Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2014

Ət alarkən diqqətli olun!

Qəssab Elşən Səfərov: “Yaşlı heyvanların əti bərk və keyfiyyətsiz olur”

«Satdığın əti elə doğrayıb verməlisən ki, müştəri narazı qalmasın.Baltanı elə vurmaq lazımdır ki, sümük ovulmasın”.

Ət və ət məhsulları qidalanmamızda mühüm yer tutur. Bu əhəmiyyətli qida maddəsinin gigiyenik qaydalara əməl edilərək xalqın istehlakına təqdim edilməsi lazımdır. Ət və ət məhsullarının təhlükəsiz bir şəkildə cəmiyyət tərəfindən istehlak edilməsinə nəzarət edilməsi də bu baxımdan çox mühüm əhəmiyyət kəsb edir. Gün keçdikcə əhali daha çox ət istehlak etdiyi üçün qəssab dükanlarının sayı da get-gedə artmaqdadır. Qəssablıqla məşğul olan şəxs heyvanı kəsib satarkən, müəyyən qaydalara riayət etməlidir.Çünki ətin keyfiyyəti və dadı heyvanın hansı şəkildə kəsilməsindən aslıdır. Elşən Səfərov Şirvan şəhərində halal və təmiz ət satması ilə tanınan qəssablardandır. Onunla elə iş başında, yəni ət satarkən söhbətləşdik. Elşən Səfərov “hər ət satandan qəssab olmaz” sözü ilə söhbətə başladı. Onun sözlərinə görə, hər bir qəssab sanitar-gigiyenik qaydalara əməl etməlidir: “15 ildir ki, qəssab işləyirəm. Kiçik və böyük baş heyvanları əsasən Sabirabad bazarlarından alıram. Heyvan alarkən onun yaşına, sağlamlığına, ətli olmasına diqqət edirəm. Birdə satdığın əti elə doğrayıb verməlisən ki, müştəri narazı qalmasın. Ətin doğranmasına diqqət verilməlidir. Belə ki, baltanı elə vurmaq lazımdır ki, sümük ovulmasın”.

Qəssab Elşən Səfərov xəstə heyvan ətinin insan orqanizmi üçün zərərli olduğunu dilə gətirdi: “Sağlam olmayan heyvanın əti insanda xəstəlik yaradır. Bunu yaşlı qəssablardan eşitmişəm. Təəssüf ki, bu gün küçə və bazarlarda müəyyən hallarda mənşəyi bilinməyən ət satışına rast gəlinir — at əti, eşşək əti və s. Ona görə də, hamı çalışır ki, tanıdığı qəssabdan ət alsın. Çalışırıq ki, yaşlı heyvan kəsməyək. Çünki həmin heyvanların əti bərk və keyfiyyətsiz olur. Bəzən bazarlarda camış əti də satırlar. Bunu hər adam müəyyənləşdirə bilmir. Camış əti ağ, qoca inək əti isə sarımtıl rəngdə olur. Biz hər gün səhər tezdən camaatın gözü qabağında heyvan kəsirik. İnsanlar bunu görür və bizə inanırlar. Ona görə kəsdiyim heyvanın əti bir günün içində satılır, sabaha qalmır”.
1357 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı