinmdə ciddi qanun pozuntularına, dövlət vəsaitinin israfçılığına yol verilməsi halları aşkar olunan təşkilatlar üzrə yoxlama materialları Respublika Baş Prokurorluğuna göndərilib. Aşkar olunan 3080,5 min manat artıq ödənişlərin 2666,1 min manatı büdcəyə bərpa edilib.

Aparılan nəzarət tədbirləri zamanı büdcə təşkilatlarında nöqsanlara yol vermiş 602 nəfər vəzifəli şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 291,6 min manat məbləğində cərimələr tətbiq edilib və dövlət büdcəsinə ödənilməsi təmin edilib.

5 mln manat kifayət qədər ciddi rəqəm olsa da, əslində hər il dövlət büdcəsindən mənimsəmələrlə bağlı daha böyük rəqəmlər ortalığa çıxarılır. Ekspertlərin hesablamaları bu göstəricinin yüz milyonlarla manat həcmində olduğunu göstərir. Dövlət qurumlarının həyata keçirdiyi çoxmilyonluq layihələrdəki korrupsiya faktlarına görə isə yüksək rütbəli məmurların cəzalandırılması halına rast gəlinməyib. Belə olan halda bir ildə cəmi 5 mln manatın mənimsənilməsi faktının ortalığa çıxarılması və buna görə 602 məmurun cərimələnmə ilə yaxasını qurtarması nə dərəcədə normaldır?

İqtisadçı-ekspert Zöhrab İsmayıl hesab edir ki, 5 mln manatın mənimsənimləsinə görə yanlız cərimə ilə kifayətlənmənin özü də normal hal deyil. Çünki dövlət vəsaiti mənimsənilirsə, bu halda cinayət işi açılmalı və həmin cinayət işinə uyğun olaraq vəsaiti mənimsəyən məmur cəzalanmalıdır: «5 mln manat kiçik rəqəm kimi görünsə də, mənimsədə iştirak edən məmurların sayı az deyil. Onların hamısı cəzasını almalı, həbs olunmalı idi. Ancaq bunun baş verməməsi onu göstərir ki, bu formal bir məsələdir. Mənimsənilən vəsaitin yarısı qaytarılıb, bəs qalanı hara getdi və buna görə kim məsuliyyət daşıyacaq?»

Ekspertin sözlərinə görə, ölkədəki korrupsiyanın miqyası 5 mln manatdan xeyli yüksəkdir. Sadəcə olaraq prokurorluq bu məsələlərlə məşğul ola bilmir. Hətta istəsə də, məşğul ola bilməz. Çünki ölkədəki ədliyyə, hüquq sistemi icra hakimiyyətindən asılı vəziyyətdədir. Həmin korrupsiya faktlarına görə də yalnız qapıda duranları, süpürgəçiləri cəzalandırırlar: «Prokurorluq yalnız hansısa xırda cinayət törətmiş kiçiki rütbəli məmuru cəzalandırmaq imkanındadır. bunu da statistika üçün edirlər. Yəni yüz nəfərdən birini xırda bir məsələnin üstündə cəzalandıraq, onu da cərimələyək. Hansı ki, əslində bu korrupsiya faktına görə daha ağır cəza tətbiq edilməlidir»./azadlıq/
1319 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı